AZ

ECO-nun Zirvə görüşü yeni reallıqların, uğurların təqdimatıdır

Azərbaycan bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. Vətən müharibəsində tarixi Qələbədən sonra geniş tikinti-quruculuq meydanına çevrilən işğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturlar yenidən qurulur. Xalqımız öz Liderinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır. Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu xalqların rifahını düşünən, münasibətlər quran ölkədir. İƏT-in Xankəndidə keçirilən XVII Zirvə görüşü işğaldan azad edilmiş ərazilərimizin, uğurlarımızın dünyayaya təqdimatıdır.
“Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”. Bu fikirləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşündə çıxışı zamanı söyləyib. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”.
Bu toplantı Azərbaycanın ərazi bütövlüyünə nümayiş etdirilən ciddi dəstəkdir. Gələn qonaqlar erməni vandalizminin izlərini görürlər. Bu isə qlobal informasiya məkanında mövqelərimizi gücləndirir. Ermənilərin isə təcavüzkar, vandal xisləti bir daha dünyaya bəlli olur. Eyni zamanda, Azərbaycanın ermənilər tərəfindən xarabazara çevrilmiş ərazilərdə böyük quruculuq həyata keçirdiyinin canlı şahidi olurlar. Bu isə ölkəmizin böyük potensiala malik iqtisadi tərəfdaş, beynəlxalq siyasi münasibətlərin və iqtisadi əməkdaşlığın ən fəal, təsirli söz sahibi dövlətlərindən biri olduğunun nümayişidir. Toplantının builki mövzusu da davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda reallaşdırılan möhtəşəm quruculuq çərçivəsində növbəti layihələr üzrə açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bölgənin dirçəlişində yeni nailiyyətləri dünyaya nümayiş etdirir. Bu hadisələr güclü siyasi iradənin və strateji baxışın növbəti təntənəsi, ölkəmizin davamlı artan iqtisadi gücünün bariz təzahürüdür. İƏT üzv ölkələri arasında tarixi, mədəni və humanitar əlaqələr möhkəmdir. Prezident İlham Əliyevin iyulun 3-də Qarabağa səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ötən dövr ərzində həyata keçirilən bərpa-quruculuq tədbirlərinin miqyası barədə daha aydın təsəvvür yaranır. Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılış mərasimində iştirak etdi. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu, Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışını etdi, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Xankəndi tikiş fabrikinin qurulması iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib.
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, İran Prezidenti Məsud Pezeşkianın və digər rəsmilərin iştirak etdiyi bu mötəbər tədbirin Xankəndi şəhərində keçirilməsi Qarabağın beynəlxalq və regional əməkdaşlıq gündəminin önəmli mərkəzlərindən birinə çevrilmək potensialının göstəricisidir. Zirvə görüşünün Qarabağın mərkəzi Xankəndidə keçirilməsi buranın beynəlxalq diplomatik mərkəzə çevrilməsindən xəbər verir və bölgənin inkişafına beynəlxalq diqqəti cəlb edir. Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı bu gün regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes, Ağdamda Gənclər, Laçında isə Qadınlar forumları təşkil edilmişdir. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlər davam edir. 2026-cı il üçün Şuşa şəhəri “ECO-nun Turizm paytaxtı” elan edilib. Ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Xankəndidə keçirilən toplantı həm də dünyanın diqqətini Qarabağda gedən müsbət dəyişikliklərə yönəldir. Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik və iqtisadi dirçəliş məkanıdır. Zirvə zamanı qəbul edilən qərarlar yalnız Azərbaycan deyil, bütövlükdə region üçün strateji nəticələr verəcək. Xankəndi Zirvəsi bir daha göstərdi ki, Azərbaycan artıq yalnız münaqişədən çıxmış və bərpa işləri aparan ölkə deyil. O, əməkdaşlıq yəzlaqələri quran, diplomatik balans yaradan və liderlik edən dövlətdir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru

Seçilən
20
24
veteninfo.az

10Mənbələr