Mingəçevir şəhərinin mərkəzində yerləşən, şəhid Yaşar Məmmədzadənin adını daşıyan stadionda həyat əvvəlki kimi sakit deyil. Futbol səslərinin, məşq qışqırıqlarının əks-səda verdiyi bu meydanda indi yalnız bir sual dolaşır: “Maaşımız nə vaxt veriləcək?”
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-ın yerli bürosuna danışan stadionun gözətçi-bağbanı Qüdrət Məmmədov bildirib ki, artıq üç aydır onlar əməkhaqqı ala bilmirlər: "Hər dəfə müdirə deyirik, deyir hələ ki, pul yoxdur, yuxarıdan vəsait köçürülməyib. Mənim 363 manat maaşım var, amma bu üç ayda bir qəpik də görməmişəm. Şikayət edirik, deyirlər ki, məşq yoxdur, yarış yoxdur. Bəs mən soruşuram, aprel-mayda yarış da olub, məşqlər də keçirilib. Niyə yəni pul yoxdur?
Narazı olan təkcə Qüdrət Məmmədov deyil. Stadionda çalışan digər əməkdaşlar - fəhlələr, təmizləyicilər və bağbanlar da eyni vəziyyətdədir. Ümumilikdə 9 nəfərdirlər. Onların dediyinə görə, əməkhaqqı ödənilmədiyi üçün artıq işə gedib-gəlmək belə çətinləşib.
Bağban Ruhin Əliyev də narazılığını gizlətmir:
"2-ci aydı, 3-cü aya keçir ki, mən maaş ala bilmirəm. Demişdilər ki, 1-2 gün gecikə bilər, amma bu qədər gecikmə olacağını deməmişdilər. 362 manat maaş alıram. İndi soruşuruq, gah deyirlər sponsor verməyib, gah başqa bəhanə. Biz də çaş-baş qalmışıq. Ailə dolanır, kirayə var, market var, necə yaşayaq?".
Əməkhaqlarının niyə gecikdiyini öyrənmək üçün stadionun direktoru Akif Hüseynova da mürciət etdik.