AZ

"Kurban olum... Siz nə gündəsiniz?"

"Sea Breeze" sahilində dəniz hələ də səssiz idi – ya da bəlkə istidən ətrafda ifraz olunan tərin "səs"indən biz onu eşitmirdik. Eyni zamanda “səs” deyəndə ağlımıza gələn tək şey – səhnədə mikrofona danışan, Anarı tanıyan-tanımayan insanların müxtəlif ifadələri, pilləkənlə üzbəüz olan restorana qalxan ofisiantın əlindəki podnosda yıxılmaqdan qorxaraq əsən yarımçıq fincanlar və dənizdən yarıçılpaq qayıdan iki nəfərin zarafatyana hayqırtısı idi. İtalyan restoranının qarşısında çoxlu ayaq var idi. Hətta onları ikiyə bölsək belə, ayaq səsləri az deyildi... Burada əfsanəvi “Parni iz Baku” "KVN" komandasının yaradıcısı, mənim Dostum Anar Məmmədxanovun “ulduz”unu ingilis dilində xüsusi adlanan, amma yadımda qalmayan məkanda həkk etdirdilər. Yerdə. Parlaq, təzə, iti künclü, gümüşü-qızılı... və bir az da kədərli.Tanınmış biznesmen və müğənni Emin Ağalarov və Anarın dostu, “Parni iz Baku” "KVN" komandasının üzvü, indi isə Rusiyanın NTV kanalının baş prodüseri Tima Vaynşteynin təşkil etdiyi mərasimə – "Sea Breeze"də Anar Məmmədxanovun ulduzunun yerə həkk olunması tədbirinə böyük hörmətlə mən də dəvət almışdım. Anarın ad günü ərəfəsində.Təntənəli mərasim idi. Amma mən təntənə ilə arama məsafə qoyanlardanam. Ona görə də heç cür həmin "ulduz"a baxa bilmirdim – axı bunun üçün gözlərimi aşağı salmalı idim, mən isə Anarı xatırlayanda gözlərim həmişə yuxarı qalxır. Axı Anarın ulduzu başımızın üzərindədir.Bunu orda kiməsə deyə bilmədim... Yeri də deyildi. Amma mənimlə birgə mərasimə dəvət alan Gündüz Bakılı və Rasim Müzəffərliyə danışa bilərdim.

Gündüz Bakılı – “Çarli Atl” rok qrupunun lideri, ANS ÇM radiosunun baş prodüseri, bəstəkar, Rasim Müzəffərli – “Ozan” rok qrupunun lideri, fəlsəfə elmləri doktoru, şair, bəstəkar və... Bir az da mənim başıma bəla dostlarım. 1992-ci ildə Qarabağda mən və Gündüz erməni kəndində Tatarıstan jurnalistləri adı ilə reportaj hazırlayarkən demək olar ki, sonuncu dualarımızı etmişdik. Amma nədənsə ordan sağ çıxa bildik. Xatırlamıram harada, amma o erməni kəndindən sağ çıxmağımızı "qeyd edərək" həddindən artıq yeyib-içmişdik. Əslində, “həddindən artıq” dediyim hissə “yeyib” sözünə yox, “içmişdik” sonluğuna aiddir. Beynimizin vestibülyar aparatının tam şəkildə sıradan çıxmasını nəzərə almayaraq, hansısa bir möcüzə – ya da möcüzələr zənciri nəticəsində biz, o zamanlar çox məşhur sayılan “Metkartinq” adlı restoranda peyda olduq. Sönən siqareti ilə yenisini yandırmaq ərəfəsində olan Gündüz təcili surətdə ofisianta “Na troix” adlanan və üç dost vəhdətini simvolizə edən araq sifariş etdi və növbəti siqaretini yandırdı.Qaranlıq idi... Və ya ola bilsin ki, alkoqol artıq bəbəklərimizə çatdığından bədənimizin sonuncu şəffaf orqanı da dünyanı bulanıq görürdü. Amma Anar Məmmədxanovun bir cavan oğlanla bizə yaxınlaşdığını mən gördüm… Ya da hiss etdim… Hə, yadıma düşdü – mən onu eşitdim:– Kurban olum... Siz nə gündəsiniz? – deyə Anar bir cavan oğlanla birlikdə bizə yaxınlaşdı.Biz adətə uyğun, biri sağ yanağa, digəri sol yanağa istiqamətlənmiş, lakin məlum səbəblərə görə heç biri hədəfə çatmamış öpüşlərlə salamlaşdıq.Mən bu günümüzə şükür edərək ona hədsiz sevincimizin səbəbini danışmağa başladım. Bilmirəm, deyəsən tam istədiyim kimi tələffüz edə bilmirdim "qeyd etdiyimiz" hadisəni, amma ümumi şəkildə dediklərim, üstəgəl bədən hərəkətlərim – qulaq asan üçün anlaşılmalı idi. Amma Anar mənim performansım zamanı Gündüzlə salamlaşırdı. Gündüz Anarla çaparaq öpüş salamından sonra, onunla masamıza yaxınlaşan qaqaşla da səmimi və doğmalıq nümunəsi olan alovlu öpüşlərlə salamlaşdı.Mən bu səhnəni sezəndə artıq bizim erməni kəndindən qaçmağımızı detallarla göstərməyə çalışırdım. Düzdür, yer az idi və hətta yanımızdakı masa aşandan sonra belə mən hadisəni tam detalları ilə nümayiş etdirməkdə çətinlik çəkirdim... lakin bu tappa-turupa baxmayaraq Anar yenə də mənə deyil, təəccüblə dolu gözləri ilə Gündüzə baxırdı. O da öz növbəsində, Anarın yanında gələn oğlanı əziz qohumu kimi qucaqlayıb, yanaqdan-yanağa öpüşlər "səpələyib" bağrına basırdı.Anar bir müddət bu səhnəyə baxdı. Sonra:– Gündüz, sən bu qaqaşı niyə belə öpürsən?Gündüz qollarını adamın boynundan çəkib, qalan gücünü toplayaraq, boynunun üstündə durmayan başı və yarı açıq nirvananı sezən gözlərini Anara tərəf çevirib aramla cavab verdi:– Anar, bil! Sənin dostun – mənim qardaşımdır!Anar əvvəl mənə, sonra bir də Gündüzə baxdı. Bu nirvana müstəvisində sinerji yaradan baxış idi. Anar ağır göz qapaqlarını imkan daxilində qaldıraraq gülümsədi...– Kurban olum sənə, bu mənim dostum deyil. Bu ofisiantdır, sifarişinizi gətirib.Ofisiant vəziyyətin müxtəlif rakurslarda davam edə biləcəyini riyaziyatçı məharəti ilə hesablayaraq tez-tələsik üç qədəh və bir “Na troix” arağını masaya qoyub, üzündən mübarək və səmimi öpüş izlərini silə-silə aradan çıxdı...Ulduz… Bu sözün bir sıra mənası və yeri ola bilər. Kainatda – 4,5 işıq ilinə və ya 40 trilyon kilometrə bərabər məsafədən bizə işıq saçan “Ulduz”, yer kürəsində qələbə gətirən tankın və ya əsgərin paqonlarında parıldayan “Ulduz” və ya yerin altında olan “Ulduz” metrostansiyası.Anarın "ulduz"una gəldikdə, məncə o, sadalananlardan daha fərqli, daha fəlsəfi bir məkanda – insanların yaddaşında həkk olunmalıdır, Nyuton qanununa zidd olaraq, dodaqların yuxarı irəliləyən künclərinin sirrində.İllər keçib, Anar yoxdur, biz də yaşlaşmışıq. Sözsüz ki, biz artıq müharibə vaxtlarında olduğu kimi içki içmirik. Amma işdir şayət, bir gün belə bir qələt etsək, necə deyərlər, "lül-qənbər" vəziyyətdə Anarı “Sea Breeze”də Gündüz, Rasim və ya mən görsək, bu görüşün ilk, salamlaşma anlarını sadəcə olaraq təsəvvürümdə canlandıra bilmirəm... Yalnız Anarın bizə yuxarıdan aşağı baxıb dediklərini eşidirəm:– Kurban olum Sizə... Siz nə gündəsiniz?

Ad günün mübarək, əziz dostum. Allah sənə rəhmət eləsin!

Seçilən
22
18
anspress.com

10Mənbələr