AZ

Çexiyada geniş miqyaslı elektrik kəsintisi baş verib

Çexiyada geniş miqyaslı elektrik kəsintisi baş verib

Çexiyanın paytaxtı Praqa başda olmaqla ölkənin böyük bir hissəsində elektrik kəsintisi baş verib.

Çexiya Baş naziri Petr Fiala sosial media hesabında verdiyi açıqlamada bəzi bölgələrdə yaşanan elektrik kəsintisinin səbəbinin araşdırıldığını bildirib.

Fiala bu problemi “ciddi vəziyyət” kimi qiymətləndirərək, məsələnin həlli üçün “Mərkəzi Böhran Qərargahı”nı toplantıya çağırdığını qeyd edib.

Radio Prague International-ın xəbərinə görə, başda Praqa olmaqla ölkənin böyük bir hissəsi işıqsız qalıb.

Praqada elektrik kəsintisinə görə tramvay və metro xətləri fəaliyyətini dayandırıb, işıqforlar sönüb və yüzlərlə insan liftlərdə köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürmə qrupları liftlərdə qalan şəxslərin xilas edilməsi üçün fasiləsiz çalışıb.

Elektrik kəsintisi xəstəxanalarda da problemlərə yol açıb.

Praqanın elektrik təchizatçısı olan PRE şirkətinin sözçüsü Karel Hanzelka bildirib ki, şəbəkədə nasazlıq baş verib və Praqaya xaricdən gələn elektrik axını dayanıb.

Sənaye və ticarət naziri Lukas Vlçek problemin qısa müddətdə aradan qaldırıla bilməyəcəyini deyib.

Çexiya Milli Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi Agentliyi isə kiberhücum iddialarına münasibət bildirərək, bu istiqamətdə hər hansı bir sübutun tapılmadığını açıqlayıb.

Baş nazir Fiala “Mərkəzi Böhran Qərargahı”nın toplantısından sonra X platformasında verdiyi açıqlamada ölkədə elektrik təchizatının böyük ölçüdə bərpa olunduğunu və dəmiryolu nəqliyyatının tədricən normallaşdığını bildirib.

Çexiya nəqliyyat naziri Martin Kupka da ölkənin dəmiryolu şəbəkəsinə enerji verilməsinin yenidən bərpa olunduğunu və hərəkətin yavaş-yavaş qaydaya düşdüyünü qeyd edib.

Elektrik kəsintisinin səbəbinin araşdırıldığı vurğulanıb.

Seçilən
8
50
afn.az

10Mənbələr