Xəbər verildiyi kimi, bu il aprelin 23-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanmışdır. Onlardan biri də "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" idi. Saziş iyulun 16-dan qüvvəyə minib.
Beləliklə, Azərbaycan və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad ediliblər.
Milli Məclisin deputatı Vüqar Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Çin və Azərbaycan arasında vizasız rejimin tətbiqi iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə imkan verəcək: "Yeni saziş bir tərəfdən ölkələr arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, digər tərəfdən isə sərmayə qoyuluşlarının genişləndirilməsinə şərait yaradır. Xüsusən son dövrlər iki ölkə arasında ticarət dövriyyəsinin artması Çinin Azərbaycanın idxalda əsas ticarət tərəfdaşına çevrilməsinə imkan yaradıb. Uzun müddət Rusiya Azərbaycanın idxal ticarətində əsas tərəfdaş idi, artıq Çin ilk sıraya keçib. Bu da ondan xəbər verir ki, iki ölkə arasında strateji münasibətlər idxal və ixrac əməliyyatlarına birbaşa təsir göstərir. Beləliklə, əməliyyatların həcmində artım müşahidə olunur".
Deputat qeyd edib ki, vizasız rejim həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq: "Azərbaycana gələn çinli turistlərin sayında artım var, Azərbaycandan da Çinə gedənlərin sayının artması gözlənilir. Bu, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından vacibdir. Yalnız 2025-ci ilin yanvar-may aylarında Çindən ölkəmizə gələn turistlərin sayı 1,5 dəfə artıb. Praktik olaraq bu, ondan xəbər verir ki, Azərbaycana gələn turistlərin sayında, turizm strukturunda da Çinin payı artmaqdadır".
V.Bayramov onu da vurğulayıb ki, vizasız rejim həm də sərmayələrin təşviq edilməsi və qarşılıqlı investisiya qoyuluşları baxımından önəmlidir: "Bu, birmənalı şəkildə ölkələrin qarşılıqlı olaraq sərmayə portfelinin genişlənməsinə, investisiya qoyuluşları vasitəsilə yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"