AZ

"Rusiya Cənubi Qafqazda uduzur: Bakı öz haqlı mövqeyində israrlıdır" - "Deutsche Welle"

"Cənubi Qafqazın gələcəyi artıq Moskvanın deyil, Bakı və Ankaranın planları ilə müəyyən olunur..."
 
Azərbaycanla Rusiya arasında son günlərdə gərginləşən münasibətlər artıq sadəcə iki liderin - Vladimir Putinlə İlham Əliyevin şəxsi qarşıdurması deyil. Bu, Cənubi Qafqazda dərin geosiyasi dəyişikliklərin təzahürüdür.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Moskva bölgədəki mövqelərini bir-bir itirir və görünür, Kreml artıq yeni reallığı qəbul etməyə məcburdur. Bu reallığın adı isə Ankara- Bakı tandemidir.
 
Moskva susur, Bakı danışır
 
İyulun 3-də  azərbaycanlılara qarşı Yekaterinburqda təşkil olunan reyd və nəticəsində iki şəxsin öldürülməsi fonunda Bakının verdiyi sərt reaksiyalar Rusiya tərəfindən ya cavabsız qalıb, ya da eskalasiya ilə qarşılanıb. Ardınca Kreml azərbaycanlı diaspor nümayəndələrinin vətəndaşlıqdan çıxarılmasına başlayıb. Bu, aydın şəkildə onu göstərir ki, Rusiya artıq diplomatik dillə danışmaq iqtidarında deyil və Cənubi Qafqazda itirdiklərini geri qaytarmaq üçün emosional reflekslərə əl atır.
 
Bu isə yalnız son hadisə deyil. Xatırladaq ki, 2023-cü ilin sonlarında Rusiya hərbi hava qüvvələrinin Çeçenistan üzərində Azərbaycan təyyarəsini vurması ilə başlayan gərginlik də cavabsız qalmayıb, prezident Əliyev rəsmi üzr və təzminat tələb edib. Moskva isə bu çağırışlara susmaqla cavab verib. Nəticədə Azərbaycan haqlı olaraq öz maraqlarını müdafiə etməkdə qərarlı olduğunu nümayiş etdirib.
 
Rusiya bölgədə oyunçu yox, müşahidəçidir
 
Cənubi Qafqazda son illərdə baş verən dəyişikliklər Moskvanın rolunu getdikcə daha da zəiflədir. Bir vaxtlar Ermənistana əsaslı dəstək verən Rusiya, son Qarabağ müharibəsində ya neytral qalıb, ya da dolayısı ilə Azərbaycana yol açıb. Bu isə Kremlin bölgədəki sabiq mövqeyindən könüllü və ya məcburi geri çəkilməsinin ilk siqnalı olub.
 
Daha sonra isə Türkiyə və Azərbaycan arasında Zəngəzur dəhlizi ətrafında gedən siyasi manevrlərə Moskvanın real dəstəyi müşahidə olunub. Hərçənd bu dəhliz Rusiyanın öz maraqlarına da uyğundur, amma təşəbbüs Ankaraya və Bakıya məxsus olub, Moskva yalnız müşahidəçi kimi çıxış edib.
 
Paralel olaraq Ermənistan Qərbə yaxınlaşıb, Paşinyan NATO ölkələrinə üz tutub, Avropa İttifaqı ilə münasibətlərini möhkəmləndirib. İran isə bölgədən kənarlaşdırılıb. Bütün bunların fonunda Azərbaycan və Türkiyə tandeminin güclənməsi artıq danılmaz faktdır. Bunu Putinin özünün Makronla, Əliyevin isə Zelenski ilə telefon əlaqəsi qurması da göstərib: Bakı artıq alternativ güc mərkəzi kimi tanınır.
 
Azərbaycanın haqlı dirənişi və Rusiya üçün çıxılmaz durum
 
Rusiya bu proseslər qarşısında ciddi alətə sahib deyil. İqtisadi baxımdan Bakı ilə Moskva arasında asılılıqdan çox qarşılıqlı maraqlar mövcuddur. Neft və qaz ticarətində Rusiyanın sanksiyalardan yan keçmək üçün Azərbaycan brendi ilə ixrac imkanlarından  istifadə etdiyi də sirr deyil. Bu "gizli əməkdaşlıq" formatı pozularsa, zərbə ilk növbədə Moskvaya dəyər.
 
Hərbi təzyiq də gündəmdə deyil: Rusiya ordusu Ukraynada ilişib qalıb, Azərbaycan isə Türkiyənin hərbi-siyasi dəstəyi ilə öz təhlükəsizliyini təmin etmiş ölkədir. Qalır yalnız bir üsul - diasporaya qarşı represiyalar, yəni "Voroneji bombalamaq". Amma bu da nəticə vermir. Çünki nə Azərbaycan dövləti, nə də onun rəhbərliyi belə üsullarla qorxudula biləcək qədər zəif deyil.
 
Qafqazda yeni güc mərkəzi
 
Azərbaycan öz ərazisində qanunlara əsaslanan dövlət quruculuğu aparır, beynəlxalq hüququn prinsiplərinə hörmət edir və heç bir ölkəyə qarşı təxribat xarakterli siyasət yeritmir. Bakının yürütdüyü xarici siyasət rasional, balanslı və prinsipialdır. 
 
Rusiyanın öz imperiyapərəst mövqelərini bu bölgədə qorumağa çalışması isə artıq nə real, nə də legitimdir. Cənubi Qafqazın gələcəyi artıq Moskvanın deyil, Bakı və Ankaranın planları ilə müəyyən olunur. Və bu yeni düzəndə Azərbaycan öz haqqını qorumaqda tamamilə haqlıdır.
Seçilən
6
48
moderator.az

10Mənbələr