AZ

Xankəndi: Diplomatiyanın yeni ünvanı



2025-ci il iyulun 4-də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisə baş verdi. Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bu mühüm beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı və geniş nitq söylədi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir. Bu dəfəki görüşün Qarabağda, Xankəndidə – yeni inşa olunmuş Konqres Mərkəzində keçirilməsi isə xüsusi rəmzi məna daşıyır. Bu, Azərbaycanın azad olunmuş ərazilərində sabitliyin və təhlükəsizliyin təmin edildiyinin göstəricisidir.

Prezident çıxışında Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamasını və bu müddət ərzində həyata keçirdiyi dağıntı və vandalizmi diqqətə çatdırdı. Bildirdi ki, 67 məsciddən 65-i yerlə-yeksan edilib, qəbiristanlıqlar dağıdılıb, bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb. Ermənistan tərəfindən basdırılmış minalar nəticəsində bu günə qədər 400-ə yaxın soydaşımız həlak olub və ya ağır yaralanıb.

Bütün bunlara baxmayaraq, Azərbaycan bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsində yeni şəhərlər, kəndlər, məktəblər, sosial obyektlər tikilir. “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda həmin ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Prezident İlham Əliyev həmçinin Qərbi azərbaycanlıların hüquqlarının təmin olunmasının da vacibliyini qeyd etdi. Bu yaxınlarda İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların geri qayıtmaq hüququnun tanınmasına dair qətnamənin yekdilliklə qəbul olunması mühüm uğur kimi qiymətləndirildi.

Xankəndidə keçirilən bu Zirvə görüşü Azərbaycanın bölgədə artan nüfuzunu və beynəlxalq əməkdaşlıqda fəal rolunu bir daha nümayiş etdirdi. İşğaldan azad olunmuş torpaqlar artıq dirçəliş, inkişaf və beynəlxalq diplomatiya məkanına çevrilməkdədir. Azərbaycanın həyata keçirdiyi siyasət bölgədə sülhün və sabitliyin əsasını təşkil edir.

Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı
Seçilən
16
50
newscenter.az

10Mənbələr