Rəsmi İrəvan təsdiq edib ki, Ermənistan və Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması ilə bağlı beynəlxalq tərəfdaşlardan da təkliflər alır və bununla bağlı müzakirələr gedir. Ermənistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bildirib: “Cənubi Qafqazda nəqliyyat infrastrukturunun blokdan çıxarılması Ermənistan Respublikası üçün mühüm prioritet olub və qalır”.
Bu günlərdə isə Karnegi Fondu diplomatik mənbələrə istinadən məlumat yayıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İrəvan və Bakını Ermənistan ərazisindən Azərbaycanın Naxçıvanına birləşdirən yolun açılmasını təklif edib. Karnegi Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomata istinadən məlumatı təsdiqləyib. Həmin mənbələrə görə, Amerikanın təklifi 2008-ci il müharibəsindən sonra Rusiya və Gürcüstan arasında nəqliyyat xətlərinin işə düşməsi üçün Avropa İttifaqının illər öncə təklif etdiyi versiyaya bənzəyir. Buna əsasən, tərəflər Abxaziya və Cənubi Osetiya bölgələrindən keçən marşrutların idarə edilməsini müstəqil İsveçrə şirkətinə təhvil verməli idilər. Öz növbəsində həmin şirkət bütün maraqlı tərəflərə logistik məlumatları ötürməli idi. Avropa İttifaqı sonradan İrəvan və Bakıya bu presedentdən istifadə etməyi təklif edib. Lakin bu xüsusda müzakirələr Ermənistanın təxribatçı mövqeyi üzündən pozulub. İndi məsələ ABŞ tərəfindən yenidən gündəmə gətirilir. ABŞ-da nəzərə alınır ki, Rusiyadan keçən marşrutlara alternativ ola biləcək, Çini Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz xüsusilə Moskvanın Ukraynaya təcavüzündən sonra böyük əhəmiyyət kəsb edir. Bu marşrutun bir hissəsi məhz Zəngəzur dəhlizi ola bilər. Karnegi Fondunun məlumatına əsasən, rəsmi Bakı dəhlizlə bağlı müvafiq müzakirələrin aparılmasına etiraz etmir. Qurum bildirir ki, Bakının yanaşmasına əsasən, proses Azərbaycanı öz anklavı Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamalıdır. Karnegi Fondu onu da diqqətə çatdırır ki, indiki şəraitdə təqdim olunan Amerika təklifi yolun idarə edilməsinin xarici, özəl şirkətə verilməsini nəzərdə tutan Avropa təklifinə bənzəyir: “Eyni zamanda, Vaşinqtonun təklifi Amerika məntiqinə söykənir, ona görə də müqavilənin təminatçısı, məsələn, Ukraynada nadir metallar sövdələşməsində artıq baş verdiyi kimi, Amerika biznesi olmalıdır. Amma bu variantı reallaşması üçün Vaşinqton böyük səylər göstərməli olacaq”. O da vurğulanır ki, Amerika modeli ilə razılaşmaq üçün İrəvana təzyiq göstərilməsi əsas variantlardan biridr. Bu halda marşrutun Ermənistan hissəsinə İrəvan nəzarət tələbindən imtina etməli olacaq. Qeyd edilən variantın daha real olduğunu əsas gətirən Karnegi Fondu bildirir ki, Ermənistan da çox güman, buna razılıq verəcək. Çünki nəticədə ölkə uzun müddətdir düşdüyü təcrid vəziyyətindən çıxacaq. Azərbaycanla sülh və əməkdaşlıq şəraitində yaşamaq da Ermənistana xeyli üstünlüklər qazandıracaq. Karnegi Fonduna danışan ABŞ rəsmilərindən biri qeyd edib ki, müzakirələr hələ ilkin mərhələdə olsa da, uğurlu nəticəyə ümid böyükdür: “ Tramp hətta buna görə Nobel mükafatı da qazana bilər”.
Amma bütün bunlar Rusiyada ciddi narazılqı yaradır. Moskva Zəngəzur dəhlizinə nəzarətin ABŞ-ın hansısa logistika şirkətinə həvalə edilməsin istəmir. Amerika planı Rusiyanın həm danışıqlar masasından, həm də dəhlizin həyata keçirilməsindən tamamilə kənarlaşdırılmasını nəzərdə tutur ki, bu da Moskvanın Cənubi Qafqazda təsirini azaltmağa hesablanmış qərardır. Bu məlumatların fonunda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə müxalif olan, Moskvanın himayədarlıq etdiyi “Qarabağ klanı”nın yenidən fəallaşması da diqqətdən yayınmır. Erməni kilsəsinində hakimiyyətə qarşı döyüşə cəlb edilməsi və uğursuz dövlət çevrilişi cəhdi Ermənistanın hakimiyyətinə qarşı Kremlin elan olunmamış müharibəsinin hibrid üsullarındandır. Azərbaycanda daxili sabitliyin pozulması ehtimalı olmadığı üçün Rusiya rəhbərliyi iki milyondan artıq Azərbaycan diasporuna hədə-qorxu gəlmək və təzyiq göstərmək yolu ilə onun əlində olan yeganə təsir ölçüsünə əl atıb. 24 il əvvəl daha bir azərbaycanlının qətlində əli olmaqda şübhəli bilinərək Yekaterinburqda azərbaycanlı sahibkarların bütöv bir klanının evlərinə Rusiya təhlükəsizlik qüvvələrinin amansızcasına gecə basqın etməsi, iki ailə üzvünün qətlə yetirilməsi və başqalarına ağır xəsarətlər yetirməsi də bu planın tərkib hissədir. Lakin Rusiyanın Azərbaycanı qorxutmaq planları baş tutmadı. İctimaiyyət və ölkə rəhbərliyi həmişə olduğu kimi kənar təsirlərə - Rusiya hüquq-mühafizə orqanlarının orada yaşayan və “ikinci dərəcəli vətəndaş” kimi qəbul edilən azərbaycanlılara qarşı qanunsuz hərəkətlərinə qarşı həmrəy olub. Məlum olduğu kimi, Azərbaycan etiraz notası verib, Rusiya Federasiyası ilə bütün dövlətlərarası və parlamentlərarası əlaqələri dayandırıb, dövlət səviyyəsində üzr istəməyə, günahkarların istintaqı və onların cəzalandırılmasını tələb kimi irəli sürüb. Belə vaxtda ABŞ-ın Cənubi Qafqazın və Orta Dəhlizin strateji əhəmiyyətini görməsi, Zəngəzur dəhlizinə marağı Rusiyanı daha da qıcıqlandırır. Karnegi Fondunun analitiki Olesya Vardanyan təsdiq edir ki, ABŞ biznes vasitəsilə Zəngəzur dəhlizinə daxil olmaq istəyir: “Düşünürəm ki, bu, əsasən Tramp administrasiyasının məntiqini əks etdirir. Bu o deməkdir ki, təşəbbüslər varsa, təklif olunarsa, başqa şeylərlə yanaşı, Amerika biznesinin, Amerika kapitalının iştirakı layihədə nəzərdə tutmalıdır. Bunun nümunəsi bizdən çox da uzaq olmayan Ukraynada var. Orada, bildiyiniz kimi, hətta nadir metallarla bağlı hərtərəfli saziş imzalanıb”.
Nahid SALAYEV