Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkəmizin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir.
Məlumdur ki, Xankəndə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvəsi keçirilib. İƏT sammiti zamanı bir sıra məsələlər müzakirə olunub. O cümlədən qeyd edilib ki, turizm sahəsi İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında ən mühüm və perspektivli əməkdaşlıq istiqamətlərindən biridir.
Vüqar Bayramov: “Sammit zamanı müzakirə edilən məsələlər, anlaşmalar, eyni zamanda, gələcək üçün müəyyən edilmiş hədəflər ondan xəbər verir ki, ECO üzvü ölkələrin turizm potensialı kifayət qədər böyükdür”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə əhalinin ümumi sayı 570 milyondan çoxdur. Eyni zamanda, bu ölkələr tarixi, mədəni, turizm və digər məhsulları təklif etmək üçün yüksək potensiala malikdir: “Gözlənilir ki, bu gün (dünən) keçirilən sammit (ECO) üzv ölkələr arasında turizm əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq. Bu da nəticə etibarı ilə həmin ölkələrin turizm sahəsində daha çox səfərlərin artmasına və bu sahədən gələcək gəlirin yüksəlməsinə səbəb olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sammit zamanı Xankəndidə müzakirə edilən məsələlər, anlaşmalar, eyni zamanda, gələcək üçün müəyyən edilmiş hədəflər ondan xəbər verir ki, ECO üzvü ölkələrin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan istifadə imkanları da genişdir: “İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci sammiti turizm potensialının daha yaxından istifadə edilməsinə şərait yaradacaq”.
Ceyhun Aşurov: “Belə tədbirlərin davamlı şəkildə təşkili və xüsusilə regionlarda yayılması turist axınının ilboyu davamlılığını təmin edir”
Turizm üzrə ekspert Ceyhun Aşurov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər bir uğurlu turizm ölkəsinin əsas məqsədlərindən biri turist axınının və istirahət fəaliyyətlərinin ilboyu, bütün təqvim dövrünə bərabər şəkildə paylanmasını təmin etməkdir: “Belə tədbirlərin davamlı şəkildə təşkili və xüsusilə regionlarda yayılması turist axınının ilboyu davamlılığını təmin edir”.
Günel CƏLİLOVA