AZ

“Ən azı noyabra qədər sağlam və qərəzsiz tənqidlər edin” - Montella Türkiyə vətəndaşlığını qəbul etməyə hazırdı

Türkiyə Futbol Federasiyası yığmanın baş məşqçisi Vinçentso Montella ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, federasiya bununla bağlı qərarını açıqlayıb və qurumun Rivada yerləşən mərkəzində imza mərasimi keçirilib. 2023-cü ildən “ay-ulduzlular”ın başında yer alan italiyalı mütəxəssisin 2026-cı ildə başa çatmalı olan müqaviləsi 2028-ə qədər yenilənib.

Türkiyənin indiyə qədər bu məşqçi ilə 23 oyundan 12 qələbə, 4 heç-heçə, 7 məğlubiyyətlə ayrıldığını bildirək. Yeri gəlmişkən, Montella Türkiyə yığması tarixində müqaviləsi yenilənən ilk əcnəbi mütəxəssisdi! 51 yaşlı məşqçinin imza mərasimində dediyi sözlərlə tanış olaq.

* Yeni müqaviləyə imza atdığıma görə çox sevindim və duyğulandım. Bu işə atamın ad günündə - sentyabrın 21-də başlamışam. Göründüyü kimi, işbirliyidavam edir. Prezidentə və idarə heyətinə mənə etimad göstərdiklərinə görə təşəkkür edirəm. Başqanla xarakterimizin nə dərəcədə üst-üstə düşdüyünü bir daha gördüm. O da pərdə arxasında çox çalışır. İbrahim Hacıosmanoğlu artıq yaxın dostlarımdan biridi. Eyni şəkildə düşünürük. Ətrafında sənə inanan pozitiv insanlar varsa, işləmək daha asan olur.

* Futbolçulara da təşəkkür edirəm. Gəldiyim gündən bəri komandada ailə ab-havasının yaranmasında onların böyük əməyi var. Hər oyunda meydanda ürəklərini qoydular və bizi qürurlandırdılar. Birlikdə bir çox ilkə imza atdıq. Eləcə də köməkçilərimə və TFF-nin bütün işçilərinə minnətdaram. Hər kəs fədakarlıqlar edir. “Eyüpspor”un başına keçən köməkçim Səlcuk Şahinə uğurlar arzulayıram. Bizə böyük faydası dəydi. Onun yerinə mənə bir çox isim təklif olunub. Ancaq federasiya bu məsələdə tam müstəqil şəkildə seçim imkanını mənə verib. Mən də ən yaxşı qərarı verməyə çalışacam.

* Türkiyəli fanatlara da xüsusi təşəkkür düşür. Çünki bizə dünyanın hər yerində dəstək verirlər. Hətta AÇ-2024-ün 1/4 finalında Niderlanda uduzandan sonra da bizi bağırlarına basdılar. Bunu heç vaxt unutmayacam. Çünki futbolda qələbədən sonra birləşmək, uğuru qeyd etmək asandı. Amma bir komandanın məğlubiyyətdən sonra da dəstəklənilməsi həmişə baş vermir. Onlar bizi irəli aparan ən böyük qüvvədi. Onlar bizi dəstəkləməkdə, biz də onlar üçün mübarizə aparmaqda davam edəcəyik.

* Bu vəzifədə hələ ikinci ilimi tamamlamamışam. Mənə verilən məlumata görə, indiyə qədər köməkçilərimlə birlikdə 689 oyunu stadionda izləyərək qeydlər aparmışıq. Məhz bunun sayəsində bir çox ilklərə imza atmaq mümkün olub. 16 ildən sonra AÇ-də pley-offa yüksəldik. 72 ildən sonra səfərdə Almaniyanı məğlub etdik. Hər kəs əlindən gələni etdiyi üçün və bizə belə imkanlar yaradıldığı üçün bu nəticələr əldə olunub.

* Artıq bütün diqqətimizi gələnilki dünya çempionatına yönəltmişik. Seçmə mərhələdə ən çətin qruplardan birinə düşmüşük. Ona görə də hər qarşılaşmada maksimum performans sərgiləməliyik. İspaniyanın necə önəmli komanda olduğunu onsuz da hər kəs bilir. Gürcüstan sürətlə inkişaf edən komandadı. Son AÇ-nin qrupunda Portuqaliyanı məğub etdiklərini unutmayaq. Elə Bolqarıstan da inkişafdadı. Onların da hədəfləri var. Belə bir qrupda hədəfə çatmaq üçün çox çalışmalıyıq.

* Az öncə başqanımızın da gündəmə gətirdiyi tənqid məsələsinə də toxunmaq istəyirəm. Əslində mən özüm tənqidin təsiri altına düşənlərdən deyiləm. Amma sizdən futbolçulara görə bir xahişim var. Ən azı noyabra qədər sağlam və qərəzsiz tənqidlər edin. Gəlin, komandadakı bu pozitiv enerjini pozmayaq. İndi dəstək zamanıdı. Bu komandanın 23 ildi dünya çempionatına qatıla bilməməsi məni həqiqətən üzür. Bu vəzifəyə gəldiyim gündən bəri “necə olur ki, Türkiyə kimi komanda bu qədər uzun müddətdi DÇ-yə vəsiqə qazana bilmir” sualına cavab axtarıram. Ona görə də indi əl-ələ vermək, birləşmək zamanıdı. Qarşıya qoyulan hədəfə yalnız bu cür çata bilərik.

* Bura gəldiyim gündən bəri Türkiyə futbolunda nələr dəyişib? Mənim düşüncəm belədi ki, Türkiyə futbolu çox önəmli istedadlara sahibdi. Amma bəzən onların xidmətindən düzgün şəkildə yararlanılmır. Keçmiş illərdə yaşananları bütün detallarına qədər bilmirəm. Amma son 4 ilə baxanda həm fiziki cəhətdən, həm fərdi istedad baxımından önəmli futbolçuların olduğunu söyləyə bilərəm. Göz önündə inkişaf edirlər. Sadəcə, bəzən onlara qarşı çox səbirsizlik nümayiş etdirilir. Xüsusilə mətbuat belə məsələlərdə diqqətli olmalıdı. Amma futbolçularımızın inkişafa meyilli olması məni sevindirir.

* Arda Gülər hələ ötən mövsümün son aylarından etibarən, yəni Ançelottinin dönəminin sonlarında daha çox oynamağa başlamışdı. Əslində Ançelotti də bəzən onu meydanın dərinliyində oynadırdı. Yaxşı futbolçu fərqli mövqelərdə oynamağı bacarmalıdı. Burda Ardanın mərkəzdə oynamaq istedadı ilə yanaşı, məşqçisinin ideyaları da önəmlidi. Məşqçi, təbii ki, əlinin altındakı hər futbolçudan maksimum performans almağa çalışır. Hər məşqçinin öz oyun tərzi var. Ona görə də Ardanın istedadına yaxından bələd olan biri kimi onun həmin mövqedə inamlı təsir bağışlayacağını əminliklə söyləyə bilərəm.

* Hakan Çalhanoğlunun Türkiyəyə gəlmək ehtimalı haqda nə düşünürəm? ÇL-in finallarındakı məğlubiyyətlərə baxmayaraq, Hakan üçün son 2-3 ilin çox uğurlu keçdiyini düşünürəm. Onun Türkiyə yığmasına olan bağlılığı heç vaxt mənim üçün müzakirə mövzusu olmayıb. Yığma komandaya qəlbən bağlıdı və hər gəlişində də bunu göstərir. Gələcəyi ilə bağlı özünə necə yaxşıdısa, elə də qərar verəcək. Onun verəcəyi qərara mən qarışa bilmərəm. Mənim üçün əsas odu ki, futbolçum öz klubunda xoşbəxt olsun və daimi oyun praktikası qazansın.

* Türkiyə yığmasının başında müqaviləsi yenilənən ilk əcnəbi baş məşqçi olduğumu bu gün öyrəndim. Bu, məni çox sevindirdi. Bu məqam mənim türk qanına sahib olduğumu göstərir. Təbii ki, fürsət yaransa, Türkiyə vətəndaşlığını qəbul etmək istəyərəm. Bilirəm ki, türk dilində hələ çox söz öyrənməliyəm. Amma bəzi kəlmələri artıq anlayıram. Ona görə də yanımda türcə danışarkən diqqətli olun (gülür).

* “Roma”dan aldığım təklif? Bəli, bir neçə təklif olmuşdu. Amma “Roma”nı nəzərdə tutmuram. İstənilən halda bu təkliflər mənim marağıma səbəb olmadı. Çünki çalışdırdığın komanda düzgün yolda irəliləyirsə və sən orda xoşbəxtsənsə, başqa təkliflər səni qətiyyən maraqlandırmayacaq. Ona görə də mən xoşbəxt olduğum yerdə işimi davam etdirmək qərarına gəldim. Keçmişdə bu mövzularda müəyyən səhvlərim olmuşdu. Amma bu, daha çox təcrübəsizlikdən qaynaqlanırdı. Artıq bu məsələlərdə yetərincə təcrübəliyəm.

Seçilən
20
50
football-plus.az

10Mənbələr