BAKI, 4 iyul. TELEQRAF
"Prezident Rəcəb Tayyib Ərdoğanın Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısında iştirakı, iki qardaş ölkə arasında yeni iqtisadi əməkdaşlıq müstəvisində baş verdi. Türkiyə Xankəndidə keçirilən sammiti region üçün strateji əhəmiyyətli addım hesab edir".
Bunu Teleqraf-a Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
"ECO sammitində iqtisadi inteqrasiya, regional ticarət əlaqələrin inkişafı, qarşılıqlı ticarət əlaqələrinin artırılması, enerji strategiyasının daha geniş davamlı inkişaf məqsədləri müzakirə edilən əsas istiqamətlərdən biri oldu. Rəcəb Tayyib Ərdoğanın türk dövlətləri ilə əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin inkişafına dair fikir mübadiləsi aparması, sammit çərçivəsində ECO ölkələrinin liderləri ilə görüşməsi, dövlətlər arasında ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə, siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev ilə Xankəndidə baş tutan görüşündə də qeyd etdiyi kimi Türkiyə hər zaman və hər bir məsələdə Azərbaycanın yanındadır. Və Prezidentimizin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı regional əməkdaşlıq baxımından çox əhəmiyyətli oldu və bu səfər Azərbaycana verdiyi strateji önəmi bir daha təsdiqlədi",-deyə S.Karakılıç qeyd edib.
S. Karakılıç vurğulayıb ki, ECO sammitinin Xankəndidə keçirilməsi simvolik məna daşıyır və işğaldan azad edildikdən sonra ilk dəfə belə bir mötəbər sammitə ev sahibliyi edir.
"Bu isə qardaş ölkənin gücünün və inkişafının göstəricisidir"-deyə S.Karakılıç əlavə edib.