AZ

"Rusiya dronlarla Kiyev və Odessaya zərbələr endirib" - Ukrayna mətbuatı

 
"Paytaxtda 500 bina isti sudan məhrum olub, Odessada isə bir nəfər həlak olub..."
 
İyulun 7-ə keçən gecə Rusiya dronları Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev və Odessaya növbəti hücumlar həyata keçirib. Hər iki şəhərdə ciddi dağıntılar qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dsnews.ua" nəşri məlumat yayıb.
 
Kiyevdə genişmiqyaslı zərər və istilik sisteminə ziyan
 
Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, gecə saatlarında "Shahed" tipli dronların hücumu nəticəsində paytaxtın bir neçə rayonunda yanğınlar və dağıntılar baş verib. Desnyansk rayonunda dron qalıqları inzibati binanın fasadına, qaz borusuna və su çəninə ziyan vurub. Ərazidəki yanğınlar söndürülüb, xəsarət alan olmayıb.
 
Solomensk rayonunda dron qalıqları avtoyuma məntəqəsinə düşüb, avtomobillərə və su borularına zərər dəyib. Qoloseyevsk rayonunda isə ofis binasının pəncərələri sınıb. Həmçinin böyük diametrli istilik boru kəməri zədələnib, nəticədə şəhərdə 500-dən çox bina - yaşayış evləri, məktəblər, tibb müəssisələri və digər obyektlər isti sudan məhrum olub.
 
Odessada ölüm və tamamilə yandırılmış nəqliyyat vasitələri
 
 
Eyni gecə Rusiya Odessaya da dronlarla hücum edib. Odessa hərbi administrasiyasının rəhbəri Oleg Kiperin məlumatına görə, hava hücumundan müdafiə sistemi fəal olsa da, şəhərdə ciddi dağıntılar və yanğınlar baş verib.
 
Yeni tikilinin yanında mühafizəçi otağında başlayan yanğın nəticəsində bir nəfər - mühafizəçi həlak olub. Yanğınlar nəticəsində 10 qaraj, texniki xidmət stansiyası, inzibati bina və inşaat konteynerləri dağılıb. Yüngül və yük avtomobilləri, həmçinin bir avtobus yanaraq məhv olub.
 
Genişmiqyaslı hava hücumu
 
 
Ukrayna Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, dronlar həm Kiyevə, həm də Odessaya müxtəlif istiqamətlərdən - şimaldan və Qara dəniz tərəfdən irəliləyib. Bundan əlavə, Xarkov da zərbələrə məruz qalıb.
 
Qeyd edək ki, bu, Rusiyanın Odessaya ilk hücumu deyil. İyulun 3-də  "İsgəndər" raketi şəhərin dəniz limanını vurub. Həmin vaxt iki nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılar arasında Suriya vətəndaşları da olub.
Seçilən
7
11
moderator.az

10Mənbələr