AZ

Mask yeni partiyasının planını açıqlayıb

BAKI, TurkicWorld

Amerikalı iş adamı İlon Mask bildirib ki, onun yeni yaratdığı "Amerika" partiyası ölkədəki "vahid partiya sistemini" dağıtmağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsində yazıb.

O, bu sözlərlə ABŞ-da demokratlarla respublikaçıların maraqlarının faktiki olaraq birləşməsini nəzərdə tutduğunu deyib.

Mask bildirib ki, ölkənin israfçılıq və korrupsiya nəticəsində müflisləşməsi məsələsində ABŞ artıq demokratiya deyil, “vahid partiya sistemi” ilə idarə olunur.

O vurğulayıb ki, "Amerika partiyası" bu sistemi “Epaminondun Levktra döyüşündə spartalıların məğlubedilməzliyi mifini dağıtdığı kimi” sındıracaq. Onun sözlərinə görə, bu “döyüş meydanının dəqiq bir nöqtəsində son dərəcə cəmlənmiş gücdür”.

Məlumat üçün bildirək ki, Levktra döyüşü eramızdan əvvəl 371-ci il iyulun 6-da Fivalı Epaminondun və Spartalı kral Kleombrotun rəhbərlik etdiyi ordular arasında baş vermişdi. Bu döyüşdə Fiva ordusu yeni bir taktika — zərbə qüvvəsinin bir cinahda cəmlənməsi yolu ilə qələbə qazanmış, nəticədə Spartanın Yunanıstandakı hərbi-siyasi hegemonluğuna son qoyulmuş və Fivanın yüksəliş dövrü başlamışdı.

Mask qədim yunanların bu taktikasını təkrarlamağı, ABŞ boyu seçki kampaniyasına sərf olunacaq resurslar əvəzinə Senatda 2–3 yerə, Nümayəndələr Palatasında isə 8–10 dairəyə fokuslanmağı təklif edib.

Onun fikrincə, bu cür cəhdlər qanunvericilik prosesində “həlledici səs” olmaq üçün kifayət edəcək. Mask bildirib ki, ABŞ Konqresində respublikaçılarla demokratlar arasında ciddi üstünlük olmadığından, hətta kiçik bir partiya da qərarların qəbulu zamanı “tarazlığı saxlayan səsə” çevrilə bilər.

Qeyd edək ki, Mask iyulun 5-də “Amerika” adlı yeni siyasi partiyanın yaradıldığını elan edib. Onun səhifəsində keçirilən sorğuda iştirak edənlərin 65,4 faizi partiyanın yaradılmasını dəstəkləyib, 34,6 faizi isə əleyhinə səs verib.

Maskın sözlərinə görə, "Amerika" partiyasının əsas məqsədi xalqın iradəsini təmin etmək və Konqresdə bir neçə yer qazanmaqdır.

Seçilən
3
27
turkic.world

10Mənbələr