AZ

Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə hazırlanan sülh sazişi layihəsi üzrə mətn müzakirələri yekunlaşıb.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya səfəri çərçivəsində "Mundo Internacional" jurnalına verdiyi müsahibədə məlumat verib.

O bildirib ki, 30 ildən sonra Cənubi Qafqazda uzunmüddətli və sabit sülhün bərqərar olunması üçün real tarixi imkan yaranıb. Lakin sənədin imzalanmasına əngəl törədən məsələlər də qalmaqdadır. Əmirbəyov bu kontekstdə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasını və bu maddələrin sülh sazişinin mahiyyətinə zidd olduğunu vurğulayıb. Həmçinin fəaliyyətsiz qalan Minsk Qrupunun rəsmən ləğv edilməsinin vacibliyini qeyd edib.

Müsahibədə o, Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrə önəm verdiyini, xüsusilə Meksikanın mühüm tərəfdaş olduğunu söyləyib. Səfərin məqsədi iki ölkə arasında siyasi dialoqu daha da dərinləşdirməkdir.

Əmirbəyov həmçinin qeyd edib ki, Azərbaycan və Meksika arasında iqtisadiyyat, enerji, təhsil, turizm, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu münasibətlər hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işbirliyi ilə daha da möhkəmlənir.

 

Seçilən
9
12
far.az

10Mənbələr