ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
NATO Baş katibi Mark Rutte “The New York Times” qəzetinə verdiyi geniş müsahibəsində diqqətçəkən bir ehtimal irəli sürüb. Rutte bildirib ki, əgər Çin Tayvan adasına hücum edərsə, bu zaman Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinə zəng edərək NATO ərazisinə zərbə vurmağı xahiş edə bilər. Bu addımın əsas məqsədi Qərbin diqqətini Tayvandan yayındırmaq olacaq.
NATO Baş katibi bu ssenarinin necə baş verə biləcəyini də təfərrüatlı şəkildə izah edib: “Çin lideri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinə zəng edəcək və ondan xahiş edəcək ki, Çinin Tayvana hücumu zamanı Rusiya NATO ərazisinə hücum etsin. Bu Çinə beynəlxalq aləmin diqqətini Tayvana hücumdan yayındırmaq üçün lazım olacaq”.
Mark Rutte bu ehtimalı istisna etmədiyini bildirib və hesab edir ki, belə bir ssenaridə Rusiya NATO-nun şərq cinahında yerləşən bir ölkəyə hücum edə bilər. Onun konkret ad çəkdiyi ölkə isə Estoniyadır.
Rutte həmçinin bu tip ssenarilərin qarşısını almaq üçün NATO-nun Hind-Sakit okean bölgəsində fəallığını artırmalı olduğunu da vurğulayıb.
Qərb uzun müddətdir ehtimal edir ki, Çin Tayvanı birləşdirmək niyyətindədir və bu proses yalnız münasib beynəlxalq şəraitin yetişməsini gözləyir. Çin lideri Si Cinpin dəfələrlə bəyan edib ki, Tayvan Çinə məxsusdur və bu məsələ “bir gün” həllini tapmalıdır.
Bu kontekstdə Çin xarici işlər naziri Van İnin Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşü zamanı verdiyi açıqlama diqqətdən yayınmayıb. Çinli diplomat bildirib ki, Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmasını istəmir. Səbəb isə aydındır: əgər Rusiya uduzarsa, ABŞ-nin bütün siyasi, iqtisadi və hərbi diqqəti Çinə yönələcək. Və bu, Pekinin planlarına uyğun deyil.
Bu yanaşma NATO Baş katibinin səsləndirdiyi ehtimalın əsasını təşkil edir: yəni əgər Çin Tayvana hücum edərsə, ABŞ və müttəfiqlərinin diqqətini yayındırmaq üçün Rusiya “ikinci cəbhə” aça bilər. Bu da konkret olaraq NATO ərazisinə hücum deməkdir.
Rusiya Prezidenti Vladimir Putin indiyədək dəfələrlə bildirib ki, ölkəsi heç bir NATO dövlətinə hücum etməyəcək. Ancaq keçmiş təcrübə göstərir ki, Putinin sözləri ilə əməlləri üst-üstə düşmür. 2000-ci illərin əvvəllərində o, Krımın Ukraynadan alınmayacağını demişdi. Ancaq 2014-cü ildə bu fikir rəsmi siyasətə çevrildi və yarımada ilhaq edildi.
Mark Ruttenin ehtimalına cavab isə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, Putinin ən sadiq tərəfdaşı Dmitri Medvedevdən gəlib. Həmişəki kimi sərt ritorikaya üstünlük verən Medvedev NATO Baş katibini bu sözlərlə hədələyib:
“Mark Rutte rus dilini öyrənsin. Bu ona Sibir düşərgəsində lazım olacaq".
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu NATO Baş katibinin səsləndirdiyi ssenarini mümkün və ciddi hesab edir: "Bu cavab bir daha göstərir ki, Kreml bu məsələləri zarafat mövzusu saymır və ehtimalların reallıq payı böyükdür".
Şahinoğlunun sözlərinə görə, NATO Baş katibi səsləndirdiyi ehtimalın qarşısını almaq üçün Şimali Atlantika Blokunun Hind-Sakit okean bölgəsində fəallığının artırılması zərurətini bildirib. Ekspert xatırladıb ki, Mark Rutte Rusiyanın hücum edə biləcəyi NATO ölkəsinin adını da çəkib. Bu, onun fikrincə, Estoniya olacaq.
NATO Baş katibinin səsləndirdiyi ehtimalın reallaşması mümkündürmü? Politoloqun sözlərinə görə, Çin lideri Si Cinpin Tayvanın ölkəsinə məxsus olduğunu və bu adanın Çinə birləşdirilməsinin zəruri olduğunu dəfələrlə vurğulayıb: "Yəni bu hadisə nə zamansa baş verəcək, sadəcə Pekin məsələni həll etmək üçün münasib zaman seçməlidir. Qərbdə həmin “zamanın” nə zaman gələcəyi üzərində düşünürlər".
Çin xarici işlər naziri Van İnin dediklərinə gəlincə, E.Şahinoğlu bildirir ki, Vaşinqtonun diqqəti nə qədər Rusiya-Ukrayna müharibəsi üzərində köklənsə, bu bir o qədər Çinin maraqlarına xidmət edəcək: "Bu sözlərdən çıxan digər nəticə odur ki, Çin Tayvanı ələ keçirmək istəyərkən, ABŞ və Avropanın mümkün diqqətinin öz üzərindən yayındırılmasına çalışacaq. Bu məsələnin həllində Pekinin köməyinə Kreml çata bilər. Bu baxımdan NATO Baş katibinin ehtimalı bu amilə əsaslanır".
Rasim Əliyev
"AzPoıitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.