AZ

Ermənistan konstitusiyasını dəyişmək istəmir? - Paşinyanın ofisindən REAKSİYA

Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistanın iki məsələni həll etməli olduğunu bəyan edib. Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda bildirib ki, iki məsələ, - Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, - həll edilən kimi sülh müqaviləsi imzalana bilər.

"Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır", - Prezident İlham Əliyev bildirib.

Modern.az-ın məlumatına görə, Ermənistan tərəfi Bakının səsləndirdiyi iki məsələyə münasibət bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan qeyd edib ki, tərəflər sülh sazişinin imzalanmasına “çox yaxındır”.

O deyib ki, Ermənistan üçün ATƏT-in Minsk Qrupunun mexanizmlərinin buraxılması və sülh sazişinin ilkin imzalanması məsələsi “anlaşılan gündəmdir” və bu istiqamətdə aktiv müzakirələr aparılır.

Bağdasaryan , həmçinin Ermənistan Konstitusiyasına toxunaraq vurğulayıb ki, əgər sülh sazişi imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsi həmin sənədin mövcud konstitusiyaya zidd olduğunu müəyyən etsə, Paşinyan özü konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edəcək.

“Hazırda belə bir əsas yoxdur, çünki 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməsi qərar verib ki, Ermənistanın mövcud konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yer almır”, - deyə Bağdasaryan qeyd edib.

O əlavə edib ki, Paşinyan yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı müzakirələrə hələ 2018–2020-cü illərdə başlamışdı və bu məsələ hazırda da aktiv institusional müzakirə mərhələsindədir.

“Lakin bu, Ermənistanın daxili gündəliyinə aid məsələdir və Azərbaycanla aparılan danışıqlarla birbaşa əlaqəsi yoxdur”, – deyə baş nazirin mətbuat katibi bildirib.

Seçilən
7
50
modern.az

10Mənbələr