AZ

Ekspertdən sərt xəbərdarlıq: Əlcəksiz satıcının verdiyi dondurma mikroblarla doludur!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumatda bildirilib ki, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.

"Xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb olunur. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir", - deyə məlumatda qeyd edilib. 


Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, yay aylarında böyükdən kiçiyə hər kəsin sevdiyi sərinləşdirici qidalardan biri də dondurmadır:

“Dondurmalar sənaye üsulu qablaşdırılmış və açıq şəkildə top dondurma olaraq satışa çıxarılır. Sənaye üsulu qablaşdırılmış dondurmalar ciddi gigiyena və temperatur nəzarəti altında istehsal olunur. Bu baxımdan güvəndiyimiz markalardan alınan qablaşdırılmış dondurmalar daha təhlükəsizdir. Açıq şəkildə dondurma aparatlarında, buzqablarında satılan məhsullar isə düzgün saxlanmadıqda, gigiyena qaydalarına əməl olunmadıqda zərərli mikroorqanizmlərin inkişafı üçün şərait yaranır. Açıq dondurmalar bir neçə səbəbə görə təhlükə yarada bilir. Dondurmalar +2°C ilə -18°C arasında saxlanmalıdır. Bu rejim pozulduqda dondurmada mikroorqanizmlər çoxala bilir.
Ərimiş və yenidən donmuş dondurmada buz kristalları yaranır və bu həm dadını pozur, həm də mikrobioloji cəhətdən risk daşıyır. Qabları təmizləmədən istifadə etmək, dondurma qaşıqlarının düzgün saxlanmaması da mikroorqanizmlərin yayılmasına səbəb ola bilir. Həmçinin satıcıların əlcəksiz işləməsi, dondurmaya birbaşa təmas gigiyena baxımından təhlükəlidir. Dondurma seçərkən vitrinin və soyuducuların vəziyyətinə nəzər yetirməliyik. Soyuducular təmiz, buzsuz və işlək vəziyyətdə olmalıdır. Bizə açıq dondurmanı servis edən satıcının əlcək, başlıq və təmiz geyimdə olması vacibdir. Dondurmanın görünüşü də vacibdir. Belə ki, qırıq, buzlu, rəngi dəyişmiş dondurmalar təhlükəli ola bilər. Əksəriyyətimiz eyni qaşıqla fərqli növlər qarışdırıldığını müşahidə etmişik. Bu hal allergik və mikrobioloji risk yarada bilir. 
Risk qrupundan olan şəxslər, yəni uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün təhlükəli mikroorqanizmlər daha ciddi nəticələrə səbəb ola bilər. Bu səbəbdən bu qrupa aid olanlar  daha çox qablaşdırılmış və güvənilən dondurmaları seçməlidir”.
Seçilən
15
50
sherg.az

10Mənbələr