AZ

Türkiyə Prezidenti: Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşünün işğaldan azad edilmiş Xankəndi şəhərində keçirilməsi, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın müzakirə zalında olması bu mötəbər tədbiri Türkiyə üçün xüsusi əlamətdar hadisəyə çevirdi.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən ECO-nun 17-ci Zirvə görüşündə onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.

O xatırladıb ki, Türkiyə ümumi sahəsi 8 milyon kvadrat kilometr və əhalisi yarım milyarddan çox olan ölkələri özündə birləşdirən ECO regional platformasının qurucularından biridir.

“İştirakçı ölkələrin geosiyasi mövqeyi nöqteyi-nəzərindən görə İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası əməkdaşlığın dərinləşməsinə töhfə baxımından xüsusi əhəmiyyət kəsb edir. ECO ölkələri ortaq dəyərləri bölüşür və onların arasında dialoq tarixi qardaşlığa əsaslanır. Biz iqtisadiyyat və ticarətdə səmərəli tərəfdaşlığı hədəfləyirik. Bu barədə konsensus var", -deyə Türkiyə lideri əmin edib.

Türkiyə Prezidenti mayın 28-də - Müstəqillik Günündə də Azərbaycanda səfərdə olduğunu xatırladıb: “Biz Laçında olduq, orada qardaşım İlham Əliyevlə birlikdə hava limanının açılışını etdik”, -deyə dövlət başçısı qeyd edib.

"Bu dəfə Xankəndidə sülh, sabitlik və inkişafı dəstəkləyən bəyanatlar səsləndi. Biz Azərbaycanla həmrəy olduğumuzu bir daha nümayiş etdirdik. Ümid edirəm ki, budəfəki səfər ECO ölkələri ilə əlaqələrin və qardaşlığın möhkəmlənməsinə töhfə verəcək", -deyən Rəcəb Tayyib Ərdoğan, həmçinin qəbul edilmiş qərarların uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

O, Türkiyənin dost ölkələrin tam arxalana biləcəyi bir dövlət olduğunu vurğulayıb.

Azərbaycanla münasibətlər mövzusuna qayıdan Türkiyə Prezidenti qeyd edib ki, Ankara ilə Bakı arasında dialoq xüsusi xarakter daşıyır.

O qeyd edib: “Türkiyə və Azərbaycan sadəcə dost dövlətlər deyil, qardaşlıq telləri ilə bir-birinə bağlı ölkələrdir. "Bir millət, iki dövlət" kəlamının konkret əməllərə əsaslanan dərin mənası var. Bizim birliyimiz tarixin sınağından çıxıb".

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara bu bölgədəki prosesləri də düşünməyə bilməz. “Cənubi Qafqazda sülh və sabitlikdən bütün tərəflər faydalanacaq”, - deyən siyasətçi Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin diplomatik çərçivəsinin artıq razılaşdırıldığını qeyd edib. “2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən danışıqlardan sonra sülh sazişinin yekun mətni razılaşdırılıb. Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxıb, indi isə daha çevik mövqe nümayiş etdirir, iqtisadi inteqrasiyada iştirak etmək istəyir. Regionda inkişaf təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün bir fürsətdir", -deyə o vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Zəngəzur dəhlizinin əhəmiyyəti getdikcə artacaq və bütün region üçün yeni perspektivlər açacaq.

Türkiyə Prezidenti Zəngəzur dəhlizini “geosiyasi və geoiqtisadi inqilabın bir hissəsi” adlandırıb. O əlavə edib: “Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün də strateji hadisə olacaq. Bu marşrutdan istifadə etməklə Türkiyə malları Mərkəzi Asiya ölkələrinə və Çinə daha tez bir müddətdə çatdırılacaq”.

Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin təkcə avtomobil yolu ilə deyil, dəmir yolu ilə də yük axınını artıracağına diqqət çəkib.

Türkiyə liderinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması həm Qars-İğdır-Naxçıvan dəmir yolu xətti üçün stimul olacaq, həm də Azərbaycanın Qarabağ bölgəsinə investisiyaların artırılmasına imkan verəcək.

O vurğulayıb: “Dünya dəyişir, bu şərait yeni addımların atılmasını tələb edir. Zamanla ayaqlaşmaq və potensialdan istifadə etmək vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişi regionda bütün “iqlimi” dəyişəcək və yeni imkanlar pəncərələri açacaq. Bu, münaqişələr və müharibələr səbəbindən uzun müddət istifadə olunmayan nadir faydalı qarşılıqlı fəaliyyət modelinin formalaşması üçün stimul yaradacaq”.

Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqda qanunsuz hərəkətləri nəticəsində yaranan gərginliyə gəlincə, Türkiyə Prezidenti qeyd edib ki, Ankara həm Azərbaycan, həm də Rusiya ilə diplomatik və strateji əlaqələrə malikdir: “Biz gərginliyi diqqətlə izləyirik və hər iki tərəfi təmkinli olmağa çağırırıq. İnanırıq ki, diplomatik gərginliyi azaldacaq bəyanatlar vasitəsilə ağlabatan həll yolu tapıla bilər”.

Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, Moskva ilə Bakı arasında münasibətlərdəki mənfi proseslər tezliklə keçmişdə qalacaq. “Ən böyük arzumuz odur ki, bu hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə çox ciddi zərər vurmasın. Yerli hadisələr və onların nəticələri məqbul həddən kənara çıxmamalıdır. Təmkinli olmaq vacibdir. Əminəm ki, iki dost ölkə bu problemi həll edə biləcək”, -deyə o vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan əmin edib ki, Ankara bu məsələnin həllinə dəstək vermək üçün konstruktiv addımlarını davam etdirir. O əlavə edib: “Bizim prioritetimiz artıq kifayət qədər müharibə və münaqişələr yaşamış regionda gərginliyin və sabitliyin pozulması istiqamətində kəskin sıçrayışlarının qarşısını almaqdır”.

Türkiyə lideri vəziyyətin diplomatik yolla həllinə əmin olduğunu bir daha bildirib. “Prezident İlham Əliyevlə görüşdə də bu məsələ müzakirə olunub. İlham Əliyev çox ehtiyatlı və diqqətli addımlar atır, eskalasiyanın əleyhinədir”, -deyə Rəcəb Tayyib Ərdoğan sözlərini yekunlaşdırıb.

Ramin AbdullayevAZƏRTAC-ın xüsusi müxbiriAnkara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
xalqqazeti.az

10Mənbələr