Məktəbdənkənar təhsil müəssisələrinin idarəedilməsində effektivliyin və tədris prosesinin təşkilində səmərəliliyin artırılması, maddi-texniki bazanın yaxşılaşdırılması, müəssisələrin fəaliyyət istiqamətlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması aparılıb.
Nazirlikdən Day.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 325 məktəbdənkənar təhsil müəssisəsinin bazasında yaradılan 143 müəssisədə uşaq və gənclərin maraq dairəsi daha geniş əhatə olunmaqla idman və yaradıcılıq sahələrinin müxtəlif istiqamətləri üzrə ixtisaslaşma təmin edilib.
Beləliklə, hazırda ölkə üzrə (Naxçıvan Muxtar Respublikası da daxil olmaqla) 179 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Qeyd edilib ki, məktəbdənkənar təhsil müəssisələrinə tələbat artdıqda və mövcud müəssisələr bu tələbatı təmin edə bilmədiyi təqdirdə, bu müəssisələrin sayının artırılması məsələsinə baxıla bilər.