AZ

Azərbaycanlı ziyalılardan Solovyova ağır cavablar

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Trend informasiya agentliyinə “Əyri güzgüdə” adlı məktub ünvanlayıb. Məktubda rusiyalı teleaparıcı Vladimir Solovyovun anti-Azərbaycan isteriyası ilə bağlı fikirlərini bölüşüb. Yazıçı Anar geniş yazısında Solovyovun mütəmadi yalan danışdığını bildirib.

Sitat: “Şəxsi qənaətim odur ki, bu adamın, əslində, rus xalqına dərin nifrəti var. Yoxsa o, qonşu, hətta uzaq ölkələri bütövlükdə məhv etmək, ya da ən pis ehtimalda işğal etmək kimi planlarla hədələməz, təhqir etməzdi. Bu cür davranışla isə o, həmin xalqları Rusiyaya qarşı potensial düşmənə çevirməyə çalışır - sanki onların mövcudluğuna təhdid kimi təqdim edir”.

AYB sədrinin sözlərinə görə, Solovyov elə bilir ki, atom Apokalipsisindən özü sağ çıxacaq, ya da ən pis halda da cənnətə düşəcək. Halbuki onun üçün artıq çoxdan cəhənnəmdəki VİP qazanda yer hazırlanıb. Onun fikrincə, Solovyov şəxsiyyəti “yəhudi-faşist” anlayışının nadir nümunəsidir: “Daim öz yəhudi mənsubiyyətini vurğulayan bu şəxs dünya elm və mədəniyyətinə dahilər bəxş etmiş müdrik yəhudi xalqının adına ləkədir”.

TƏRANƏ

Anar

Yazıçı Anar qeyd edib ki, Solovyovun Azərbaycan-Ermənistan münasibətləri, Qarabağla bağlı hadisələr barədə səsləndirdiyi təxribatçı bəyanatlara susmaq mümkün deyil: “Onun Azərbaycan haqqında söylədiyi düşmənçilik dolu fikirlər məni heyrətə gətirir. Solovyovun verilişlərində daim bir neçə erməni çıxış edir (onların içində normal təfəkkürlü rejissor Karen Şahnazarov da var) və Solovyov bu verilişlərdə daim ermənilərə sevgisini dilə gətirir. Vladimir Rudolfoviçi bir milləti sevdiyinə və ya onun oliqarxlarına rəğbət göstərdiyinə görə qınamaq olmaz. Amma sual budur: o, sevdiyini dediyi erməni xalqına da, rus xalqına da niyə ancaq şər arzulayır?”

Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərində olan son gərginliyə, ölkəmizə və həmvətənlərimizə hücumlara, təhdidlərə cəmiyyətin müxtəlif təbəqələrindən sərt reaksiyalar gəlməkdədir.

Ancaq tanınmış ziyalıların rəylərinə az rast gəlinir. Yazıçı Anardan başqa daha kimlər son hadisələrə münasibət bildirib?

Baba

Baba Vəziroğlu

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu “Yeni Müsavat”a qeyd edib ki, Rusiya imperiyası yüz illərdir bu istiqamətdə fəaliyyət göstərir: “Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır. Solovyov kimdir ki, ona cavab verir? Burada dövlət siyasəti gedir. Bütün rus xalqı guya ali irqdir? Bu, ancaq faşizmdir. Yəni öz xalqına ”ali irq" deyib, başqa xalqları onun kölgəsində görən bir toplum hansı keyfiyyətləri daşıyır? Bu, faşizmdir. Odur ki, Solovyov da sümük atılan tuladır. Sümüyü böyük atanda böyük-böyük danışır, bir qədər kiçik atanda, yavaş danışır. Sabah daha böyük sümük və ya xalis ət atsaq, Rusiyanın altını üstünə çevirərdi".

B.Vəziroğlunun sözlərinə görə, Rusiya telekanallarında danışanların heç biri rus kökənli deyil: “Ya ümumiyyətlə zatı bilinmir, ya da başqa xalqların nümayəndələridir. Onlar Rusiyada kök salmış və Rusiyanı sormaqla məşğul olan fırıldaqçı insanlardır. Xalis rusların hamısı dövlətinin siyasətinə qarşı danışır. Özüm iki il Moskvada oxumuşam. O dövrdə də görürdük ki, rus dövlətində imperiya hərisliyi var. Sən demə, o vaxt şükürlü imiş. Oxuyurduq, hara istəsəydik gedirdik. Amma təəssüf ki, indiki Moskva həmin Moskva deyil, nə də Rusiya həmin Rusiyadır. Rusiya bütövlükdə ərazi baxımından dünyanın ən böyük kriminal məkana çevrilib. Kimi də öldürürlər, qanı batır. Yəni hüququn işləmədiyi bir yerdir”.

Şair yada salıb ki, faşist Almaniyasında belə hansısa qayda-qanun, bir ideya var idi, amma Rusiyada qətiyyən yoxdur: “İmperiya hərisliyi başlarındadır, amma bunu həyata keçirmək üçün gücləri yoxdur. Təsəvvür edin, üç günə Ukraynanı alacaqlarını düşünürdülər, amma 3 ildən çoxdur ki, Ukraynanın heç bir kəndini ələ keçirə bilmirlər. Bütün dünya da onlara qarşıdır. Ruslar həm də ”çörəyi dizlərində olan" insanlardır. Axşam onlarla yeyib-içirdik, səhəri gün müəllimə, dekana bizdən şikayət edirdilər. Ona görə də indiki davranışlarına heç təəccüblənmirəm. Hətta bədbəxt ölkədir ki, 300 il Romanovlar onlara hakimlik edib, amma onlardan heç biri rus olmayıb. Eləcə də 70 illik Sovet dövründə rəhbərlərin heç biri rus olmayıb. Azərbaycan və Türkiyə boğulan Rusiyanın yeganə nəfəsliyidir ki, ona embarqo, sanksiya qoymayan ölkələrdir. Bu nəfəsliyi bağlayan ölkədən necə danışa bilərik?"

Rasim

Rasim Balayev

Xalq artisti Rasim Balayev isə “Yeni Müsavat”a açıqlamasında Rusiyanın Azərbaycana qarşı son davranışlarını sərt şəkildə tənqid edib. O, tarixi paralellər apararaq bildirib ki, bu münasibət yeni deyil və bir əsrdən çoxdur ki, təkrarlanır: “20-ci əsrin əvvəllərindən, xüsusilə 1905-ci ildən etibarən baş verən hadisələrdə həmişə rusların əli olub. Böyük dramaturqumuz Cəfər Cabbarlı da əsərlərində bunu açıq şəkildə göstərirdi. ”Atan kazaklardır" - yəni bizi həmişə ruslar vuruşdurub, bədbəxt edib. Onlar arada guya könlümüzü almağa çalışıblar, amma məqsədləri hər zaman bizi kölə kimi saxlamaq olub".

R.Balayev qeyd edib ki, bu gün Azərbaycanın sürətli inkişafı, xüsusilə Prezident İlham Əliyevə olan beynəlxalq etimad və hörmət bəzi qüvvələri narahat edir. “Azərbaycan kiçik bir ölkə olsa da, böyük dövlətlərin rəhbərləri Prezidentimiz haqqında yüksək fikirlər söyləyirlər. Biz Qarabağı azad etdik, inkişaf edirik. Bunu görən Rusiya artıq nə edəcəyini bilmir”, - deyə xalq artisti vurğulayıb.

Xalq artisti soydaşlarımıza qarşı Rusiyada baş verən zorakılıqları faşizmdən betər adlandırıb: “Rusiyada azərbaycanlılara qarşı vəhşiliklər, işgəncələr, alçaldıcı davranışlar müşahidə olunur. Bu, artıq faşizmin özünü də geridə qoyur. Bilməliyik ki, Rusiya heç vaxt bizim yaxşılığımızı istəməyib. Ona görə də Zəngəzur dəhlizinə nəzarət etmək istəyirlər. Bütün bunlar bir əsrdir ki, davam edən bəlalardır və qaynağı da Rusiyadır”.

R.Balayev eyni zamanda rus dilinə olan meyildən narahatlığını ifadə edib: “Təəssüf ki, bir çox ailələrdə rusca danışırlar. Biz müstəqil dövlətik, öz dilimizdə danışmalıyıq. Lazım gəlsə, rusla qarşılaşanda rusca danışarıq. Amma beş azərbaycanlının bir yerdə rus dilində danışması unutqanlığımızın göstəricisidir. Rus bizə bir dəfə gülümsəyəndə dərhal onu dost bilirik. Eləcə də ermənilər bizə qarşı bu cür davranırlar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
20
50
musavat.com

10Mənbələr