Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib
2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilmişdir. Azərbaycan bununla üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatınının Zirvə görüşünə (ECO) ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü isə 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə çıxış edərək bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu vurğuladı. Qeyd etdi ki, Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının görüşü, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü baş tutub. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.
Ermənistan Azərbaycanın tarixi əraziləri olan Qarabağ və ətraf rayonları 30 ilə yaxın işğal altında saxlamışdı. Bir milyondan artıq soydaşımız öz ata-baba torpaqlarından didərgin düşərək Bakıda və Azərbaycanın rayon və kəndlərində məskunlaşmışlar.
Bu gün işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.
Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir”.
Azərbaycan tarixi torpaqlarını müharibə yolu ilə geri qaytarmaqla ədaləti bərpa etdi. Ermənistan kapitulyasiya aktına qol çəkdi. Lakin erməni təcavüzkarları onlara torpaqlarımızı tərk etmək üçün verilmiş vaxtdan istifadə edərək torpaqlarımızda bir milyondan çox mina basdırmışlar.
Bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
Azərbaycan Prezidenti çıxışında qeyd etmişdir ki, indi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Sevindirici haldır ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.
Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.
Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Dövlət başçısı ölkəmizin çox müsbət sərmayə iqlimi olduğunu nəzərə çatdıraraq qeyd etmişdir ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.
Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Məhərrəm İbadov
Abşeron rayon Ağsaqqallar Şurasının sədri