AZ

Dövrün çağırışları və milli mətbuatımız

“İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.  

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Böyük fikir adamı Həsən bəy Zərdabinin 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzeti ilə təməlini qoyduğu Azərbaycan milli mətbuatının 150 illiyi təkcə bir qəzetin, yaxud milli mətbuatımızın 150 yaşa gəlib çatması deyil. Bu, həmçinin mətbuat səhifələrində sənədləşərək əbədiləşən bir əsryarımlıq tariximizin canlı salnaməsi, ictimai fikrin bu qədər müddəti əhatə edən ayrı-ayrı mərhələləri arasında qırılmaz bağlılıq, nəsillərin bir-biri ilə əlaqəsidir. Qeyd etdiyimiz 150 il, eyni zamanda Azərbaycan jurnalistikasının keçdiyi böyük bir inkişaf yolu, formalaşdırdığı zəngin təcrübədir.

 Bu gün cəmiyyətimizin mədəni inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan söz və ifadə azadlığı, kütləvi informasiya vasitələrinin bolluğu, bu əsryarıma bərabər müddətin həyatımıza gətirdiyi nailiyyətlərdir. Onların hər birində “Əkinçi”nin nuru, işığı görünür. Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Ə.Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin, Ceyhun bəyin, Ömər Faiq Nemanzadənin, Şəfi bəy Rüstəmbəylinin, Xəlil İbrahimin, Əlimərdan bəy Topçubaşovun və digər mütəfəkkirlərimizin ruhları duyulur. Çünki bütün nailiyyətlər tarixin müasir çağında xalqa xidməti, ölkənin inkişafına nail olmağı özünə şərəf bilən belə şəxsiyyətlərimiz hesabına qazanılıb və bu missiya indi də davam edir.  Bir sözlə xalq olaraq müxtəlif strateji dövrlərin milli hədəflərinə çatmağımızda, ümummilli məqsədləri gerçəkləşdirə  bilməyimizdə 150 illik mətbuat tariximizə borcluyuq.

Milli oyanışda mətbuatın rolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamında  xüsusi vurğulanır ki, “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar. 

Azərbaycan milli mətbuatı öz tarixi missiyasını bu gün də uğurla davam etdirir, ölkə rəhbərliyinin mətbuata qayğısı, bu sahənin böyük ənənələr işığında müasir çağırışlara uyğun şəkildə inkişafına zəmin yaradır.    

Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə də Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursa sadiqdir. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə milli mətbuatımızın inkişafı üçün o zamanın reallıqları şəraitində misilsiz işlər görən, daim jurnalistlərin dostu, hamisi kimi tanınan Ulu Öndər müstəqil Azərbaycana  rəhbərliyi illərində də cəmiyyət həyatında apardığı demokratik islahatlarla ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olmasını təmin etmişdir. Ümummilli Lider kütləvi informasiya vasitələrinin inkişafını  dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəyərləndirmiş, medianın fəaliyyətini tənzimləyən hüquqi-normativ bazanın formalaşdırılması, onun qarşısında duran süni maneələrin aradan qaldırılması, maddi-texniki təminatının gücləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü qərarlar qəbul etmişdir. Ümummilli Lider, həmçinin dövlət və media arasında sağlam, qarşılıqlı etimada əsaslanan münasibətlər sisteminin formalaşdırılmasına və mütərəqqi ənənələrin bərqərar olmasına mühüm töhfələr vermişdir.

Ötən əsrin 80-ci illərinin sonlarında baş verən proseslər ölkəmizdə çoxsaylı kütləvi informasiya vasitələrinin yaranmasına səbəb oldu. Yeni mətbuat ənənələri formalaşdı. Azərbaycan dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi dövlət quruculuğu prosesləri müasir dövrün çağırışlarına uyğun kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaratdı. 1993-cü ildən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı.  

Xüsusən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verdi. 

Mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin müharibə şəraitində yaşayan ölkədə son dərəcə böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etməsi, müxalif mövqeli mətbu orqanlarda ölkə rəhbərliyi haqqında yazılan qeyri-obyektiv, bir çox hallarda isə hətta etik normaları aşan fikirlərə tolerant münasibəti və başqalarına da bu fikirləri aşılaması, jurnalistlərin lazımi məlumatları ilkin mənbədən almasına yaratdığı şərait, tez-tez media nümayəndələri ilə ünsiyyətdə olub onların çoxsaylı suallarına cavabları ilə yaratdığı şəxsi nümunə,  milli mətbuat tariximizin yeni dövrünün unudulmaz faktları kimi yaddaşlarda qalıb.  

  

Mətbuatımızın inkişafında yeni keyfiyyət mərhələləri

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli çağlarına gəlmiş, ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsinə nail olmuş Azərbaycanda da mətbuatın dinamik inkişafını təmin edən əsas amillərdən biri dövlət tərəfindən bu sahəyə göstərilən yüksək diqqət və dəstəkdir. Eyni zamanda media nümayəndələrinin söz, fikir və ifadə azadlığından sərbəst şəkildə istifadə etmələri üçün yaradılmış hüquqi və institusional mühitdir.

Ölkəmizdə söz, fikir və ifadə azadlığı Konstitusiya ilə təsbit olunmuşdur, yazılı və elektron kütləvi informasiya vasitələri öz hüquq və azadlıqlarından maneəsiz şəkildə istifadə etmək imkanına malikdirlər. Belə bir amil təkcə Azərbaycan mediasının davamlı inkişafına təkan vermir, eyni zamanda bu sahədə keyfiyyət baxımından zaman-zaman yeni mərhələlərə keçidi təmin edir.

Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, media sahəsində strateji islahatların həyata keçirilməsi, qəbul olunmuş normativ-hüquqi aktlar və qərarlar onun institusional dayanıqlığını və funksionallığını artırır. Nəticə etibarilə, ölkəmizdə mətbuatın inkişafı üçün zəruri olan hüquqi baza və praktiki zəmin artıq ən yüksək səviyyədə formalaşdırılmışdır.

Prezident İlham Əliyevin hələ 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı ölkədə media sektorunun inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqətin bariz nümunəsi olmaqla, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb etmişdir.

Həmin sərəncamla yanaşı, kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borclarının tamamilə silinməsi də mətbuatın maliyyə yükünün azaldılmasına yönəlmiş strateji addımlardan biri kimi yadda qalmışdır. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə həmin borclar illər əvvəl dondurulmuş, sonradan isə Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə tamamilə ləğv edilmişdir. Bu addım Azərbaycan mediasının iqtisadi dayanıqlığının təmin olunmasında tarixi bir mərhələ idi. 

Eyni zamanda 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi ilə medianın sistemli və davamlı inkişafını təmin edəcək hüquqi və strateji çərçivələr müəyyən edilmişdir. Konsepsiyada mətbuatın inkişafı istiqamətində həyata keçiriləcək əsas vəzifələr, eləcə də milli maraqlara xidmət edən prioritetlər aydın şəkildə əksini tapmışdır.

Bu siyasətin məntiqi davamı olaraq, Prezident İlham Əliyevin 2009-cu il 3 aprel tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mediasının inkişaf tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur. Bu, dövlət-media münasibətlərinin institusional əsaslar üzərində qurulması və bu sahəyə sistemli dəstəyin göstərilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir. Dövlətin göstərdiyi diqqət yalnız qanunvericilik və institusional dəstək ilə məhdudlaşmamış, həm də jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması və əməyinin layiqincə qiymətləndirilməsi ilə müşayiət olunmuşdur.

Bu çərçivədə mətbuat nümayəndələrinə fəxri adların verilməsi, onların fəaliyyətinin obyektivlik, peşəkarlıq və milli maraqlara xidmət prinsipləri əsasında qiymətləndirilməsi xüsusi önəm daşıyır. Eyni zamanda Azərbaycan bu sahədə beynəlxalq miqyasda unikal nümunə formalaşdırmışdır.

Mətbuat, jurnalistika zamanın çağırışları ilə nəfəs alan, dəyişikliklərin tərcümanı olan ictimai təsisatdır. Zamanın dinamik dəyişməsi, hər dövrün öz reallıqlarının meydana gəlməsi, təbii ki, mətbuat qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan dövlətinin bugünkü inkişafı, həm regionda, həm qlobal məkanda oynadığı əhəmiyyətli rol, önümüzdəki böyük milli hədəflər, mətbuatımız qarşısında da yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında bu xüsusda demişdir: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".

Zəfər tariximizin salnaməsi

Son bir neçə il ərzində Azərbaycanda və ümumən regionda baş verən mühüm proseslər milli mətbuat tariximizə də əbədi həkk olunmuşdur. Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz, ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmişdir.

Bu proseslər zamanı Azərbaycan mediası yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirmiş, informasiya müharibəsi müstəvisində fəal iştirak etmişdir. Milli mətbuat orqanlarımız və jurnalistlərimiz haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmən tərəfinin və onun informasiya dəstəkçilərinin dezinformasiyalarının ifşa olunması istiqamətində mühüm rol oynamış, Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı ilə bağlı zəngin və dəyərli salnamə yaratmışlar. Hər birimiz üçün böyük qürurdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində faciələrimizin, itkilərimizin tarixini sənədləşdirən mətbuatımız bu gün Zəfər salnaməmizi əbədiləşdirir. Azərbaycan Prezidentinin mılli mətbuatımızın 150 illiyi ilə bağlı sərəncamında bu məqamlar xüsusilə qeyd olunur: “Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır”.

Vətən müharibəsində qazanılmış Qələbədən sonra başlanmış genişmiqyaslı islahatlar çərçivəsində ölkə mediasının inkişafı istiqamətində də ardıcıl addımlar atılır. Dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanı  bu baxımdan ölkəmizdə informasiya siyasətinin təkmilləşdirilməsi, media mühitində şəffaflığın artırılması, peşəkar və dayanıqlı media sisteminin formalaşdırılması istiqamətində yeni bir dövrün əsasını qoymuşdur.

2022-ci ildə qüvvəyə minən “Media haqqında” Qanun, ölkəmizdə media fəaliyyətinin, xüsusilə də rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasına və informasiya mühitinin sağlamlaşdırılmasına yönəlmiş strateji addımlardan olmuşdur.

Yeni qanunvericilik çərçivəsi ilə paralel olaraq, media subyektlərinin və jurnalistlərin fəaliyyətinə iqtisadi və sosial dəstəyin artırılması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin ləğvi, habelə jurnalistlərə güzəştli ipoteka kreditləri vasitəsilə mənzil əldə etmək imkanının yaradılması bu sahədə görülən sistemli və məqsədyönlü addımlardandır.

Bütün tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, eyni zamanda media nümayəndələrinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edərək, bu sektorda dayanıqlılıq və peşəkarlığın yüksəldilməsi prosesinə əhəmiyyətli töhfə vermişdir.

Müvafiq fərman əsasında Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması Azərbaycan mediasının sürətli irəliləyişinə dövlət dəstəyinin yeni və daha səmərəli institusional mexanizmlərlə təmin olunmasına geniş imkanlar açmışdır. Agentlik, əvvəlki dövrlərdə həyata keçirilən tədbirləri sistemləşdirərək, daha çevik, nəticəyönümlü və müasir tələblərə uyğun fəaliyyət modeli qura bilmişdir. 

Agentliyin əsas fəaliyyət istiqamətləri sırasında media subyektlərinin hüquqi və iqtisadi mühitdə fəaliyyətinin tənzimlənməsi, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi, medianın özünütənzimləmə imkanlarının artırılması, həmçinin ictimai maraqlara və milli təhlükəsizliyə xidmət edən medianın inkişafına dəstək göstərilməsi xüsusi yer tutur.

Azərbaycan Prezidentinin yerli və xarici jurnalistlərə mütəmadi müsahibələri, onların çoxsaylı suallarına verdiyi əhatəli cavablar, ölkə və dünya ictimaiyyəti ilə media vasitəsilə qurduğu effektiv kommunikasiya cənab İlham Əliyevin mətbuata verdiyi mühüm dəyərdir.

Dövlətimizin başçısı bütün çıxışlarında söz azadlığının təmin olunmasını prioritet məsələ hesab edir və bununla bağlı böyük siyasi iradə nümayiş etdirərək lazımi addımları atır. “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur", - deyə Prezident İlham Əliyev bildirir. Və bunu demokratiyanın fundamental şərti kimi dəyərləndirir. 

Milli mətbuatımızın yubiley ildönümlərində bu əlamətdar tarixlərin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, o cümlədən “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Prezidentin sərəncamı da dövlət rəhbərimizin mətbuatımıza, jurnalistlərə diqqət və qayğısının daha bir təzahürüdür. 

150 yaşlı mətbuatımız milli dövlətimizlə birgə gələcəyə doğru irəliləyir, güclənir, inkişaf edir, tarixin ən qüdrətli Azərbaycanının yüksəliş salnaməsini yazır. 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Seçilən
56
22
azerbaijan-news.az

10Mənbələr