AZ

Qarabağ və Zirə dən daha çox transfer gözləntiləri var

Qol.az saytına istinadən ain.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək klublar bir müddətdir ki, hazırlığa start veriblər. Artıq “Sabah” Avstriya toplanışını başa vurub. “Qarabağ” bu ölkədə hazırlığını davam etdirir. “Zirə” və “Araz-Naxçıvan”ın isə Türkiyə toplanışı yeni başlayıb.

Klublarımızın hazırlığı və transfer işləri ilə bağlı futbol mütəxəssisi Bəxtuyar Musayevlə danışdıq. O, klublarımızın ilk oyununda hər şeyin aşkar görünəcəyini bildirib:

"Əvvəlcə avrokuboklarda mübarizə aparacaq klublarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirərək xalqımızı sevindirəcəklər. Komandalar hazırlıq proseslərinə yeni başlayıblar. Bəziləri transferlər ediblər. Hələlik başlanğıc dövründədirlər. "Araz-Naxçıvan" bir neçə futbolçu transfer edib. "Qarabağ"dan gedənlər olub. "Zirə"nin də bir neçə futbolçusu komandanı tərk edib. Bu klublarımızdan daha çox transfer gözləniləri var. İndiki ana qədər komandaların hazırlığı barədə qəti bir söz demək tələskənlik olar.

"Baş məşçi Qurban Qurbanovun da dediyi kimi, "Qarabağ" bir sıra futbolçu ilə danışıqlar aparır. Onlardan cavab gözləyirlər. Məncə, əlavə olaraq bir neçə futbolçunun da transferi gözlənilir. İnşallah, yeni gələn futbolçular gedənlərdən daha üstün oyun nümayiş etdirərlər və komandaya böyük töhfə verərlər. "Araz-Naxçıan" transfer bazarında aktiv görünür. Tanıdığımız bəzi futbolçular onların sıralarına qoşulublar. Bu baxımdan Hamidu Keyta, Patrik Andradeni qeyd edə bilərəm. Ümid edirəm ki, bütün komandalarımız avrokuboklardakı uğurlu çıxışları ilə futbolumuza töhfə verəcəklər. Bildiyim qədəri ilə "Zirə"də Rafael Utziq və Salifu Suma artıq komandada olmayacaqlar. Utziqi xüsusi vurğulamaq istəmirəm. Çünki "Zirə"də onu əvəz edə biləcək futbolçular var. Əlavə oyunçular da tapmaq olar. Amma Suma ötən mövsüm çox parlaq çıxış etdi. Onun yoxluğunu "Zirə" üçün itki hesab etmək olar. İnanıram ki, Rəşad Sadıqov onun da əvəzinə layiqli namizəd tapacaq və komandaya cəlb edəcək. "Sabah" da bir necə futbolçu transfer edib. Onlardan da bəzilərini tanıyıram. "Sabah"ın da transfer etdiyi futbolçuların komandaya uğur gətirəcəyinə inanıram". 

B.Musayev klublarımızın avrokuboklardakı rəqibləri ilə bağlı da danışıb: "Qarabağ"  "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ"ın gücünü nəzərə alsaq, nisbətən münasib komandalardırlar. İnşallah, "Qarabağ" heç bir maneə olmadan qələbə qazanar. "Zirə"nin bəxtinə "Hayduk" (Xorvatiya) düşüb. Köklü klubdur. Ötən mövsüm xüsusilə fərqlənirdilər. Xorvatiya liqasında son turlara qədər çempionluq uğrunda mübarizə aparırdılar. "Hayduk" kifayət qədər güclü rəqibdir. Ona görə də "Zirə"nin oyunları heç də asan olmayacaq. Yenə də uğurlar arzulayıram. Ümid edirəm ki, Rəşad Sadıqovun komandası bunun öhdəsindən gələcək. Çox çətin olacaq. Amma ümidim, istəyim budur ki, mərhələ adlayan tərəf "Zirə" olsun. 

"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi çox ciddidir. "Sele" (Sloveniya) ötən mövsüm Konfrans Liqasında 1/4 final mərhələsinədək irəlilədi. Mən onların oyunlarına baxdım. Hətta 1/4 finalda "Fiorentina" ilə İtaliyadakı oyunda da çox inamlı çıxış etmişdilər. Kifayət qədər ciddi rəqibdir. Baş məşqçiləri də Albert Rieradır. O, tanınmış futbolçulardan biri idi. İndi də məşqçilik karyerasına başlayıb və yaxşı komanda formalaşdırıb. Ancaq belə bir şey var ki, "Selye"nin bəzi futbolçularına transfer təklifləri gəlib. Hazırda komandanın hansı vəziyyətdə olduğunu bilmirəm. Əgər 3-4 əsas futbolçuları klubdan ayrılsalar, bu, komandanın zəifləməyinə gətirib çıxara bilər.

 "Araz-Naxçıvan"ın rəqibi "Aris" də (Yunanıstan) kifayət qədər təcrübəlidir. Onlara qarşı oynamaq heç də asan olmayacaq. Ümid edirəm ki, "Araz-Naxçıvan" mərhələ adlayacaq. Onlara da uğurlar arzulayıram".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
36
qol.az

10Mənbələr