Bakı, 19 iyul, AZƏRTAC
Cəmiyyətimizin inkişafında və maariflənməsində, ictimai rəyin formalaşmasında əvəzsiz rola malik mətbuatımız bu gün yalnız informasiya daşıyıcısı deyil, həm də cəmiyyətlə dövlət arasında ünsiyyət körpüsü vəzifəsini uğurla həyata keçirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib
Müasir Azərbaycan mediasının formalaşmasının və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən deputat qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər bu sahədə geniş islahatlar həyata keçirərək media üzərində senzuranı tamamilə ləğv etdi, media fəaliyyətini qanunvericiliklə tənzimləyən mühüm hüquqi bazanın formalaşdırılmasını təmin etdi.
“Media nümayəndələrinə yüksək etimad göstərən Ulu Öndər KİV-in maddi-texniki bazasının müasirləşdirilməsini, jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasını daim diqqətdə saxlayıb”, - deyən Mircəlil Qasımlı bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbulu, 2021-ci ildə Medianın İnkişafı Agentliyinin təsis olunması ölkəmizdə medianın institusional inkişafının təmin edilməsi, peşəkar jurnalistikanın təşviqi və müasir informasiya çağırışlarına cavab verə bilən güclü media mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən sistemli və ardıcıl dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Deputat diqqətə çatdırıb ki, “Media haqqında” Qanunun qəbul edilməsi medianın müasir tələblərə uyğun hüquqi tənzimlənməsini təmin edir. Bu qanun informasiya təhlükəsizliyi, rəqabətlilik, informasiya məkanının sağlamlaşdırılması və jurnalistika peşəsinin nüfuzunun artırılması məqsədlərinə xidmət edir.
Mircəlil Qasımlı bildirib ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkəmizdə jurnalistikaya verilən yüksək dəyərin göstəricisidir. Bu gün jurnalistlərin sosial rifahı və peşəkar inkişafı da dövlətin diqqət mərkəzindədir. Onlar güzəştli ipoteka kreditlərindən, vergi azadolmalarından, media subyektlərinə dəstək mexanizmlərindən yararlanır, fəxri adlarla təltif olunur, müvafiq təlimlərə cəlb olunurlar. “Fürsətdən istifadə edib, əlamətdar yubiley münasibətilə bütün media mənsublarını ürəkdən təbrik edir, şərəfli və əzmkar fəaliyyətlərində onlara uğurlar diləyirəm” , - deyə deputat vurğulayıb.