Ölkəmiz Birləşmiş Ştatlarla dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət verir
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb
Azərbaycan dövlətinin yürütdüyü praqmatik, əməkdaşlığa istinad edən, xüsusilə, bərabərhüquqlu şəkildə qarşılıqlı maraqların qorunmasını özündə birləşdirən siyasət ölkəmizi qlobal dünyanın diqqət mərkəzinə gətirir. Bakı bölgədə formalaşan yeni reallıqlar əsasında yeni konfiqurasiya yaradır, yeni siyasi-iqtisadi nizamın formalaşmasına töhfə verir. Bu isə əməkdaşlıqda maraqlı olan dövlətlər üçün əlaqələrin daha da güclənməsi perspektivini ön plana çəkir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ABŞ-ın milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubu da dərinləşən əlaqələrin mühüm təsdiqidir.
Qeyd edilməlidir ki, Donald Trampın yenidən dövlət başçısı seçilməsi ilə ABŞ - Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub - son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bu mənada, xüsusi vurğulanmalıdır. Son 6 ayda Prezident Trampın Azərbaycan dövlət başçısına iki dəfə məktub yollaması da bu əlaqələrin inkişaf dinamikasından xəbər verir.
Fəal və səmərəli əməkdaşlıq...
Azərbaycan Prezidentinin təbrik məktubunda dövlətimizin Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyi bildirilir. Qeyd olunur ki, beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.
Vurğulayaq ki, nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan ABŞ-ın son dönəmlərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. ABŞ-ın Azərbaycanla son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri növbəti dəfə özünü təcəssüm etdirir - Vaşinqton ilə Bakı arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə ortaya qoyduğu səylər ABŞ tərəfindən də yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, ABŞ Prezidentinin 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda da Azərbaycan Respublikası ilə əlaqələr və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında ABŞ ilə tərəfdaşlıq yüksək qiymətləndirilirdi. Beləliklə, qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən işlər Prezident Tramp tərəfindən hər zaman müsbət qarşılanır.
ABŞ-ın davamlı dəstəyi...
Məktubda Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaş olması bildirilir. Vurğulanır ki, bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir: “Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk”.
Həqiqətən də Azərbaycanın yürütdüyü enerji siyasəti son 30 ildə nəinki regionun, daha böyük coğrafiyanın mənzərəsini və enerji xəritəsini dəyişib. Bakı-Tblisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətlləri kimi qlobal layihələrin ərsəyə gəlməsi, bu layihələrin daha geniş əməkdaşlıqlara meydan açması, yeni mərhələlər formalaşdırması göz önündədir - bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır, Şimal-Cənub, Şərq - Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır. Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Əlaqələr və əməkdaşlıq bundan sonra da hərtərəfli genişlənəcək
Bu əlaqələrin gələcək perspektivi də olduqca vacibdir - Azərbaycan ilə ABŞ arasında münasibətlərin daha da genişlənməsi və yeni mərhələyə qədəm qoyması bütün mənalarda bölgənin sabit inkişafı üçün oldaqca vacib amillərdəndir. Prezident İlham Əliyevin məktubunda o da qeyd edilir ki, bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır: “Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur. İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir”.
Bəli, müasir dövrdə ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir - rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir. Təsadüfi deyildi ki, Prezident Trampın Azərabycanın dövlət başçısına ünvanladığı son iki məktuda da eyni notlar yer alırdı - əlaqələri daha da gücləndirmək amili önə çəkilirdi. Bu isə onu deməyə əsas verir ki, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur.
Qeyd edilməlidir ki, Prezident Trampın birinci prezidentlik dövründə (2017-2021) ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib və tərəfdaşlıq əlaqələrini vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. Xüsusilə Respublika Günü (28 may), Müstəqillik Günü (18 oktyabr) və digər mühüm tarixlərdə məktublarında Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayıb. 2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.
Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bildirib. 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları dəstəklədiklərini bildiriblər.
44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövlüyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirib.
Pərviz SADAYOĞLU