Növbəti 33-cü Azərbaycan çempionatının başlamasına 40 gün qalıb.
12 illik fasilədən sonra Premyer Liqa 12 komanda formatda keçiriləcək.
İştirakçı sayının artırılmasıyla bağlı qərar açıqlananda insanlar papağını göyə atıb sevinirdi ki, bəs, futbolumuzun coğrafiyası genişlənəcək, elitada bölgə komandalarının sayı çoxalacaq, rəqabət artacaq və sair.
İşlər öz axarında getsəydi, Bakı birinciliyi ilə vidalaşıb, 8 bölgə təmsilçisindən ibarət çox maraqlı çempionat izləyə bilərdik. Lakin məlum hadisələr və baş verən proseslər acınacaqlı durumun yaranmasına səbəb olacaq.
Bu dəqiqə ən böyük problem komandaların öz “evindən” uzaq düşməsi, stadion problemi yaşamasıdır.
Beləliklə...
* ”Qarabağ” qarşıdakı mövsümdə də Bakını təmsil edəcək.
* “Araz-Naxçıvan” ardıcıl üçüncü il naxçıvanlı futbolsevərləri futbola həsrət qoyacaq.
* “İmişli” hansısa müddətdə rəqiblərini yad stadionda qəbul edəcək.
* Örtüyün dəyişdirilməsi səbəbi ilə “Turan Tovuz” ən yaxşı halda oktyabr ayına qədər Tovuza getməyəcək.
* Gəncə şəhər stadionu əsaslı təmirə baölandığı üçün “Kəpəz” azı noyabr ayına qədər doğma şəhərdə oynaya bilməyəcək.
* “Karvan”ın ev oyunlarını keçirdiyi Yevlax şəhər stadionundakı problemlərin avqusta qədər aradan qaldırılması ciddi şübhə altındadır.
İndi mən susum, siz deyin. Belə çempionat kimə lazımdır?
Bölgə təmsilçisi adı altında yollarda qalan komandaların elitada mübarizə aparmasının mənası nədir?
Ölkənin əsas liqası bu gündədirsə, gör başqa liqaları, uşaq futbolu, ümumiyyətlə, futbolun özü nə haldadır.
Premyer Liqanın startına sayılı günlər qalmış stadion mövzusunda bir həngamə qopacaq ki, gəl görəsən.
Allah ölənlərinizə rəhmət eləsin, Rövnəq Abdullayev&Elxan Məmmədov.
HƏBİB / SPORTİNFO.AZ