AZ

Rektorlar niyə OYNAYIR...

Son illər universitet məzun günləri bir başqa cür keçir. Fərqlilik axtarışı, sosial mediada görünürlük arzusu, şouya çevrilmiş təhsil mərasimi. Ən çox da diqqət çəkən rektorların rəqsi. Biri oynayır, digəri də oynayır. Sanki yarışa çıxıblar. Sanki bir universitetin rektoru oynayanda, digərləri də məcburən rəqs meydanına çağırılır.

 

Məzun günündə oynamaq, doğru, ya yox?

 

Əvvəla, qeyd etmək lazımdır ki, məzun günü hər bir gəncin həyatında xüsusi gündür. Uzun illər oxuduğu, çətinliklərlə mübarizə apardığı təhsil yolunun son dayanacağı. Əgər bu gündə müəllim də, rektor da sevincə ortaq olub, tələbələrlə birlikdə emosiyalarını bölüşürsə bu gözəl haldır. Tələbə bu günün ruhunu hiss edir, müəllimini daha da yaxın görür.

 

Amma məsələ bundadır ki, bu rəqslər çox zaman səmimiyyət deyil, imitasiya təsiri bağışlayır. Sosial mediada viral olmaq üçün, bəzən də tənqidlərin qabağını almaq üçün təşkil olunur. Təhsil yox, şou ön plandadır.

 

Biri oynayanda hamısı oynayır, biri ağlayanda hamısı…

 

Bu bir paradoksdur. Sistemdə azad qərar vermək, fərqli olmaq üçün mühit yoxdursa, o zaman davranışlar da eyniləşir. Bir rektor oynayanda digəri də “oynamasam tənqid olunar” deyə düşünür. Fərdiyyət yox, kütlə psixologiyası hökm sürür.

 

Məzun mərasimi sevinc günüdür, bəli. Amma universitetin siması olan rektorun yaddaşlarda rəqslə qalması bir qədər qəmli mənzərədir. O, daha çox elm və biliklə, təhsil islahatları ilə, beynəlxalq müvəffəqiyyətlərlə tanınmalıdır. Əgər yalnız oynadığı videolarla gündəmdədirsə, burada bir durub düşünməyə dəyər.

 

Gün o gün olsun ki, rektorlarımız rəqs etdikdə, dünya onları elmi məqalələrinə görə tanısın, Nobelə namizəd tələbələrinə görə, beynəlxalq reytinqlərdə yerinə görə qəbul etsin. Gün o gün olsun ki, tələbələr diplomlarını alan kimi xarici ölkələrə getmək yox, ölkəsində qalmaq, universitetində işləmək istəsin.

 

Rektor oynayanda, təhsil də oynayırmı?

 

Əsas məsələ budur. Rektorun oynamağı özü deyil, təhsilin hansı vəziyyətdə olduğu bu davranışı necə qarşıladığımızı müəyyən edir. Əgər universitet dünyada ilk 1000-likdədirsə, məzunları iş tapa bilirsə, tədqiqatlar beynəlxalq jurnallarda çap olunursa, rektorun rəqsi sevinc gətirir.

 

Yox əgər tələbələr hələ də repetitorla imtahan keçirsə, müəllimlər mühazirəni PDF-dən oxuyursa, tələbələr yalnız diplom üçün oxuyursa, o zaman rektorun oynamağı təkcə oynamaq deyil, ciddiliyini itirməsidir.

 

Rektorların oynaması təkcə jest deyil. Bu, cəmiyyətə verilən mesajdır. Ya “baxın, biz şənik” deyirlər, ya da “biz şounun içindəyik”. Amma biz o günü gözləyirik ki, rektorlar oynayanda içimiz rahat olsun – çünki bilək ki, təhsilimiz də yerindədir, universitetimiz də dünyada tanınır.

Elnur Əmirov

Seçilən
3
50
modern.az

10Mənbələr