AZ

Hidayət: "Dedilər ki, Bəxtiyar Vahabzadə Ermənistana aid şeir yazıb" - Müsahibə

Kulis.az yazıçı Hidayətin APA-ya müsahibəsinı təqdim edir.

- Hidayət müəllim, bu yaxında Akademik Musiqili Teatrın səhnəsində sizin “İrəvanda xal qalmadı” əsəriniz əsasında hazırlanmış tamaşaya baxdım. Tamaşada Ermənistanda yaşayan Sultan Oğuz adlı yazıçı SSRİ Yazıçılar İttifaqı tərəfindən dövlət mükafatına təqdim edilir. Ermənilər də bunun qarşısını almaq üçün məkrli planlar qururlar. Belə hadisə həqiqətən olub, yoxsa təxəyyül məhsuludur?

- Əvvəla onu deyim ki, müsahibəmiz Milli Mətbuatımızın 150 illiyinin astanasında baş tutur. İmkandan yararlanaraq bütün jurnalistlərimizi təbrik edirəm. Onu da demək istəyirəm ki, xüsusilə sənin kimi jurnalistlərlə görüşəndə öz gəncliyimi xatırlayıram. Mən respublika səviyyəsində işə jurnalist fəaliyyəti ilə başlamışam, 21 yaşımda “Sovet Ermənistanı” qəzetinin ədəbi işçisi olmuşam.

- Çox sağ olun, təşəkkür edirəm.

- Dediyin suala gəldikdə isə ona oxşar bir yazıçı olub və bu hadisə baş verib.

- Çünki siz Qərbi Azərbaycanda doğulmuş, uzun müddət orada yaşayıb fəaliyyət göstərmisiniz. Məncə, burda avtobioqrafik çalar da olmamış deyil.

- Şübhəsiz. Mən sizə “Burdan min atlı keçdi” kitabımı bağışlayacam. O kitab 1984-cü ildə, mən İrəvandan köçəndən dərhal sonra yazılmağa başlayıb. O vaxt Sovet senzurası bu əsəri ciddi ixtisarlarla çap eləmək istədi. Mən razılaşmadım. Hətta əsərin o şəkildə çapından imtina etdim. Sonra mənim təkidimlə “Azərbaycan” jurnalında jurnal variantı çıxdı. Əlbəttə, Qlavlitin - senzuranın çək-çevirindən sonra əsər çox şey itirsə də, qalan hissələr çap olundu. Düzü, mən əvvəl əsərin jurnalda da ixtisarla çapına da qarşı idim. Bir axşam Yusif Səmədoğlu zəng edib söylədi ki, “Burdan min atlı keçdi”nin ixtisarla jurnalda çap olunması belə hadisə olacaq. Onun sözüylə razılaşdım. Amma bir şərtlə: Göstərilsin ki, jurnal variantıdır. Əsər jurnal formatında 1986-cı ildə dərc edildi. Düzdür, sərt yerlərin çoxu çıxarılmışdı, amma qalan hissə də Azərbaycan oxucusu üçün yeni, maraqlı idi. O əsərdə mən çox məsələləri danışmışam. Sergey Yesenindən tərcümeyi-hal yazmasını istəyəndə o, qısa bir şey qaralayır. “Niyə belə az?” deyə soruşanda da cavab verir ki, tərcümeyi-halımın qalan hissəsi şeirlərimdədir. Mənim həm İrəvan dövrünü, həm də sonrakı illəri əhatə edən həyatım bu kitabda toplanıb. Bu kitabda Qərbi Azərbaycanda xalqımızın sinə gərdiyi problemlər öz əksini tapıb: Azərbaycan toponimlərinin dəyişməsindən tutmuş 1948-ci ilin - mən ona “könüllü repressiya” deyirəm - son dövrlərin deportasiyasına qədər hər şey yazılıb.

Həmən vaxt bizim evdə ən qorxulu söz “köç” söz idi

- 1948-ci il deportasiyası zamanı dörd yaşınız vardı. Yadınıza gəlir?

- 1947-ci ildə atamla Qüdrət qağam – ailəmizdə böyük qardaşa qağa deyirik - ikimərtəbəli ev tikməyə başladılar. Həmən vaxta kimi bizim Mığrı, ermənilərin Meğri dediyi rayonda cəmi iki sayda ikimərtəbəli bina vardı. Biri Rayon Partiya Komitəsinin inzibati binası, o biri birinci katibin evi idi. Bir də kiçik Maralzəmi kəndində bizim ev idi. İkinci mərtəbənin artırılması 1951-1952-ci illərdə baş tutdu. Həmən vaxt bizim evdə ən qorxulu söz “köç” söz idi. Hər il başa çatanda anam təbəssümlə deyərdi ki, Allah, sənə çox şükür, bu il də bizi köçürmədilər. Yəni o illər narahatlıq, insanların mənəvi repressiyaya uğradığı dövr idi.

- Yaşamaq şövqü ilə böyük ev tikirsiniz və tikdiyiniz dudmanın sizə qalmayacağından qorxursunuz.

- Bəli, doğrudur. Yəni deməyim odur ki, bu proses mənim uşaqlığımda baş verib. Təəssüf ki, mənim uşaqlığım o dövrdən başlayır. Anam deyərdi ki, sovet hökumətinin bayrağı bir az aşağı düşən kimi ermənilərin yumruğu başımızın üstünü alır. Əvvəllər mən uşaq idim, bunu anlamırdım. Mən bunu 1988-89-cu illərdə gördüm. Qorbaçovun yenidənqurmasından sonra - mən onu həmin illərdə mətbuatda “yenidənqırma” adlandırmışam – ermənilər yenidən baş qaldırdılar və bizi sonuncu dəfə Qərbi Azərbaycandan deportasiya etdilər. Amma unutdular ki, Dəmir Yumruq öz sözünü deyəcək. Üstündən 30 il keçsə də, Dəmir Yumruq öz işini gördü. Anam ilk deportasiyanın – 1918-ci ilin dəhşətlərini yaşamışdı. Onda 13 yaşındaymış. Sonra 1988-ci il, yenə dəhşətli qaçqınlıq müsibəti. Son iki yüz ildə Azərbaycan tarixində 44 günlük müharibədən böyük hadisə yoxdur. Son iki yüz ildə Azərbaycan itirə-itirə gəlib. İndi o regionların adını çəkmək istəmirəm. Hər halda qonşu dövlətlər var. Mənim sözümü təkcə yazıçı fikri kimi yox, həm də dövlət xadiminin bəyanatı kimi qəbul edəcəklər.

“Neftçi” qalib gələndə bütün azərbaycanlıların, “Ararat” qalib gələndə bütün ermənilərin milli bayramı olurdu

- Deyirsiniz, ananız evdə belə söhbətlər danışırdı və bir Azərbaycan icması kimi daim bu qorxuları yaşayırdınız. Bəs bayırda ermənilərlə münasibət necə idi?

- Ermənilərin bizə qarşı azı təftişçilik münasibətini daim hiss edirdik. Mən uşaqlıqda, sonralar “Sovet Ermənistanı” qəzetində və teatrda işləyəndə bunları apaydın görmüşəm. Bizim rayonda Zəngəzurun digər bölgələrinə - Vedibasara, Zəngibsara, Hamamlıya, Göyçənin özünə nisbətən erməni millətçiliyi kəskin hiss olunmurdu. Münasibətlərin hədsiz gərginliyi “Neftçi” ilə “Ararat”ın oyununda açıq-aydın görünürdü. Onların oyunlarının nəticələri münasibətlərə çox mənfi təsir göstərirdi.

- “Neftçi” qalib gələndə nələr olurdu?

- Ooo, “Neftçi” qalib gələndə bütün azərbaycanlıların, “Ararat” qalib gələndə bütün ermənilərin milli bayramı olurdu.

- Bu oyunlar zamanı bildiyimiz qədəri ilə insident də yaşanırdı.

- Şübhəsiz. Elə o insidentlərin birinə mən özüm də düşmüşəm. İrəvanda “Neftçi” ilə “Ararat”ın əvəzedici heyətləri oynayırdı. Mən teatrın 3-4 əməkdaşı ilə oyuna baxmağa getmişdim. Aramızda teatrın iki erməni əməkdaşı da vardı...

- Onlar da sizinlə getmişdilər?

- Bəli. Orda bir insident yaşandı. Sadəcə mən onun böyüməsinə imkan vermədim. Mənim respublika rəhbərliyi, erməni ictimaiyyəti içində teatr direktoru, yazıçı kimi nüfuzum ermənilərin hiyləsinin baş tutmasına imkan vermədi.

- Ətraflı danışa bilərsiniz?

- Bilirsiniz, o ayrıca müsahibənin mövzusudur. Qısaca deyim ki, ermənilər bizlə bağlı şikayət elədilər. Milis də onların tərəfini tutdu. Sonra biz milisi də ifşa elədik və mənim bir daha deyirəm, amma təvazökarlıqdan uzaq olmasın, nüfuzum sayəsində məsələni bağladıq.

- Deməli, Zeynəb Xanlarovanın oxuduğu “Qardaş olub Azərbaycan-Hayastan” mahnısı yalnız kosmetik bəzək imiş. Dərinlərdə bizimlə ermənilər arasında heç vaxt gerçək barışıq olmayıb.

- Yox, sən deyən kimi bunlar hamısı kosmetik bəzək idi. Ermənilər tərəfindən bizə sevgi, xoş münasibət olmayıb. Özü də ermənilərin içindən kimsə normal söz deyəndə də ona qarşı çıxırdılar. Mən orda adamlar tanıyırdım ki, 1915-ci il hadisələri barədə danışanda deyirdilər: “Üstündən bu qədər müddət keçib, keçmişə yox, gələcəyə baxmaq lazımdır”. Həmən adamlar da təqib edilir, işdən çıxarılır, mətbuatda tənqid olunurdular.

- 1965-ci ildə Ermənistanda 1915-ci il hadisələrinin 50 illiyi qeyd olunmuşdu?

- Bəli, qeyd olunmuşdu. Hətta buna görə Moskvadan icazə də alınmışdı. İrəvanın Opera və Balet Teatrında qondarma soyqırımı ilə bağlı tədbir keçirildi. Respublikanın yüksək rəhbərliyi gəlmişdi. Bir az sonra ekstremistlər binaya hücum elədilər. Bəlkə də bu, əvvəldən hazırlanmış ssenari idi. Mərkəzi Komitənin büro üzvləri qorxularından binanı tərk elədilər. Mən o vaxt Mığrı rayonunda idim. Amma bu hadisəni dəqiq bilirəm. Teatrın binasında başlayan təxribatlar, intizamsızlıq bütün şəhərə yayıldı. Ertəsi gün yenə şəhərdə aksiyalar keçirildi. Etirazçılar hava limanına üz tutdular, oranı ələ keçirmək istəyirdilər. Onda artıq Sovet ordusu işə qarışdı, onların qabağını kəsdi. Bir az sonra mitinqlər səngidi.

- Həmən hadisələr zamanı azərbaycanlılara qarşı hücumlar baş vermişdi?

- İrəvanla yanaşı azərbaycanlıların az yaşadıqları rayonlarda da böyük gərginlik yaşandı. İnsanlar çölə çıxmağa qorxurdular ki, azğınlaşmış kütlənin hücumuna məruz qalmasınlar. Hadisələrin ildonümünə yaxın, 1966-cı ilin mart ayında Mərkəzi Komitənin birinci və ikinci katiblərini dəyişdilər. Qatı millətçiliyi ilə seçilən Hovanes Bağdasaryanı ikinci katib vəzifəsindən çıxarsalar da çölə atmadılar, mədəniyyət naziri təyin etdilər. O qısa müddət mədəniyyət naziri işləyəndən sonra Ali Sovetin Rəyasət Heyəti sədrinin birinci müavini vəzifəsinə qoydular. Halbuki nə Rusiyada, nə də Sovetlər Birliyinin digər ölkələrində parlamentdə sədrin birinci müavini postu var idi. Yalnız o qatı millətçi erməniyə görə bu vəzifəni yaratdılar. O da vəzifədə olduğu illərdə Qərbi Azərbaycanda mövcud olan yüzlərlə toponimlərimizi, adlarımızı dəyişib erməniləşdirdi.

Ermənilər həmişə Moskvada bir söz deyirdilər, Bakıda başqa cür, İrəvanda tamam ayrı cür danışırdılar

- Qərbi Azərbaycanda bu qədər azərbaycanlı yaşayırdı. Onlar nə əcəb buna etiraz etmirdilər?

- Etiraz edirdilər, ciddi etiraz edirdilər.

- Sizin dayınız Əli Məmmədov da Sovet Ermənistanında daim yüksək vəzifələrdə olub. O da etiraz edə bilərdi.

- Dayımın Ali Sovetdə son vəzifəsi Sovetlər Şöbəsinin müdirinin müavini olub. Əvvəllər Vedibasarda rayon Partiya komitəsinin birinci katibi, Amasiya ilə Qukasyan bir rayon olanda İcraiyyə komitəsininsədri olmuşdu, Ermənistan Ali Sovetinə deputat seçilmişdi. O, Ali Sovetin partiya iclasında çıxış edir. Həmən ərəfədə Moskvada partiyanın 21-ci qurultayı keçirilirdi. Orda Koçinyan (Anton Koçinyan - SSRİ partiya xadimi, Ermənistan KP MK-nın birinci katibi - M.A.) çıxış edib xalqlar dostluğundan danışmışdı. Həmən vaxt dayım sərt çıxış edib deyir ki, Koçinyan Moskvada dostluqdan danışır, amma burada 24 apreldə ermənilər küçələrə çıxıb Naxçıvanla Qarabağı istəyirlər. Bunu necə başa düşək? Çıxış Ali Sovetin Rəyasət Heyətinin sədrinin xoşuna gəlmir, o dayımın sözün iki dəfə kəsir. Dayımın çıxışı lap yuxarı dairələrə çatdırılır. Sadəcə bilirsiniz necədir, ermənilər həmişə Moskvada bir söz deyirdilər, Bakıda başqa cür, İrəvanda tamam ayrı cür danışırdılar. Onlar əsas qayələrindən heç vaxt əl çəkmirdilər. Dayımın çıxışından bir müddət sonra İrəvanda yaradıcılıq təşkilatlarının plenumu keçirilirdi. Orda mənə də söz verdilər. Mən ədəbiyyat məsələlərindən, Yazıçılar İttifaqının fəaliyyətindən danışdım.

- Ermənistan Yazıçılar İttifaqının fəaliyyətindən?

- Bəli. Mən Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü, eyni zamanda, Azərbaycan Ədəbiyyatı Şurasının sədriydim, o xətlə çox böyük işlər görülürdü. Çıxışda dedim ki, Ermənistan tərkibinə görə SSRİ-də ən milli respublika olsa da, Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı Şurası, Rus Ədəbiyyatı Şurası, Kürd Ədəbiyyatı Şurası böyük işlər görür. Həqiqətdə də o cür idi.

- Siz Azərbaycan ədiblərinin Ermənistanda tanınması istiqamətində böyük işlər görmüsünüz.

- Mən əvvəla Qərbi Azərbaycanda yaşayan yazıçılarımızın tanıdılması istiqamətində işlər görürdüm. Onların hamısının kitablarını çap edirdim.

- Erməni dilində?

- Yox, Azərbaycan dilində. Əlbəttə, mənim erməni dilində də kitabımı çap edirdilər. Amma başqa yazıçıların əsərlərini Ermənistanda Azərbaycan dilində çap edirdim, üstəlik erməni mətbuatında da erməni dilində verirdim. Bundan başqa hər il “Ədəbi Ermənistan” məcmuəsini çap edirdik. O məndən də qabaq çap olunub, sonra arada fasilə vermişdilər. “Nəyim var?” adlı ilk şeirim də mən məktəbdə oxuyanda orda çap olunub. İlk bəndi yadımdadır:

Nəyim var soruşdu bir qoca əyyaş

Sualdan titrədi bütün varlığım

Düşündüm bu rişxənd olmayaydı kaş

Dedim ki, şeirdir bəxtiyarlığım.

- Neçə yaşında yazmışınız?

- Səkkizdə-doqquzda oxuyardım.

- İlk qələm təcrübəsi kimi kifayət qədər iddialı şeirdir.

-(Gülür) hə, çox iddialı idi. Nədənsə o şeiri kitablarıma salmadım. Hə, biz orda Nəsimidən başlayaraq Səməd Vurğun, Nəbi Xəzri, İsa İsmayılzadə, Anar, Elçin və başqa Azərbaycan yazıçılarını çap edirdik.

- Əkrəmi çap etmişdiniz?

- Əkrəmi yox, çap etməmişdik.

- Əkrəmin erməni dilində çap olunmamağı da ironik mənzərədir.

- Hə, amma Bəxtiyar Vahabzadəni çap etmişdik. Mən hələ qəzetdə işlədiyim vaxt əsli Goranboydan olan Alek Xaçunts adlı erməni şairi var idi. Azərbaycan dilini bilirdi. Ona nəşriyyatdan müasir Azərbaycan şairlərindən birinin kitabını tərcümə etməyi məsləhət görmüşdülər. O məndən soruşanda fikirləşmədən dedim Bəxtiyar Vahabzadəni çevir. Xahiş elədi, Bəxtiyarın kitablarını bağışladım. Həvəslə tərcümə edir, anlamadığı sözləri məndən soruşurdu. Kitab hazır olub nəşriyyata getdi, nəşriyyat millətçilik damğası ilə kitabı çap etmədi. Bundan bir müddət sonra Alek Xaçunts başıalovlu yanıma gəlib dedi ki, Bəxtiyar Vahabzadənin adından bir şeir yazmışam. “Uca zirvələrdən uçan durnalar” – birinci misrası belə idi. Guya Bəxtiyar Vahabzadə Ermənistana aid şeir yazıb. İnsafən şeirdə milli, siyasi, Ermənistanı öyən heç nə yox idi, ancaq təbiətlə bağlı idi. Məndən də xahiş elədi ki, onu Azərbaycan dilinə tərcümə edim. Aparıb nəşriyyatda göstərsin.

- Sən erməninin fərasətinə bax!

- Hə. Mən o şeiri tərcümə etdim. Amma bununla belə mən nəşriyyatın direktoru və baş redaktoru ilə danışdım, kitabı çap elədilər. Çünki oralarda kimsə demişdi ki, Bəxtiyar Vahabzadə siyasətçi, millətçi şairdir. Alek o şeirin tərcüməsini Bəxtiyar müəllimə göndərmişdi, oxumuşdu, xoşuna gəlmişdi, demişdi Azərbaycan dilində çıxan kitabıma salacağam. Sonra şairin ikinci kitabını – bu dəfə iri həcmdə - erməni dilində nəşr etdik.

Yaradıcılıq təşkilatlarının birləşmiş plenumundakı çıxışımla bağlı sözlərim yarımçıq qaldı. Bayaq adını çəkdiyim Hovanes Bağdasaryan da yaradıcılıq təşkilatlarının tədbirlərində iştirak edirdi. Halbuki onun mədəniyyətlə əlaqəsi yox idi. Yaradıcılıq təşkilatlarının plenumu hara, Ali Sovetin Rəyasət Heyətinin sədrinin birinci müavini hara? Tənəffüsdə mənə yaxınlaşıb dedi ki, siz niyə orda belə çıxış edirdiniz? O mənim eyhamımı başa düşmüşdü ki, Ermənistan ən milli respublikadır, buradan Qərbi azərbaycanlılar qovulub. Hovanes həmən söhbətdə dayımın çıxışını xatırladıb dedi ki, sən burda, Əli Sultan oğlu da orda danışır. Dedim, mən bilmirəm dayım orda nə danışıb, mən ədəbiyyat söhbəti eləmişəm. Halbuki dayım həmən sərt çıxışından sonra axşam məni evinə çağırmışdı, söhbətdən xəbərim vardı. Məndən başqa Səfər Vəlibəyov, Hüseyn Məmmədov da o kəskin çıxış barədə eşidib dayımgilə gəlmişdilər. Onlar da Ermənistanda vəzifədə idilər. Hüseyn Məmmədov Gülçöhrə xanımın (Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memar Gülçöhrə Məmmədova – M.A.) atasıdır.

Mən İrəvana gedəndə ilk dəfə baş çəkdiyim yerlərdən biri Göy məscid idi

- Siz nə əcəb o vaxtı Bakıda işləmədiniz, İrəvanda yaşamağı seçdiniz? Belə deyək, bu prosesi 18 il gecikdirdiniz?

- Bilirsən, mənim “Burdan min atlı keçdi” əsərim elə məhz 1966-cı ilin 14 mart gecəsi ilə başlayır. “Zəngəzur” qatarı ilə Mığrıdan İrəvana getməyimi unuda bilmirəm. Mən Bakıya gələ bilərdim. Erməni təhdidlərindən-təqiblərindən uzaqda daha rahat yaşaya bilərdim. Daha çox kitabım çap olunardı, daha çox qonorar qazanardım. Daha yüksək vəzifələrdə olardım. Amma mən həmən gecə İrəvana gedirdim və məndə belə bir romantik arzu formalaşmışdı ki, Qərbi azərbaycanlıların 1948-ci il deportasiyasından qabaqkı kultunu bərpa edəcəm. Mən 18 il orda yaşadım və bu istiqamətdə bacardığım, mümkün olan hər şeyi elədim.

- Siz İrəvanda yaşadığınız dövrdə orada hələ Azərbaycan ab-havası qalmışdı?

- Düzdür, qalmışdı, amma xeyli də məhdudlaşmışdı. Ermənilər 1918-ci ilə qədərki ən böyük İrəvan məscidini İrəvanın tarixi muzeyi eləmişdilər.

- Göy məscidi?

- Bəli.

- Məscid kimi fəaliyyət göstərmirdi?

- Yox. Amma onun zahirini nə qədər dəyişsələr də, baxanda hiss olunurdu ki, erməni memarlığı deyil. Məscidin elementləri hiss olunurdu. Mən İrəvana gedəndə ilk dəfə baş çəkdiyim yerlərdən biri Göy məscid idi.

- Ora məscid olduğu üçün getmişdiniz, yoxsa tarixi abidə kimi?

- Yox, məscid, inanc yerini ziyarət etmək üçün getmişdim. Həm də istəyirdim gedim görüm ermənilər bizim inanc yerimizi nə günə qoyublar.

- Bildiyim qədəri ilə İrəvanda çoxlu məscid olub.

- Hə, düzdür, olub, amma mən İrəvanda olduğum dövrdə yalnız bir məscid saxlamışdılar. Axundov adına məktəbin arxasında yerləşən balaca məscid idi. Digər məscidləri, milli abidələri dağıtmışdılar.

- Camaat o məscidə gedirdi?

- Əlbəttə. Bəzi cənazələr məhz o məsciddən götürülürdü.

- Mən bir çox qərbi azərbaycanlı ilə söhbət zamanı görmüşəm ki, sovet dövründə, ermənilərin içində yaşamaqlarına baxmayaraq, inanclı, dinə bağlı olublar.

- İrəvanda da məscid fəaliyyət göstərirdi, regionlarda da məscid vardı. Mənim doğulduğum Mığrı rayonunda məscidlərin hamısını hələ 1918-1919-cu illərdə məhv etmişdilər. Amma din qalırdı, inanc qalırdı. Sən seyidsən də?

- Bəli.

- Bizim rayonda hörmətli, nüfuzlu seyidlər vardı. Maralzəmi balaca kənd idi. 25-30 ailə yaşayırdı. Kəndimizin arasından dərə keçirdi, dərənin o tayı Seyidlər məhəlləsi adlanırdı. O seyidlərdən bəzilərini mən görmüşəm. Orda Mirəfsər ağa adlı seyid olub. Bizim kənddə 50-55-ci illərdən ikimərtəbəli daş evlər tikilməyə başlayıb. Camaat gedib uzaq-uzaq yerlərdən, çaylaqlardan, yarğanlardan daş gətirirdi. Mirəfsər ağanın da evi uçmuşdu, daşları dağılmışdı, heç kəs də yaşamırdı, bir adam onun daşlarını daşımırdı. Qaçqınlığa qədər də heç kəs gedib o daşlara əl vurmadı. Bir hadisəni də danışım. Qağam müharibədə olanda anam Mirəfsər ağanın yanına gedir. Onun oğlu da müharibədə imiş. Anam Mirəfsər ağadan soruşur ki, Qüdrətin taleyi necə olacaq? O da kitab açır, nəsə oxuyur. Deyir öz oğlu qayıtmayacaq, amma Qüdrət qayıdacaq. Anam da nişan üzüyünü Mirəfsər ağaya nəzir deyir. Qağam müharibədən qayıdandan sonra anam Mirəfsər ağanın qapısına gedib üzüyü nəzir verir, götürmək istəmirmiş ki, Qüdrətin toyunda gəlinə verərsən. Təəssüf ki, seyidin oğlu həqiqətən müharibədən qayıtmır. Hə, bizdə Mirəfsər ağa kimi seyidlər çox idilər.

- Siz özünüz belə şeylərə inanırdınız?

- Bilirsiniz, elə həqiqətlər var ki, onun səbəbi izah olunmur.

- Hidayət müəllim, bir sual verəcəm, inciməyin. 23 yaşında bir gəncin birdən-birə teatra direktor təyin olunmağı mənə qəribə gəlir. Bu təyinatda nə əcəb dayınızın rolu olmayıb?

-(Gülür) mənim təyinatım çıxan vaxtı dayım ailəsi ilə birgə Kislovodskda dincəlirdi. Əvvəla mən “Sovet Ermənistanı” qəzetinə işləməyə gedəndə 21 yaşım vardı, ən cavan əməkdaş idim. Hələ Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsinin tələbəsi idim. Həmin vaxt İrəvan Teatrının 50 yaşlarında direktoru teatrın 17 yaşlı aktrisası ilə evləndi. Bütün teatrı onun əlinə verdi. Teatr biabırçı vəziyyətə düşdü.

- Teatrın direktoru azərbaycanlı idi?

- Direktor azərbaycanlı olmağına azərbaycanlı idi, qızınsa anası erməni olsa da, azərbaycanlı kimi gedirdi. O direktor teatrı məhv etmişdi, dedi-qodu, dava-şava, intriqabazlıq baş alıb gedirdi. Teatr açılanda İncəsənət İnstitutunun bütöv bir qrupunu İrəvana göndərmişdilər. Belə şeylərə görə, o qrupun əksəriyyəti oradan aralanmalı olmuşdu. Ona görə Mədəniyyət Nazirliyində məsləhət olur ki, “Sovet Ermənistanı” qəzetinin redaktoruna müraciət etsinlər. Redaktor mədəniyyət nazirinə nümunəvi əməkdaş kimi məni məsləhət görür. Amma onu da deyir ki, bizim bir divarımız odur. 23 yaşım təzəcə tamam olmuşdu. Mənim bədhaqlarım deyirdilər ki, Hidayətin pioner baş dəstə rəhbəri olmaq vaxtıdır, amma o boyda teatra direktor qoydular, görəsən orda neçə həftə dözəcək?

Dayım deyir ki, bacım oğlunu direktor qoymusunuz, mən həmən vaxt İrəvanda olsaydım, razılaşmayacaqdım

- Yəqin oradakı azərbaycanlılar da sizin direktor təyin olunmağınıza etiraz edirmişlər.

- Elə əsasən azərbaycanlılar mənim direktor təyin olunmağıma etiraz edirdilər. Məni mədəniyyət naziri qəbul elədi. Əmrimi verdilər. Teatr elə vəziyyətdə idi ki, mənim təqdim edilməyim zamanı nazir teatra gəlmədi, kollektivi nazirliyə çağırdı. Mən iyun ayında təyin edildim, oktyabr ayında məni Mərkəzi Komitəyə vəzifəmi təsdiqləməyə çağırdılar. Orada adım çəkiləndə ayağa durdum, anketim oxundu. Birinci katib mədəniyyət nazirindən soruşdu ki, necə işləyir? O da cavab verdi ki, qısa müddətdə teatrda böyük işlər görüb.

- İstər-istəməz adamın ürəyinə fikir gəlir ki, adamı olmasa 23 yaşında birini teatra direktor qoymazlar.

- Dedim axı, dayım həmən proseslər zamanı ailəsi ilə Kislovodskda dincəlirdi. Mən də həmən vaxtı dayıma zəng edib məsləhətləşmədim. Bu barədə “Burdan min atlı keçdi”də yazmışam. Dayım qayıdandan sonra direktor təyin olmağımı eşidib çox narahat oldu ki, məni birdən dolaşdırarlar. Sözləri də yadımdadır: “Orda müxtəlif maliyyə məsələləri var, dekorasiyalar və sair... Sən onlardan necə baş çıxaracaqsan?” Bir müddət sonra dayımla o dövrkü mədəniyyət naziri Moskvada görüşürlər. Dayım ona deyir ki, bacım oğlunu direktor qoymusunuz, mən həmən vaxt İrəvanda olsaydım, razılaşmayacaqdım. O da “yaxşı oğlandır” deyə-deyə məni tərifləyirmiş.

- Özünüz necə qohum-əqrəbaya dəstək olmusunuz?

- Belə şeyləri demək təbiətimə yaddır, amma həmişə mənə müraciət edən hər kəsə qohum oldu, tanış oldu, ya qeyri-tanış oldu, fərqi yoxdur, yardımçı olmağa çalışmışam. Mən adətən etdiyim yaxşılıqlar haqqında deyil, edə bilmədiklərim haqqında danışıram.

- Yəqin ki, 23 yaşında direktor təyin olunmağın məsuliyyəti özünüzü doğrultmaq üçün gecə-gündüz çalışmışınız.

- Mən 18 il İrəvanda yaşadım. İşlədiyim vaxtı İrəvan Teatrı Ermənistanın ən yaxşı teatrlarından idi, təkcə tamaşaları ilə yox, nümunəviliyi ilə də seçilirdi. Bunu ermənilər də etiraf edirdilər, özü də açıq etiraf edirdilər. Bir dəfə Mədəniyyət Nazirliyi sisteminin fəallar iclası keçirilirdi. 500 nəfərlik auditoriyada teatr direktorları, yazıçılar, mədəniyyət işçiləri iştirak edirdi. Mədəniyyət naziri erməni teatrlarını çox kəskin tənqid elədi. Birdən dedi ki, kim teatr işini qura bilmirsə, onu Azərbaycan teatrına ezamiyyətə göndərək. 500 nəfərlik salon elə bil şoka düşdü. Özü də dediyi sözdən tutulan kimi oldu. Salonda elə bildilər nazir Azərbaycan teatrlarını nəzərdə tutur. Sözünə bir az ara verib təbəssümlə əlavə etdi: “Mən öz teatrımızı – İrəvan Dövlət Azərbaycan Dram Teatrını nəzərdə tuturam, ezamiyyət xərcləri lazım olmayacaq!” Sonra salon özünə gəldi, gurultulu alqışlar qopdu...

O dövrdə Ulu Öndərin Azərbaycana rəhbərlik etməsi Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların özlərini güvəndə hiss etməsinə təsirsiz ötüşmürdü

- Yəqin bütün bunlar sizin dəmir nizam-intizamınızın sayəsində baş verib.

- Ümumiyyətlə, mənim teatrdakı kollektivim çox qeyri-adi işləyirdi. Biz yalnız uğura doğru can atırdıq, məqsəd yalnız yüksəliş idi. Bir dəfə də demişəm: Bizim bütün kollektiv elə bil kamikadze idi, bu dərəcədə fədakarlıq olurdu. Premyeralar edirdik, qastrollara gedirdik. Hətta Ermənistanın azərbaycanlılar yaşamayan ərazilərinə də qastrollara da gedirdik. Onu da deyim ki, 1978-ci ilin payızında bizim teatrın Bakıya 14 günlük qastrol səfəri oldu. Musiqili Komediya Teatrının səhnəsində gündə iki tamaşa təqdim edirdik. O vaxtkı Azərbaycan ictimaiyyətinin diqqəti bizim teatrın qastrolundaydı. O illərdə ən nüfuzlu teatrların qastrolları belə iki-üç gündən çox çəkmirdi. Təbii ki, biz o dövrdə öz zəhmətimizə qarşı diqqəti hiss etdik. O vaxtı Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Mərkəzi Komitə Bürosunun tövsiyəsi və Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə bizim bir qrup əməkdaşa fəxri adlar, eləcə də fəxri fərmanlar verildi. Mən də o vaxt 34 yaşımda fəxri fərmanla təltif olundum. Onu da deyim ki, Ali Sovetin Rəyasət Heyətinin fəxri fərmanı o vaxtlar Azərbaycanın ən yüksək dövlət mükafatı idi. Mənim müxtəlif vaxtlarda Mərkəzi Komitənin ideologiya üzrə katibləri Cəfər Cəfərov, Həsən Həsənov, mədəniyyət şöbəsinin müdiri Azad Şərifovla, mədəniyyət naziri Zakir Bağırovla və digər yüksək vəzifəli şəxslərlə də sıx təmaslarım olub. Onların mənə və teatrımıza səmimi, xeyirxah münasibətlərini indinin özündə də xoş təəssüratla xatırlayıram. Ümumiyyətlə o dövrdə Ulu Öndərin Azərbaycana rəhbərlik etməsi Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasına, soydaşlarımızın özlərini güvəndə hiss etməsinə təsirsiz ötüşmürdü. Ulu Öndərin diqqətini həmişə hiss edirdik. O həmişə Qərbi Azərbaycandakı iki yüz mindən çox soydaşımızın problemləri ilə maraqlanırdı. Bunu mən orada işlədiyim müddətdə Ermənistan Mərkəzi Komitəsinin ideoloji katiblərindən də eşitmişəm. Onlar da etiraf ediblər ki, Heydər Əliyev hər zaman Qərbi Azərbaycandakı soydaşlarımızın taleyini diqqətində saxlayır.

- Əlbəttə, əks halda soydaşlarımız 1988-ci ilə qədər daha bir deportasiya ilə üzləşərdilər. Hidayət müəllim, bəs erməni əsərləri necə teatrın səhnəsində tamaşaya qoyulurdumu?

- İldə bir erməni əsərini səhnəyə qoyurduq. Qalanı Azərbaycan yazıçılarının və dünya klassiklərinin əsərləri olurdu.

- Öz əsərlərinizi də səhnəyə qoyurdunuz?

- Mənim orda iki əsərim səhnələşdirilmişdi. Bir sıra tərcümələrim də səhnəyə qoyulub.

- Hidayət müəllim, dediniz atanız o vaxt rayonda olan üçüncü ikimərtəbəli evi tikib. Atanızın vəzifəsi nə idi?

- Atam bağban idi. Son dərəcə zəhmətkeş, işgüzar! Amma qağam Böyük Vətən müharibəsi iştirakçısı olub. Çox böyük cəbhə yolu keçmişdi. Müharibədən qayıdandan sonra onu kolxoz sədri seçmişdilər. Buna görə də ikimərtəbəli ev tikməyə imkanımız vardı. Atam bağban, zəhmətkeş adam idi.

- Bəs niyə tez rəhmətə getdi?

- Mədə-bağırsaq sistemində problem vardı. Bir də vurğulayıram - İrəvanda, Bakıda müalicə olundu. O vaxt təbabət elmi bu dərəcədə inkişaf etməmişdi. Atam vəfat edəndə hələ birinci sinfə getmirdim.

- Yəqin ki, ana qayğısı, qardaş nəvazişi ilə böyüsəniz də atasızlığı hər zaman hiss etmisiniz.

- Əlbəttə.

Mən ata görmədim uşaqlığımdan

Anam atam oldu, həm anam oldu.

Yaş da süzülmədi yanaqlarımdan

Arzular, ümidlər ilhamım oldu.

Güləndə, hər təzə paltar geyənlər

Mənim də bu günüm gələr demişəm

Məni öz qoynunda sıxanda kədər

Dünyadan, zamandan gileylənmişəm.

Mən tufanı sevdim, mən qarı sevdim.

Sevindim yağdıqca qar ətək-ətək

Mən ulduzu sevdim, çinarı sevdim,

Özüm də boy atdım körpə çinartək.

Ucaltsın başını anamız torpaq...

Ucaltsın başını anamız torpaq...

Axırda da deyirəm ki...

Mən yetim böyüdüm deyirəm ancaq

Heç kəsin övladı yetim qalmasın.

Belə bir şeirdir. Doqquzuncu sinifdə oxuyanda yazmışam. Başqa yazılarımda da atasızlıqla bağlı hisslər, duyğular yer alır. O bizim həyatımızdan keçdi. Mənim anam da çox böyük insan idi. Atamı itirəndə anamın 48 yaşı var idi, evdə də 7 uşaq idik. Bir böyük qardaşımla böyük bacım işləyirdi. Qalanları məktəbli idilər. Evin bütün ehtiyacını anam qarşılayırdı. Bizi heç vaxt korluq çəkməyə qoymayıb.

- Hidayət müəllim, uşaqlıqda, yeniyetməlikdə atasızlığın, yetimliyin ağrısı çox acı olur. Bəs gəlib kamil yaşa çatdıqda o hiss yenə qalırmı? İndi də atanız üçün nisgiliniz var, yoxsa o hisslər öz istifadə müddətini başa vurub?

- İndi məni narahat edən atamın mənim, ailəmizin sonrakı günlərini görməməyidir. Məni atamın ölümü ilə bağlı ən çox narahat edən məsələlərdən biri də odur ki, atam yalnız məndən nigaran getdi: “Bu tifilin axırı nolacaq?” Qalan uşaqları işləyirdi, yaxşı oxuyurdu, onlardan sarı rahat idi.

- Siz yazıçısınız və o hisslərə tərcüman ola bilərsiniz. Kamil yaşa çatanda insan atasızlığı necə hiss edir, körpəlikdəki kimi, yoxsa fərqli olur? O baxımdan soruşdum.

- Bilirsən, böyüyəndən sonra insan başqa cür düşünür. Məsələn, mən düşünürəm ki, atam olsaydı, ona mən daha çox xidmət edərdim. Onun müalicəsi ilə daha yaxşı məşğul olardım.

Ermənistan Yazıçılar İttifaqının sədri Vardqes Petrosyanla dost olmuşam

- Bu yaşda da o hissləri keçirirsiniz?

- Əlbəttə, məni ən çox narahat edən odur ki, o məndən çox nigaran getdi.

- Hidayət müəllim, təqaüddəsiniz. Tez-tez özünüzlə baş-başa qalmağa vaxtınız bol olur. Sizin yaşda adamlar daha çox sağlarla yox, ölənlərlə danışırlar. Kimləri xatırlayırsınız?

- Mən elə gənclikdən keçmişə, xatirələrə bağlı adamam. Əlbəttə indi mənim itirdiyim adamlar, o illər, xatirələr daha çoxdur. Ancaq mənim ən ağrılı yerim oğlum Xəzəri 24 yaşında faciəli şəkildə itirməyimdir.

- Nədən vəfat edib?

- Xəzər Gömrük Komitəsində, Hava Limanında işləyirdi. Həmən günü möhkəm soyuqlamışdı. İşə öz maşını ilə getməmişdi. Dostu gəlib onu evdən aparmışdı. İndiyə kimi də onun evdən çıxması gözlərimin qabağındadır. İşdə Xəzərin qızdırması qalxır, ona deyirlər ki, get evə, dincəl. Hətta iş yoldaşları öz maşınları ilə evə aparmağı təklif edirlər, lakin o, yolun uzaqlığına görə dostlarını əziyyətə salmaq istəmir, taksi tutub evə qayıdır. Yolda da həmən maşın qəzaya düşür, Xəzər həmən qəzada...

- Allah rəhmət eləsin... Erməni şair-yazıçıları, sənət adamları arasında da dostlarınız olmamış olmazdı.

- Təbii ki, var idi.

- Münasibətləriniz necə idi? Səmimi idi, yoxsa nəsə hiss edirdiniz?

- Səmimi olanı çox az idi. Ermənistan Yazıçılar İttifaqının sədri Vardqes Petrosyanla dost olmuşam. Bunu hamı bilir.

- Dostluğunuz səmimi idi?

- Bəli. Bizim dostluğumuz səmimi idi. Bayaq dedim, adamlar var idi, deyirdilər 1915-ci ildə nə olub, olub, gələcəyə baxmaq lazımdır. Bax onu Petrosyan demişdi. Hətta o erməni-türk mövzusunda “Ad günündə boş stullar” adlı əsər də yazmışdı. Erməni yazıçılar Silva Kaputikyanın (millətçi erməni şairi – M.A.) rəhbərliyi ilə üsyan qaldırıb onu Yazıçılar İttifaqının sədrliyindən azad elədilər. Amma o da özünü bir məqamda çox pis apardı. Qorbaçovun sədrliyi ilə Ali Sovetin Rəyasət Heyətinin iclası keçirilən zaman Petrosyan Sumqayıt hadisələrindən danışarkən “genosid” ifadəsini işlətmişdi. Qorbaçov da cavabını vermişdi ki, Sumqayıtda genosid olmayıb, orda tör-töküntülər idi, sadəcə biz bir-iki saat ora yubandıq, yoxsa bir nəfərin də burnunun qanamasına imkan verməzdik. İclasın ertəsi günü ona təcili teleqram göndərdim: “Mən indiyə qədər sənin bütün uğurlarına sevinmişəm, uğursuzluqlarına kədərlənmişəm. Dünən ilk uğursuzluğun idi ki sevindim. Allah ağıl versin. Allah axırıncı eləsin!” Sonra mən Vardqes Petrosyana açıq məktub yazdım. Onu Yazıçılar İttifaqından çıxarandan bir il sonra yaşadığı binanın girişində güllələyib öldürdülər.

II Qaregini tanıyıram, Erməni Kilsəsinin ondan əvvəlki rəhbərini də tanıyırdım

- Sonralar oradakı erməni dost-tanışlarınızla əlaqə qurdunuz?

- Yox, heç bir əlaqə olmayıb. Hətta 20 Yanvar müsibətindən sonra onlardan biri də mənə zəng vurub soruşmayıb ki, sağ qalıbsan? Bu hərəkətdən sonra necə əlaqə saxlayardım? Bilirsiniz, onların mahiyyəti belədir. Ermənilər özlərini inandırıb ki, Qarabağ, Naxçıvan, Türkiyənin dörddə biri, Gürcüstanın cənubu bunlarındır. Ermənilər əvvəl-axır anlamalıdırlar ki, bu düşüncə ilə yaşamaq olmaz. Özü də bu fikri ermənilərə aşılayan Erməni Apostol Kilsəsidir. İndi də II Qareginlə Paşinyan arasında mübarizə başlayıb, belə görünür, kilsənin nüfuzu xeyli sarsılacaq. II Qaregini tanıyıram, Erməni Kilsəsinin ondan əvvəlki rəhbərini də tanıyırdım. Şeyxülislamın 60 illiyində II Qaregin Bakıya gəlmişdi. Mən də o vaxt Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri idim. Qaregin əvvəllər Bakıda erməni kilsəsində işləyibmiş. Mən çalışdım onunla ünsiyyətə girməyim, çünki o məni millətçi kimi tanıyırdı. Buna baxmayaraq, onu yola salmağa mən getməli idim. Ondan soruşdum ki, əvvəlki Bakı ilə indiki Bakı arasında fərq var? Təəssüflə cavab verdi ki, Bakı çox dəyişib, tanıya bilmədim.

- Erməni xalqını sizdən yaxşı tanıyan olmaz, ona görə soruşuram: Sülh olsa, ermənilərlə yaşaya bilərik?

- Şübhəsiz ki, barışıq olmalıdır, mən istəyərəm barışıq olsun. Sadəcə onlar öz psixologiyalarında dəyişikliklər etməlidir, yoxsa onlarla sülh içində yaşamaq mümkün olmayacaq. Ən azı Qarabağdan, Naxçıvandan qardaş Türkiyənin şərqindən bir dəfəlik gözlərini çəkməlidirlər. Onlar bunu anlamayınca barışıq mümkün deyil.

- Onda deyirsiniz ermənilər öz uşaqlarına qundaq başında “türk sənin düşmənindir” fikrini aşılamamalıdırlar?

- Şübhəsiz.

- Bu həqiqətdir, yoxsa uydurma?

- Həqiqətdir. Küçə ilə gedirdin, bir erməni o birini döyürdü, üçüncü erməni döyənə deyirdi ki, o türkdür, elə döyürsən?

- Sizə qarşı o cür fiziki təzyiq olub?

- Fiziki təzyiq olmasa da, mənəvi təzyiqlər çox olub. Rəsmi dairələrdə qabağımı kəsməyə çalışıblar, müəyyən yazıçılar tərəfindən də təzyiqlər olub.

- Sizin “İrəvanda xal qalmadı” tamaşanızda belə bir məqam da var: Erməni qadınlar ümumi mənafe üçün namusdan, ardan keçirlər.

- Onlar ümummilli maraq üçün nədən desən keçirlər.

- Fakt kimi var idi?

- Şübhəsiz. Bu bir az mənim xoşuma gələn mövzu deyil, tamaşada da üstüörtülü vermişəm. Onlar o kartdan da həmişə istifadə eləyiblər. Onlar çalışıblar ki, bəzi azərbaycanlılar erməni ilə evlənsinlər. Buna baxmayaraq, Qərbi Azərbaycanda erməni ilə evlənən azərbaycanlı az idi. Azərbaycanlının erməniyə ərə getməsi isə çox nadir hallarda olurdu. Bizim rayon mərkəzinin mütləq əksəriyyəti erməni idi. Orda bir azərbaycanlı qız erməniyə ərə getmişdi. Bütün azərbaycanlılar onu nifrətlə göstərir, bir-birinə deyirdilər ki, o, erməniyə gedib. Mənim İrəvanda yaşadığım dövrdə isə yalnız bir keçmiş vəzifəlinin qızı erməniyə getmişdi. 39 yaşıma kimi orada yaşadım, mən iki fakt gördüm. Mığrıdakı ailənin taleyi bilmirəm nə oldu, amma İrəvandakı ailə bu hadisələr başlayandan sonra Moskvaya köçdü.

- Azərbaycanlı qızla erməni oğlanın sevgisi - “Bahadır və Sona” faktı var idimi?

- Çox nadir halda bəzi azərbaycanlılar erməni qadınla evlənirdilər. Sən dediyin kimi, Qərbi Azərbaycanı mənim kimi tanıyan bəlkə də olmaz, qarış—qarış gəzmişəm, o cür fakta çox az rast gəlmişəm.

- Üzr istəyirəm, sizin özünüzün erməni qadına məhəbbətiniz olub?

- Yox, elə şey olmayıb. Qəti olmayıb.

- Hidayət müəllim, İrəvanda yüksək vəzifədə çalışırdınız. Birdən-birə Bakıya köçməyinizə səbəb nə oldu?

- Mən 1979-cu ildə möhkəm xəstələndim. İki ilin beş ayını “Leçkomissiya” adlanan xəstəxanada keçirdim. O müddət ərzində İrəvanda, Tiflisdə, Moskvada həkimlərin müayinəsində oldum. Hamısı mənə dedi ki, sənə dağ havası olmaz. Dəniz kənarında yaşamalısan. Bundan sonra Bakıya köçmək qərarına gəldim.

- Siz Bakıya köçəndən sonra bir müddət “Gənclik” nəşriyyatının baş redaktoru olmusunuz. Mənim yaddaşımda o nəşriyyat “Dünya uşaq ədəbiyyatı kitabxanası” ilə qalıb. Mənim, eləcə də mənim kimi yüz minlərlə insanın formalaşmasında o seriyanın əvəzsiz xidmətləri olub. Sualım budur ki, siz nəşriyyata baş redaktor gələndə bu layihə var idi, yoxsa sizin ideyanızın məhsulu idi?

- 1984-cü ildə mən Bakıya gəldim və məni Mərkəzi Komitədən “Gənclik” nəşriyyatına göndərdilər. Göndərəndə dedilər ki, baş redaktor Ələviyyə Babayeva pensiyaya çıxır, hələlik müavin get, iki ay sonra baş redaktor olacaqsan. Açığı, Ələviyyə Babayeva da məni qəbul edəndə dedi ki, nə vaxt desən mən burdan gedəcəm. Mən ona dedim ki, sizə elə söz deməyəcəm. O da demək olar, yalnız öz əsərlərinin nəşri ilə məşğul olmağa başladı. Onu da deyim ki, baş redaktor məsələsi iki il çəkdi. Mənsə iki ayın iki il olmasına fikir vermədən işləri görməyə davam etdim. Hətta bir gün Ələviyyə Babayeva mənə bildirəndə ki... Təqaüdə çıxmaq üçün ərizəsini Dövlət Komitəsinə təqdim edib – təəccüblə soruşdum: “Nə üçün? Sizə burada kim mane olurdu?” Hönkür-hönkür ağladı: “Mən bu yaşımacan sizin kimi adam görməmişəm, yəqin bundan sonra da görmərəm”. Hərdən rusca danışmağı da vardı: “Vı uje dva qoda bez pyati minut qlavnıy redaktor”. Belə ayrıldıq. Sonra onun əsərlərini, tərcümələrini nəşr etdik. Hə, mövzudan ayrılmayaq, deməyim odur ki, mən gələndə belə bir layihənin adı var idi, amma heç nə çıxmamışdı. Onu mən gerçəkləşdirdim. Çox maraqlı nəşr idi. Onu deyim ki, o vaxt yalnız keçmiş SSRİ-də Moskvanın “Detskaya literatura” nəşriyyatı, bir də bir qədər sonra Minskdə “Yunostva” 50 cildliyi nəşr eləmişdi. Əvvəla onu deyim ki, onların layihələrinə Azərbaycan ədəbiyyatından yalnız Nizami Gəncəvi salınmışdı, başqa heç kəs salınmamışdı. Mən bu məsələni SSRİ Dövlət Nəşriyyat Komitəsində kəskin qoydum. Dedim ki, Azərbaycanın çox böyük klassikləri var. Əvvəl onlar etiraz elədilər. Dedim Füzulini, Nəsimini, Axundovu, Mirzə Cəlili, Sabiri tanımırsınızsa, bu klassiklərin yox, sizin səhvinizdir. Bundan sonra onlar icazə verdilər, 50 cild 54 kitab çıxdı. Bəzi keyfiyyətsiz tərcümələr yenidən işləndi. Xeyli yeni tərcümələr verildi. Mən Harriet Biçer Stounun “Tom dayının daxması” romanını, bir sıra şairlərin əsərlərini çevirdim. 50 cildliyin çapı çox böyük hadisə kimi səsləndi. Ümumiyyətlə, o vaxt “Gənclik” nəşriyyatının gördüyü işlər Moskvada da, digər müttəfiq ölkələrdə də çox yaxşı qarşılanırdı. O vaxt biz 15 cildlik “SSRİ xalqları ədəbiyyatı kitabxanası”nın, 20 cildlik “Azərbaycan folkloru kitabxanası”nın, 15 cildlik “Fantastika və macəra ədəbiyyatı kitabxanası”nın və bir sıra maraqlı seriyaların nəşrinə başladıq.

- Bunlar hamısı sizin təşəbbüsünüzlə olub?

- Əlbəttə. Mən ora gedəndən sonra “Gənclik” Azərbaycanın bəlkə də ən yaxşı nəşriyyatı oldu. Moskvada Dövlət Nəşriyyat Komitəsinin də diqqətini çəkə bildik deyə 1986-cı ildə 23 Nisan Cocuq bayramı münasibətilə məni Türkiyəyə göndərdilər. Orada böyük Atatürkün vaxtından, onun qərarıyla uşaq ədəbiyyatı sərgisi keçirildi. 1986-cı ildə SSRİ ilk dəfə ora dəvət olunmuşdu. Və komitə məni ora göndərdi. Bu mənim Türkiyəyə ilk səfərim idi. Komitə sədri Moskvada məni qəbul elədi, fikirlərimi soruşdu, bəzi məsələləri danışdıq. Sonra dedi: “Qayıdanda da məni görmək istəyərsiniz?” Kim istəməzdi SSRİ Dövlət Nəşriyyat Komitəsinin sədrini görsün? Dedim, əlbəttə.

- Yəqin qayıdanda İstanbuldan hədiyyə gətirməyinizi istəyib.

- Yox, qayıdanda ona çoxlu kitab gətirdim. Ora gedib tədbirlərdə iştirak elədim. SSRİ-nin Türkiyədəki səfirinin birinci katibi əvvəldən axıra kimi mənimlə oldu.

- İstanbula getmişdiniz?

- Ankaraya.

- Atatürkün məzarını ziyarət elədiniz?

- Əlbəttə. Hətta Atatürkün əvvəlcə dəfn olunduğu yerə də getdim, indi Etnoqrafiya Muzeyi olub.

- Əslində Məhəmməd Əmin Rəsulzadəni soruşacaqdım.

- Əlbəttə, getdim Rəsulzadənin məzarını ziyarət elədim.

- 1986-cı ildə.

- Bəli. İlk səfərim zamanı. Hə, çox yaxşı səfər oldu. Qayıdandan sonra Komitə sədri ilə yenidən görüşdüm. Mən ona Türkiyədə çıxan rus yazıçılarının kitablarını gətirmişdim. Bunları ona verib dedim ki, görürsünüz, orada bizim kitablar çıxır, niyə bizdə türk yazıçılarının kitabları çıxmasın? O mənə dedi ki, Bakıya gedəndən sonra ona bu barədə ətraflı yazım. Əlqərəz, mən Bakıya gəlib gördüklərimlə bağlı Komitə sədrinə məktub yazdım, fikirlərimi əsaslandırdım. Bir qədər sonra Azərbaycanın Dövlət Nəşriyyat Komitəsinin sədri çaşqın halda mənə zəng elədi ki, səni Moskvaya kollegiya iclasına çağırırlar. Kollegiyada o məsələyə baxdılar və ondan sonra qərar verildi: Nəşriyyatlara məsləhət görülsün, proqressiv türk ədəbiyyatını çap etsinlər. O vaxt SSRİ-də 600 nəşriyyat vardı. Hamısı dövlət nəşriyyatı idi. Mənim bu təşəbbüsüm nəticəsində onlar türk yazıçılarını kütləvi şəkildə çap etməyə başladılar. O vaxta qədər Nazim Hikmət, bir də Əziz Nesin çap olunurdu.

- Mən bilən Rəşad Nuri Güntəkinin “Çalıquşu”su, Suat Dərvişin “Fosforlu Cevriyə”si də çap olunmuşdu.

- Hə, onlar da çap olunurdu. Amma Türkiyə yazıçılarının kütləvi çapı mənim o səfərimdən sonra baş tutdu.

- O vaxt 50 cildlikdəki tərcümələrin keyfiyyətindən razı idiniz?

- Çoxundan bəli. Mən əvvəla məsələ qoymuşdum ki, əsərlərin çoxu yenidən dərc olunsun. Lakin imkan vermədilər, çünki böyük xərc tələb edirdi.

Mən yazıçılığı vəzifənin badına vermişəm

- Siz dövlət müşaviri də olmusunuz, daha sonra Dövlət Komitəsinin sədri...

- “Gənclik” nəşriyyatındakı fəaliyyətimdən sonra mən 14 il respublikamızın Milli siyasət məsələləri üzrə dövlət müşaviri oldum, altı il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmuşam. Daha sonra da Qırğızıstanda səfir... Ancaq onlardan da danışsaq söhbət uzanar.

- Mən başqa şey soruşmaq istəyirəm. Daim vəzifələrdə olmusunuz. Biri var məmur-yazıçı, yəni vəzifəyə gələndən sonra yazanlar, biri də var yazıçı-məmur. Siz əvvəl yazmısınız, sonra məmur olmusunuz.

- Elədir. Razıyam. Əvvəl də yazıçı idim, indi də yazıçıyam. Amma mən məmur-yazıçıları qəbul etmirəm.

- Sizə elə gəlmir ki, bu vəzifələr olmasaydı daha çox yazardınız?

- Bir məsələni vurğulayım ki, mən məmurluğu, dövlət işini yazıçılığıma görə ixtisar etməmişəm. Yəni yazıçılığımdan dövlət işi üçün istifadə etməmişəm. Dövlət işini ilk gəncliyimdə - teatrdan başlayaraq həmişə bütün parametrlər üzrə yerinə yetirməyə çalışmışam.

- Yazıçılığı vəzifənin badına vermişiniz, ya tərsinə?

- Mən yazıçılığı vəzifənin badına vermişəm.

- Məncə, səhv eləmisiniz.

- Mənim həyatım da belə alınıb. Dövlət sənə iş tapşırırsa, onu görmək lazımdır. Əgər bu işi görməyə həvəsin, qüdrətin çatmırsa, get yazıçılığını et. Özü də son dərəcə vicdanla bu işlə məşğul olmuşam.

Müsahibədən sonra Hidayət müəllim mənim üçün söz verdiyi kitabı imzalayır.

- Vaxtınız olacaq bunu oxuyasınız?

Bir gözüm 700 səhifəlik (kitabı alandan sonra səhifə sayına baxıb yanılmadığımı gördüm) kitabda, əminliklə deyirəm.

- Əlbəttə.

- Bəxtiyar Vahabzadə Prezident Aparatına yalnız Ulu Öndərin və mənim yanıma gələrdi. Ulu Öndərin yanına gələndə də əvvəl mənim yanıma gələrdi, Prezidentin qəbulundan çıxandan sonra yenə mənim yanıma gələrdi. Bir dəfə qalın bir kitab gətirmişdi. Kitabı verəndə dedi avtoqrafı oxu. Dedim: “Bəxtiyar müəllim, mən sizin avtoqrafınızı yox e, bütün kitablarınızı oxuyuram”. Və kitabı açdım. Gördüm yazıb: “Hidayət, sənin bu kitabı oxumağa vaxtın olacaq?”

Doğrudan da stolumun üstü daim sənəd-sünədlə dolu olurdu, üstəlik telefonların zəngləri, görüşlər...

- Vaxtınız oldu?

- Oldu.

“Görəsən, mənim də vaxtım olacaqmı?”, - kitabın qalınlığı gözümü qorxutduğundan narahat-narahat ürəyimdən keçirirəm.

FOTO: Rüfət Mustafayev

Seçilən
22
50
kulis.az

10Mənbələr