Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə müzakirələr başa çatıb. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına müsahibəsində deyib.
Ermənistanla sülh prosesindən danışan Əmirbəyov vurğulayıb ki, 30 illik münaqişədən sonra Cənubi Qafqazda davamlı və dönməz sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb. Eyni zamanda o, müqavilənin imzalanmasına mane olan maneələri də qeyd edib.
Onların arasında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı sülh müqaviləsinin məzmununa və ruhuna zidd olan ərazi iddialarının olması, Minsk Qrupu kimi əhəmiyyətini itirmiş strukturların ləğvinin zəruriliyi də var.
Müsahibədə Əmirbəyov Azərbaycanın Latın Amerikası regionundakı ölkələrlə əlaqələrinə böyük əhəmiyyət verdiyini, Meksikanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu və səfərinin iki ölkə arasında mövcud siyasi dialoqa töhfə vermək məqsədi daşıdığını bildirib.