Türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə, buradan da Avropaya nəqlini nəzərdə tutan Transxəzər kəmərinin çəkilişi son günlərdə yenidən aktuallaşıb.
Məsələyə növbəti dəfə toxunan Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır ki, 2022-ci ildən ölkəyə rəhbərlik edən Serdar Berdiməhəmmədov Türkmənistanın ilk prezidenti kimi bir məqama görə tarixə düşə bilər. Belə ki, onun dövründə türkmən qazı Avropa bazarlarına çıxa bilər və bu, Aşqabad üçün strateji sıçrayış olar, geosiyasi mənzərəni əhəmiyyətli dərəcədə dəyişdirərdi: “Avropa İttifaqı 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını tamamilə dayandırmağı hədəflədiyi üçün Brüssel Rusiya qazı üçün əvəzləyici tapmağa imkan verəcək bir neçə potensial mənbənin adını çəkib, o cümlədən dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrdən biri olan Türkmənistan, həmçinin Azərbaycan.
Azərbaycan türkmən qazını Avropaya çatdırmaqda Türkmənistan üçün “qapı” olmağa hazırdır. Bakı addımlarını Brüssellə sinxronlaşdırmağa hazırdır, bunu həm xüsusi tapşırıqlar üzrə səfir Elçin Əmirbəyov, həm də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bir neçə günlük aralıqla Avropa mediasına müsahibələrində bildiriblər. İndi növbə Aşqabaddadır. Türkmənistan yataqlarının Rusiyadan yan keçərək Azərbaycan, Türkiyə və Avropa İttifaqı ilə birləşdirilməsini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsi də diqqət mərkəzində olub. Qaz layihələri ilə yanaşı, Orta Asiya, Cənubi Qafqaz və Türkiyədən keçən Avropa İttifaqı ilə Çin arasında strateji nəqliyyat marşrutu olan Orta Dəhlizə maraq artır. Türkmənistan əlverişli coğrafi mövqeyi və zəngin təbii ehtiyatları sayəsində regionun inkişaf etməkdə olan logistika və enerji arxitekturasında ən mühüm mövqe tutmağa çalışır”. Amma bütün bunlar üçün onun Azərbaycanla əməkdaşlığına ciddi ehtiyacı var. Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun rəsmi səfərlə Azərbaycana gəlişi bunlar fonunda xüsusi diqqət çəkir. Hesab olunur ki, bu səfər iki qardaş ölkə arasında mövcud olan strateji münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə yanaşı, enerji təhlükəsizliyi, Transxəzər əməkdaşlığı və Orta Dəhliz çərçivəsində logistika layihələrinin gündəmdə olması təsadüfi xarakter daşımır. Bu fonda xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Türkmənistandakı səfiri Ahmet Demirok bildirib ki, ölkəsi Türkmənistandan qaz tədarükünü artırmağa, onu Avropa bazarına yönləndirməyə imkan verəcək Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsində maraqlıdır.
Qeyd edək ki, Transxəzər qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə əvvəl Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlmişdi. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanmışdı. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürürdü. 1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanıb. Müqaviləyə həmçinin o vaxtkı ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atıb. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi. Daha sonra layihənin müzakirəsi və tranzit ölkələrlə bu prosesin tənzimlənməsi ilə bağlı danışıqlara başlanılıb. Lakin uzun illər keçməsinə baxmayaraq, Transxəzər qaz kəməri layihəsi, hələ ki, müzakirə mərhələsindən o yana keçə bilmir. Amma indi vəziyyət dəyişə bilər. Transxəzər qaz kəməri layihəsi çərçivəsində təbii qazın Türkmənbaşı limanından Xəzər dənizinin dibi ilə çəkiləcək 300 km-lik boru xətti vasitəsi ilə Səngəçal terminalına çatdırılması və illik həcmin 32 milyard kubmetr olması planlaşdırılır. İlk dövrlərdə Türkmənistanın infrastruktur problemləri Transxəzər qaz kəmərinin reallaşmasına əngəl törətsə də, 2016-cı ildən etibarən Şərq-Qərb qaz kəmərinin fəaliyyətə keçməsi ilə bu maneə aradan qaldırılıb. Türkmənistanın şərqində yerləşən, ölkənin ən böyük qaz ehtiyatlarının gələcəkdə qərb bazarlarına çıxarılması baxımından Şərq-Qərb boru kəməri əhəmiyyətli rol oynamaqdadır. Qazaxıstan və Özbəkistanın da layihədə mümkün iştirakı ilə Mərkəzi Asiya ölkələrindən illik təxminən 50 milyard kubmetr təbii qazın Avropaya nəqli həyata keçirilə bilər. Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı ciddi addımlar atılmasa da, regional və beynəlxalq səviyyədə görüşlərdə qərb ölkələrindən siyasi dəstək ifadə olunmaqdadır. Transxəzər qaz kəməri Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Türkmənistan nümayəndə heyətləri arasında müzakirə mövzusudur və kəmərin Cənub Qaz Dəhlizi sisteminə qoşularaq Avropanı təbii qazla təmin etməsi planlaşdırılır. Avropanın enerji təhlükəsizliyində alternativ marşrutlarından biri hesab edilən Transxəzər qaz kəməri layihəsi geosiyasi əngəllərlə qarşılaşsa da, texniki və maliyyə məsələləri diqqətdən qaçmamalıdır. Buna görə də, layihənin üzləşdiyi problemlərin həlli Qərbin verəcəyi siyasi və maliyyə dəstəyindən asılı olacaq. Qərb isə bu layihəyəyə yenidən maraq göstərməyə başlayıb.
Ramil QULİYEV