AZ

Xankəndidə ECO Zirvənin təşkili diplomatik mesajdır

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndidə – işğaldan azad edilmiş ərazidə keçirilməsi rəmzi və strateji əhəmiyyət daşıyır. Bu Zirvə görüşü Azərbaycanın dövlətçilik ideallarının, müstəqil və qətiyyətli siyasətinin həm region, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu nümayiş etdirir.

Bunu Modern.az-a Milli Məclisin deputaıtı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, Xankəndidə ECO Zirvəsinin təşkili həm diplomatik mesajdır, həm də postmünaqişə dövründə Qarabağın sürətli bərpasını reallığa çevirən siyasi iradənin təcəssümüdür:

"Prezident İlham Əliyevin çıxışında vurğuladığı məqamlar 30 il davam edən işgalın, yalnız lokal problem deyil, regional təhlükəsizlik və beynəlxalq hüquq kontekstində ciddi sınaq olduğunu xatırladır. 30 ilə yaxın müddətdə Ermənistanın 20%-ə yaxın Azərbaycan ərazisini işğal etməsi, bir milyondan artıq insanın öz yurd-yuvasından didərgin salınması, dini və mədəni irsin sistemli şəkildə məhv edilməsi bəzi beynəlxalq təşkilatların qərəzi, bəzilərinin susqunluğu, bəzilərinin isə çarəsizliyi ilə müşayiət olunurdu.

Məlum olduğu kimi Ermənistanın törətdiyi dağıntıların dəyəri 150 milyard ABŞ dollarından artıq qiymətləndirilir. Məscidlərin, qəbiristanlıqların təhqir olunması isə sadəcə mədəni vandalizm deyildi, həm də Azərbaycan xalqının ləyaqətinə açıq hücum idi. Prezident Əliyev bir daha xatırlatdı ki, Azərbaycan işğalla heç vaxt barışmamışdı və himayə olunan “cəsarəti” ilə rəsmi Bakının xəbərdarlıqlarını ciddiyə almayan Ermənistan nəticədə hərbi məğlubiyyətlə qarşı-qarşıya qalmalı oldu.

Şübhəsiz ki, Xankəndidə keçirilən ECO Zirvəsi, yalnız keçmişə deyil, daha çox gələcəyə baxış platformasıdır. İşğaldan azad edilən ərazilərdə "Böyük Qayıdış" proqramının icrası, 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin geri dönməsi, 50 mindən artıq insanın yenidən bu torpaqlarda həyat qurması Azərbaycanın postmünaqişə modelinin də uğur qazandığını sübuta yetirir.

Cənab Prezidentin nitqində diqqətçəkən mühüm məsələlərdən biri də onun Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının təmin edilməsinin zəruriliyinə dair bəyanatıdır. Ermənistanın Qərbi Azərbaycan icması ilə dialoqu rədd etməsi artıq təkcə ikitərəfli münasibətlərin problemi deyil, bölgədə uzunmüddətli sülh və etimadın formalaşması üçün maneə kimi qiymətləndirilir. Azərbaycan isə bu hüquqi və humanitar məsələnin sülh yolu ilə həll olunmasında israrlıdır."

Azər Kərimli bildirib ki, Azərbaycanın ECO daxilində fəallığı son illər daha da artıb. 2024-cü ildə Şuşada Nazirlər Şurası, Laçında üçtərəfli Zirvə, Ağdamda Gənclər Forumu və digər tədbirlərin təşkili Azərbaycanın bölgədə yeni inteqrasiya mərkəzinə çevrildiyini göstərir. COP29-un ECO məkanında ilk dəfə keçirilməsi isə birmənalı olaraq Azərbaycanın ekoloji diplomatiyada da öz çəkisini artırdığını təsdiqləyir:

"Digər tərəfdən, Xankəndidə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın müsbət sərmayə iqlimi və nəqliyyat marşrutları, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub marşrutları ECO ölkələrinin iqtisadi potensialını əlaqələndirən strateji alətlərdir. Şuşanın 2026-cı il üçün ECO-nun Turizm paytaxtı elan olunması isə Qarabağın həm iqtisadi, həm də mədəni inkişafının beynəlxalq səviyyədə tanınmasına xidmət edir.

Xankəndidə keçirilən Zirvə görüşü, istisnasız olaraq, Azərbaycanın müasir diplomatiyasının unikal mahiyyətini, qarşılıqlı faydalılıq üzərində qurulan fəlsəfəsini əyani şəkildə nümayiş etdirir. Azərbaycan etnik təmizləməyə, işğala və vandalizmə son qoymaqla regiona davamlı sülh gətirməklə yanaşı beynəlxalq əməkdaşlığı, iqtisadi inkişafı və humanitar ədaləti önə çəkir. Bu, yalnız Qarabağın deyil, bütövlükdə regionun yeni təhlükəsizlik və əməkdaşlıq gündəmini formalaşdıran strateji kursdur.

Azərbaycan həm tranzit, həm enerji təminatçısı, həm də multilateral platformalarda təşəbbüskar ölkə kimi öz liderlik mövqeyini möhkəmləndirir. Xankəndidə keçirilən ECO Zirvəsi isə Qarabağın dirçəliş tarixinin yeni səhifəsi və regionun geoiqtisadi mənzərəsini dəyişən hadisə kimi yadda qalacaq."

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
26
modern.az

10Mənbələr