AZ

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatını yeni simada təqdim edə bildi - ekspert

Bakı, 5 iyul, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr inkişaf üçün zəruri olan bütün resurslara sahibdirlər. Azərbaycan, Türkiyə, İran, Pakistan, Mərkəzi Asiya ölkələri həm təbii ehtiyatları, həm insan resursları, həm də coğrafi mövqe baxımından böyük potensiala malik olmaqla, dünyanın ən qabaqcıl dövlətlərinə çevrilməyə layiqdirlər. Amma qlobal güc mərkəzləri tərəfindən istiqamətləndirilən proseslər, təhlükəsizliklə bağlı təhdidlər ECO üzvlərini təbii inkişaf yolundan yayındırır. İranın, Pakistanın son aylar ərzində üzləşdikləri hərbi təhdidlər bir daha sübut etdi ki, təhlükəsizliklə bağlı fəaliyyətlər iqtisadi layihələrdən geri qalmamalı, ən azı paralel şəkildə inkişaf etdirilməlidir. ECO-ya üzv dövlətlər təkcə iqtisadi müstəvidə deyil, təhlükəsizliklə bağlı məsələrində də fəaliyyətlərini koordinasiya etməlidirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib. Ekspert bildirib ki, Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü bu baxımdan çox əlamətdar oldu. Bu görüşdə təşkilata üzv ölkələrin iqtisadi layihələri ilə yanaşı, siyasi baxışları, təhlükəsizliklə bağlı proqramları da müzakirə edildi, zəruri təkliflər və mesajlar verildi. Azərbaycan özünün ciddi səyləri nəticəsində ECO-nu yeni bir simada təqdim edə bildi. Azərbaycan siyasi, ideoloji, mədəni baxımdan fərqli qütblərdə təmsil olunan dövlətləri bir araya gətirə bilməklə, öz əzəmətini, qüdrətini, nüfuzunu göstərdi. Məxsusi olaraq, İran Prezidenti Məsud Pezeşkianın Zirvə görüşündə iştirakını təmin etməklə, toplantıya yeni rəng qatdı. Aydın şəkildə göründü ki, Azərbaycan yerləşdiyi regionda söz sahibinə çevrilir, öz nüfuzu ilə fərqlənir.

"Azərbaycan ECO-ya daxil olan əksər ölkələrlə ikitərəfli iqtisadi əlaqələrə malikdir və bu əlaqələr hər iki tərəfə fayda gətirir. İndi isə vəziyyət bir qədər də dəyişib. Məsələ ondadır ki, ECO-ya üzv olan ölkələrin beynəlxalq iqtisadi proseslərə qoşulmaları, qlobal layihələrdə iştiraklarını artırmaları üçün Azərbaycanla daha sıx əməkdaşlıq etmələrinə zərurət yaranıb. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, logistik marşrutların mərkəzində yerləşməklə yanaşı, həm də bu marşrutları quran, yaradan açar dövlətlərdən biridir. Bu məqam ölkəmizə marağı daha da artırır",- deyə M. Ələsgərli vurğulayıb.

Onun sözlərinə görə, ECO-ya üzv dövlətlər dəhlizlərdən, logistik marşrutlardan istifadə etmək üçün Azərbaycanla əlaqələrin genişləndirilməsinə ehtiyac duyurlar.

Bu görüşün Xankəndi şəhərində keçirilməsi isə Azərbaycana əlavə dvidentlər qazandırdı. 5 il öncəyə qədər düşmən işğalı altında qalan, dağıdılan bir regionun işğaldan qurtarıldıqdan sonra qısa müddət ərzində bərpa olunduğunu, təkcə Azərbaycanın deyil, bütövlükdə regionun əlamətdar bir guşəsinə çevrildiyi nümayiş olundu. Dünya təkrarən Azərbaycanın qüdrətinin şahidi oldu.

Seçilən
3
34
azertag.az

10Mənbələr