AZ

Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...


Adil Qeybulla: “Sağlam şəhər üçün yaşıllığın çox olması əsas şərtdir, bu niyyətin özü belə alqışlanmalıdır”

“Azərbaycanda sağlam şəhərlər yaradıla bilər”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O qeyd edib ki, Azərbaycanda sağlam şəhərlərin yaradılması üçün danışıqlar aparılır: “İnanıram ki, Azərbaycan da tezliklə sağlam şəhərlər olan ölkələr siyahısına daxil olacaq".

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” yaradılıb. Bu layihə olduqca yaxşıdır və dünya ölkələri tərəfindən təqdir olunur. Sağlam şəhər ideyası isə Azərbaycan üçün yenidir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda sağlam şəhərin yaradılması ilə bağlı mesaj verib.

Onu da bildirək ki, Skandinaviya ölkələrinin bəzi şəhərlərində sağlam şəhər modeli yaradılıb. Həmin şəhərlərdə insanlar aktiv həyat tərzi sürür, təbiətlə təmasdadır və yüksək həyat keyfiyyətindən yararlanır.

“Ekoloji sağlamlıq üçün ilk növbədə həmin yerin havası təmiz, yaşıllıqlar çox, oksigen ehtiyatı bol olmalıdır”

Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sağlam şəhər dedikdə ekoloji sağlamlıqdan söhbət gedir: “Ekoloji sağlamlıq üçün ilk növbədə həmin yerin havası təmiz, yaşıllıqlar çox, oksigen ehtiyatı bol olmalıdır. Bununla yanaşı, hər kubmetr havada çirklənmə, müxtəlif qətrana bənzər maddələrin səviyyəsi aşağı olmalıdır. Nəzərə almaq lazımdır ki, havada çirklənmə əmələ gətirən maddələr xərçəngin yaranmasına səbəb olur. Ümumiyyətlə, sağlam şəhər üçün yaşıllığın çox olması əsas şərtdir. Bu niyyətin özü belə alqışlanmalıdır. Ümid edirəm ki, yaxın müddət ərzində Azərbaycanda sağlam şəhər yaranacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, "sağlam şəhər" layihəsi əhalinin sağlam həyat tərzini təmin etmək məqsədi daşıyan bir layihədir. Bu layihə çərçivəsində şəhərlərdə açıq meydançaların tikintisi və avadanlıqla təchizatı həyata keçirilir. Məqsəd, vətəndaşların fiziki aktivliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmaqdır.

Günel CƏLİLOVA

Seçilən
88
33
baki-xeber.com

10Mənbələr