BAKI, 5 iyul. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib.
Teleqraf xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər iki ölkə ilə dərin diplomatik və strateji münasibətlərə malik olduğunu vurğulayaraq, tərəfləri təmkinli olmağa çağırış etdiyini qeyd edib.
“Gərginliyi yaxından izləyirik və həm Azərbaycana, həm də Rusiyaya təmkinli davranmağı tövsiyə edirik. Diplomatik gərginliyi yumşaldacaq açıqlamaların məsələnin daha asan və məqbul bir şəkildə həllinə kömək edəcəyinə inanırıq. İki ölkə arasında baş verən mənfi hadisələrin tez bir zamanda sona çatmasını arzulayıram”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri deyib ki, yaşanan hadisələrin öz məcrasında həll olunması mümkündür: "Məsələyə təmkinlə yanaşmaq lazımdır. Biz hər iki dostumuzun da bu problemi anlayışla və müdrikliklə həll edəcəyinə inanırıq".
“Əsas prioritetimiz- artıq kifayət qədər müharibə və qarşıdurmaya səhnə olmuş bölgənin çətinliklə əldə olunmuş sabitliyini pozacaq ani gərginlikdən yayınmaqdır. Türkiyə olaraq biz sakitliyin tərəfindəyik və inanırıq ki, diplomatik proseslər vasitəsilə bu məsələni həll edə biləcəyik",- deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan qeyd edib ki, bu mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş zamanı da müzakirə olunub: “İlham bəy bu məsələyə olduqca diqqətli və ehtiyatlı yanaşır. Hadisəni qızışdırmaq və təzyiq göstərmək niyyətində deyil. Onların bu vəziyyəti aradan qaldıracağına, İlham bəyin verdiyi açıqlamalardan anladım".