“Valideynlər bir qayda olaraq uşaqlarını yuxuda daha kiçik yaşda görürlər. Bunun da bir sıra səbəbləri var. Birincisi odur ki, biz övladlarımızı hansı yaşda olmasından asılı olmayaraq bir qayda olaraq onları uşaq gözündə görürük və daha çox qayğıyla əhatə etmək istəyirik. Bu düşüncə şüurumuza hopduğu üçün yuxularımızda uşaqlarımız bir qayda olaraq kiçik yaşda görürük”.
Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, belə yuxuların digər səbəbi ümumi narahatlıqdır:
“Hesab edirik ki, hər şeyin doğrusunu biz bilirik, uşaqlarımızın qərarlarında bir qayda olaraq narahtlıq keçiririk. Ona görə də uşaqlarımız bir qayda olaraq qayğıya, köməyə ehtiyac olduğunu düşünürük və yuxularımızda da onlara davamlı kömək etmək istəyirik.
Digər bir səbəb odur ki, insanlar daha çox keçmişə bağlı olurlar. Ona görə də yuxuda da keçmişlə bağlı hadisələri daha çox görürük. Bir çox valideynlər düşünür ki, ən yaxşı günlər yaşadıqları günlərdir. Gələcəklə bağlı fikirləri isə bir qayda olaraq dağınıq və qeyri-sabit olur. Ona görə də bu cür fikirlər insanı yuxuda daha çox keçmişə aparır. Təbii ki, keçmişdə uşaqlar daha kiçik olur”.
Müsahibimiz hesab edir ki, uşaqlarımız üçün hədsiz narahat olmaq mənasızdır:
“Biz onsuz da çox şeyi dəyişdirə bilmirik. Bu mənada yaxşı olar ki, valideyn olaraq uşaqlarımızı arzuladığımız kimi yox, olduğu kimi - uğurları və uğursuzluqları ilə qəbul edək. Bu ilk növbədə bizi yersiz narahatlıqdan xilas edər. Sonda isə yuxularımız da reallığa daha yaxın olar”.
Surxay Atakişiyev, Bizim.Media