AZ

İranın uranı, İsrailin planı, Trampın sülh imtahanı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaxın Şərqin qaranlıq səhnəsində atom zərrəcikləri səssizcə titrəyir. İran uran zənginləşdirir, ABŞ və İsrail planlar qurur, addımlar atır, amma bu oyunun sonunda sülhün, yoxsa barıt qoxusunun daha əbədi olacağını gələcək göstərəcək. Bir sözlə, ABŞ və İsrailin İranla 12 günlük hərbi toqquşmasından sonra Yaxın Şərq yenidən qaynayır, bölgədə sükut deyil, dərin bir gərginlik hökm sürür.

Vaşinqton və Təl-Əviv İranın nüvə infrastrukturuna ciddi zərbələr endirildiyini, nəticədə Tehranın nüvə silahı əldə etməsinin uzun müddətə dayandırıldığını bəyan etdilər. Lakin İran rəhbərliyi bu iddiaları təkzib edərək, əksinə, uranın daha yüksək səviyyədə zənginləşdirilməsinə davam edildiyini açıqladı. Son olaraq ABŞ kəşfiyyatı da İranın uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılmadığını təsdiqlədi.

Bu situasiya həm də bir sualı gündəmə gətirir: İran nüvə silahı əldə etmək yolunda real addımlar atırsa, regionda domino effekti qaçılmazdır? Yəni körfəz ölkələri də təhlükəsizlik balansı pozulmasın deyə öz nüvə proqramlarını başlatmaq ehtiyacı hiss edə bilərlər?

Digər tərəfdən, Vyana danışıqları (Avstriyanın paytaxtı Vyanada İran və Rusiya, ABŞ, Britaniya, Fransa, Çin və Almaniya arasında İranın nüvə proqramına dair danışıqlar) uzun müddətdir ki, dalana dirənib, həmçinin Omanda başlayan danışıqlar da müharibədən sonra passivləşib. Son hadisələrdən sonra diplomatiya yerini hərbi ritorikaya verib. Bəs belə olan halda, proseslərin nəticəsi necə olacaq? Çünki İran rəhbərliyi anlayır ki, nüvə silahı təkcə hərbi güc deyil, həm də siyasi alver vasitəsidir. Amma bu riskli oyunun qarşı tərəfində İsrailin "qırmızı xətti"nin çoxdan keçildiyini səsləndirməsi gələcəkdə yeni, daha dağıdıcı toqquşmanın xəbərçisi sayılır. Nəticədə ya yeni bir razılaşma, ya da daha genişmiqyaslı müharibə gündəmə gəlir.

Yeni ABŞ-İsrail-İran müharibəsi ehtimalı realdır?

Təbii ki, İran uranı zənginləşdirməyə davam edərsə və bu fəaliyyət nüvə silahı əldə etməyə yaxınlaşarsa, münaqişə ehtimalının yerini reallıq tutacaq. İranın zənginləşdirdiyi uranın səviyyəsi artdıqca texniki baxımdan nüvə silahı istehsalına çox yaxındır. İsrail İranın nüvə silahı əldə etməsini milli təhlükəsizliyinə ən böyük təhdid kimi görür. İsrail açıq şəkildə bəyan edib ki, heç bir dəstək və icazə olmasa belə, təkbaşına da İrana hərbi müdaxilə edəcək. Son hücumlarda bu iddia bir növ özünü sübuta yetirdi. ABŞ də İranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verməyəcəyini dəfələrlə bildirib. Hazırda İranın uranı zənginləşdirməyə davam etməsi Vaşinqtonun da narahatlığını artırıb.

Bütün bunların fonunda İran və ABŞ yenidən nüvə danışıqlarına qayıtsalar, hər hansı mümkün razılaşma, güzəştlərlə müharibəni arxa plana atmaq olar. Amma tərəflər bir-birinə öz şərtlərini diktə etsələr, bu, gərginliyi aktiv fazada saxlamağa davam edəcək. Nəticədə diplomatik yollar tükənərsə, İsrailin birbaşa hərbi müdaxiləsi başlaya bilər. ABŞ bu zaman ya dəstək verəcək, ya da İsrailə yaşıl işıq yandıracaq. Bu halda İran da cavab verəcək ki, nəticədə müharibə təkcə İsrail-İran arasında yox, bölgəni və enerji bazarlarını əhatə edən regional savaşa çevrilə bilər.

12 günlük müharibə nəticə vermədi?

Prinsip etibarilə son ABŞ-İsrail-İran müharibəsi nəticə vermədi. ABŞ-İsrailə görə, qarşıdurma gələcək müharibə və ya danışıqlar üçün öncədən xəbərdarlıq və yoxlama ssenarisi rolunu oynadı. İran da öz növbəsində hücum olsa belə, rejimin dağılmaması və əsas infrastrukturların qorunması ilə bu müdaxilədən nüvə silahına doğru irəliləməyi legitimləşdirmək üçün bəhanə kimi istifadə etdi. Nəticədə nə ABŞ və İsrail İranı dayandıra bildi, nə İran onları çəkindirə. Müharibənin nəticəsi nə tam qələbə, nə də tam məğlubiyyət oldu, amma qarşıdakı toqquşmalar üçün zəmin yaradıldı. Bu "məşq" göstərdi ki, növbəti münaqişə daha geniş və daha dağıdıcı ola bilər.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
50
oxu.az

10Mənbələr