İyulun 5-dən Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Araz-Naxçıvan”ın yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Muxtar Respublika təmsilçisi qardaş ölkədə 3 yoxlama oyunu keçirəcək. Premyer Liqamızın bürünc medalçısı hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.
İyulun 9-da “Bayburtspor”la üz-üzə gələcək Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bundan 2 gün sonra Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor”la qüvvəsini sınayacaq. Naxçıvan klubu üçüncü matçını iyulun 17-də keçirəcək. Bu dəfə rəqib Super Liqanın digər təmsilçisi “Trabzonspor” olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Sözügedən komanda bu turnirin 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.