Bakı, 20 iyul, AZƏRTAC
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev çoxvektorlu xarici siyasət strategiyasının əsas prinsiplərini geniş şəkildə izah etdi. Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın suallarına cavab verən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nüfuzun və müsbət imicinin arxasında duran amilləri açıq danışdı. Mixail Qusman Azərbaycan xarici siyasətini nadir və bənzərsiz adlandıraraq, bunun arxasında duran əsas siyasi prinsipləri soruşdu. O, Prezidentin çoxvektorlu siyasətinin necə formalaşdığını və bu mürəkkəb siyasətin hansı dəyərlər üzərində qurulduğunu öyrənmək istəyirdi. Prezident İlham Əliyev rusiyalı jurnalistin sualına cavab olaraq Azərbaycanın xarici siyasətinin uğurunun 5 əsas prinsipə söykəndiyini qeyd etdi. Bu prinsiplər yalnız diplomatik manevrlərlə izah olunmur, onlar həm də milli kimliyin, dövlətçiliyin və suverenliyimizin qorunmasına xidmət edən əsas ideoloji sütunlardır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun “Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasətinin sirləri” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Xalqa həqiqəti demək - dürüstlük üzərində qurulan siyasət
Müasir informasiya dövründə liderin xalqa dürüst yanaşması dövlətin sabitliyi və xalqla hökumət arasında etimad körpüsünün qorunması baxımından həlledici əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd etdi ki, həm daxili, həm də xarici siyasətdə həmişə həqiqəti demişəm, bu mənim daxili və xarici siyasətimdə əsas prinsipidir. O bildirdi: “Mənim xalqım bilir ki, mən həmişə həqiqəti söyləyirəm”. Bu prinsip, eyni zamanda, beynəlxalq tərəfdaşlarla münasibətlərdə öz əksini tapır - verilən söz yerinə yetirilir, qəbul edilən öhdəliklər pozulmur. Bu, Azərbaycanın xarici siyasətinin etibarlı tərəfdaş statusunu qazanmasının başlıca səbəbidir.
Beynəlxalq hüquqa sadiqlik - işğaldan bərpaya doğru
Azərbaycanın 30 ilə yaxın davam edən işğal dövründə və sonrakı bərpa mərhələsində də beynəlxalq hüquq normalarına sadiq qalması, onu bu sahədə dünyada nadir nümunəyə çevirib. Prezident vurğuladı ki, Azərbaycan heç bir zaman beynəlxalq hüquq normalarından kənara çıxmayıb. Qarabağın azad edilməsi də hüquqi əsaslarla həyata keçirildi. Azərbaycan heç vaxt separatizmi və terrorizmi legitimləşdirmədi, əksinə, onları ifşa edən qlobal nümunə təqdim etdi. Bu, beynəlxalq hüququn təhrif edildiyi dövrdə Azərbaycanın öz dəyərlərinə sadiqliyini göstərdi. Belə yanaşma Qarabağ məsələsində olduğu kimi, digər regional münaqişələrə münasibətdə də dəyişməz olaraq qalır.
Coğrafi mövqedən strateji fayda
Azərbaycanın unikal coğrafi mövqeyi - Şərq ilə Qərb, Şimal ilə Cənub arasında yerləşməsi həm strateji üstünlükdür, həm də potensial təhlükələr mənbəyidir. Lakin bu risklər, Prezidentin sözləri ilə desək, “kimin əlində olmasından asılıdır”. Azərbaycan bu üstünlüyünü nəqliyyat və enerji layihələrinə çevirməklə, Zəngəzur dəhlizindən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi layihələrlə regionun iqtisadi “arteriyası”na çevrilərək geosiyasi xəritədə öz mövqeyini gücləndirib.
Çoxvektorlu iştirak - balanslaşdırılmış diplomatiya
Azərbaycanın xarici siyasətinin əsas fərqləndirici xüsusiyyətlərindən biri onun həm Şərq, həm Qərb strukturları ilə balanslı əməkdaşlıq aparmasıdır. Azərbaycan, eyni zamanda, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sənədləri imzalayır, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında fəal mövqe tutur. Prezident İlham Əliyev çıxışında Azərbaycanın D-8 təşkilatına üzv seçilmiş yeganə yeni ölkə olduğunu da xatırlatdı. Bu təşkilata yalnız böyük müsəlman dövlətləri üzv olduğu halda, Azərbaycanın qəbul olunması onun artan geoiqtisadi nüfuzundan xəbər verir.
Qonşunun maraqlarına hörmət - regional əməkdaşlıq fəlsəfəsi
Milli maraqlar hər zaman prioritet olsa da, qonşuların narahatlıqlarını, strateji ehtiyaclarını və mövqelərini nəzərə almaq balanslı regional siyasətin şərtidir. Prezident Əliyevin sözləri ilə desək, əgər qonşunun prizmasından da baxsan, çox şeyi düzgün həll edə bilərsən. Bu prinsip, xüsusilə İran, Gürcüstan, Rusiya və Türkiyə ilə münasibətlərdə aydın müşahidə olunur.
Tramp və ABŞ-Azərbaycan münasibətləri: yeni dövrə ümid
Forum zamanı Prezident Trampın Azərbaycana yönəlik müsbət mesajları da diqqətdən qaçmadı. Prezident İlham Əliyev onun administrasiyasını “müharibəyə başlamayan yeganə prezident” kimi dəyərləndirərək qeyd etdi ki, belə bir liderin Ağ Evə dönüşü regional sabitlik və Azərbaycanla ABŞ münasibətlərində yeni inkişaf mərhələsi vəd edir. Trampın “ailə dəyərlərinə və sülhə önəm verən lider” olması, Azərbaycan cəmiyyətində də geniş rəğbətlə qarşılanır.
Bu 5 sütun, Azərbaycanın yalnız bugünkü sabitliyini deyil, gələcəkdə regional güc mərkəzi kimi davamlı inkişafını təmin edən strateji əsaslardır.
III Şuşa Qlobal Media Forumunda çıxış edən dövlətimizin başçısı ukraynalı tanınmış jurnalist Dmitri Qordonun sualına cavab verərkən təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə XXI əsr beynəlxalq siyasətin ən böyük örnəklərindən birini ortaya qoydu.
“Biz heç vaxt işğalla barışmadıq”-Liderin çağırışı və xalqın səfərbərliyi
Prezident Əliyevin sözləri bir daha təsdiqlədi ki, Azərbaycanın heç vaxt işğalla barışmaq niyyəti olmayıb. “Əsas tövsiyəm budur - heç vaxt işğalla barışmayın!” - bu cümlə təkcə Ukrayna xalqına deyil, azadlıq uğrunda mübarizə aparan bütün millətlərə ünvanlanmış qlobal çağırışdır. Azərbaycan 1990-cı illərin ağır günlərində - xəzinəsi boş, iqtisadiyyatı dağılmış, qaçqın və məcburi köçkünlərlə dolu olduğu dövrdə belə bu prinsipdən dönmədi. “Pul yox idi, dəstək yox idi, beynəlxalq ədalət susurdu. Amma xalqımız bir ideya ətrafında birləşdi - torpaqlarımıza qayıtmaq!”- deyə Prezident qeyd etdi.
“Yeni reallıqları biz yaratdıq və dünya onları qəbul etdi”
Prezident İlham Əliyev çıxışında açıq şəkildə bildirdi ki, Azərbaycan öz reallıqlarını özü yaratdı və dünya bu reallıqlarla hesablaşmağa məcbur oldu. ATƏT-in Minsk Qrupunun illərlə status-kvonu qorumağa çalışdığı şəraitdə, Azərbaycan yeni oyun qaydaları gətirdi - bu qaydalar isə beynəlxalq hüququn və milli gücün birlikdə yaratdığı haqqın qaydaları idi. Prezidentin 2003-cü ildən başlayaraq danışıqlar masasında keçirdiyi 17 il diplomatik səbir və strateji təmkinin simvoluna çevrildi. Amma o, vaxtı gələndə liderlik etdiyi ordunu önə çəkərək 44 gündə tarix yazdı. Prezident İlham Əliyev çıxışında öz şəxsi hisslərini və düşüncələrini səmimi şəkildə bölüşdü. “Əgər mən etməsəydim, bəlkə də bunu heç kim edə bilməzdi” - deyə o, lider məsuliyyətinin nə qədər ağır, lakin şərəfli bir missiya olduğunu vurğuladı. Bu, bir xalqın yükünü çiynində daşıyan, gecə-gündüz xalqın rifahı və vətən torpaqlarının bütövlüyü üçün yaşayan, düşmənə qarşı yalnız silahla deyil, ağılla, inamla və xalq sevgisi ilə mübarizə aparan bir Liderin səmimi etirafı idi.
“Ədalətə inamım azalmışdı, amma xalqımın həmrəyliyi mənə güc verdi”
O anlarda - hər gün müharibəyə bir addım daha yaxınlaşdığı günlərdə - Prezident İlham Əliyev hər görüşdə keçmiş məcburi köçkünlərin gözlərindəki ümidsizliyi hiss etdiyini bildirdi. Amma bu ümidsizliyi ümidə çevirən, ədaləti qələbəyə çevirən onun xalqla birliyi, mənəvi dayağı və rəhbərlik etdiyi milli həmrəylik ruhu idi. Prezidentin sözləri bir daha sübut etdi ki, liderlik təkcə strateji qərarlar deyil, həm də xalqın inamını itirməmək, gözlərdə sönən işığı yenidən yandırmaqdır.
Tarix İlham Əliyevi Qalib Lider kimi yazır
Bu çıxış, sadəcə, cavablar toplusu deyildi. Bu, bir millətin mübarizə tarixinin kodlarını ehtiva edən epoxal manifest idi. İlham Əliyev təkcə Azərbaycanın Prezidenti deyil - o, ədalət naminə susan dünyanın səsini oyadan, xalqını zəfərə aparan bir tarixi şəxsiyyətdir. Onun sayəsində Azərbaycan nəinki torpaqlarını azad etdi, həm də regionda sülhün və sabitliyin əsas dayağına çevrildi.
“Heç vaxt təslim olmamaq!”
Bu, yalnız bir dövlət başçısının deyil, bir millətin andıdır. Prezident İlham Əliyevin bu çıxışı XXI əsrin milli liderlik modelinə parlaq nümunədir. O, əyilmədi, susmadı, heç kimə yalvarmadı - sadəcə, haqqına sahib çıxdı. Bu gün Şuşada, Xankəndidə, Füzulidə və hər qarışında Azərbaycan Bayrağı dalğalanan Qarabağda, biz hamımız deyirik: “Ədalət var- sadəcə, ona nail olmaq lazımdır!”