AZ

Aşura gününü necə qeyd edək?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İyulun 5-də Azərbaycanda Məhərrəm ayının Aşura günü qeyd olunur.

Belə ki, bu gün İslam tarixinə Kərbəla faciəsi ilə yazılıb və İmam Hüseynin (ə) haqq uğrunda şəhid olduğu gün kimi yad edilir.

Lakin bu müqəddəs günü necə qeyd etməyin doğru yolu hər zaman müzakirələrə səbəb olub. Bəziləri bu günü kədər və matəm içində keçirməyi uyğun görür, digərləri isə daha fərqli yanaşmalar təklif edirlər. 

Maraqlıdır, Aşura günü necə qeyd olunmalıdır? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında ilahiyyatçı Tural İrfan qeyd edib ki, Aşura günü sadəcə şəhadət gününə ehtiram olaraq anım günü kimi yaşadıla bilər:

"Aşura günü İmam Hüseynin (ə) şəhid olduğu gündür. İslamda matəm ayı və matəm günü olmadığı üçün bu günü matəm etmək olmaz. Qurana və Peyğəmbərin (s) yoluna ziddir.

İslam axirətdə diriltməyə və şəhidlərin əbədi yaşadığını qəbul edir. Ona görə də insanı məhv olmuş kimi qələmə verib matəm tutmaq dinin fəlsəfəsinə müxalifdir.

Sadəcə şəhadət gününə ehtiram olaraq anım günü kimi yaşadıla bilər. Həmin gün xeyriyyə işlərini artırmaq, ehsan vermək, qan vermək lazımdır.

İmam Hüseynin (ə) xatirəsini yaşatmaq üçün başa döymək, qan çıxarmaq, sinə vurmaq dinə və ənənələrə ziddir. Ziyanlı yox faydalı işlər görsək İmam Hüseynə (ə) xoş gedər. Sinə vurub baş yarmaq, xurafat işlər görmək olmaz".

İlahiyyatçı bildirib ki, Aşura gününü matəm və kədər içində keçirmək deyil, faydalı və savab əməllərlə yaşatmaq lazımdır:

"Aşura günü qan vermək lazımdır, savabdır. Baş yarmaq, qan çıxarmaq günah və haramdır. Belə adətlər əvvəllər çox idi. İndi artıq tədricən aradan çıxır.

Qan verməklə insanlara, ehtiyacı olanlara həyat bəxş etmək Allah yolunda ən faydalı əməldir. Aşura günü iş görməməm, yuyunmamaq, sabun işlətməmək kimi sözlər əsassızdır və xurafatdır.

Dinimiz əməyə böyük qiymət verir və təmizlik dinin yarısıdır. İmam Hüseyn (ə) ona görə şəhid olub ki, bu dəyərlər yaşasın. Matəm İslamda yoxdur. Aşura matəm deyil. Dinimiz matəmi rədd edir. Çünki şəhidlərin ölmədiyini deyir və əbədi cənnətlik sayır. Cənnətə gedən adam üçün də matəm tutulmaz. Əsl dinə uyğun olan qan verməkdir".

Onun sözlərinə görə, mərsiyyə oxumaq, sinə vurmaq, baş yarmaq kimi davranışlar İslama ziddir və dinin əsaslarına uyğun gəlmir:

"Mərsiyyə oxumaq, sinə vurmaq, digər xurafat əməllərə yol vermək dinin əksinədir. Kimin peyğəmbəri Həzrət Muhəmməddirsə (s) bütün bu xurafatlardan uzaq olmalıdır.

Farsların sonradan qondarıb dinə caladığı adətlərini yaşatmaq dini tərif etməkdir. İmam Hüseyn (ə) aciz və çarəsiz deyil, qəhrəman və qalibdir. Onu ölü kimi yox, diri kimi yad etmək lazımdır. 

1400 il yas və matəm etmək İmam Hüseyni (ə) və onun irsini yaşatmaq yox, öldürmək deməkdir. Qan vermə aksiyası daha geniş keçirilməlidir. Hətta məscid imamları təbliğat apararaq məscidlərdə də təşkil oluna bilər.

Vaxtı ilə Səfəvilər xalqımızı belə bir xurafata inandırıblar ki, giya kim İmam Hüseyni (ə) sevirsə başını yarıb özünü döyməli, matəm tutub qaralara bürünməlidir. Lakin onlardan əvvəl xalqımız əsla belə xurafatlara yol verməyib.

Nə xilafət tərkibində olanda, nə Ağqoyunlular, nə Qaraqoyunlular, nə də Şirvanşahlar zamanında belə şeylər olmayıb. Çalışıb əsl dinə və əsl dini dəyərlərə qayıtmaq lazımdır.

Bu gün üçün İmam Hüseynin (ə) yolunu yaşatmaq qan verəklə başqalarına həyat verməkdir. Çünki İmam Hüseyn (ə) də balalarına həyat vermək üçün şəhid olub". 

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
6
cebheinfo.az

10Mənbələr