AZ

"Şuşa Qlobal Media Forumu çox böyük əhəmiyyətə malikdir" - Deputat

"Üçüncü Şuşa Qlobal Media Forumu, həm Azərbaycan siyasi diplomatiyasının, həm də Azərbaycan mediasının tarixində tamamilə yeni bir mərhələ yaratmaqda davam edir. Nəticə etibarilə, artıq üçüncü dəfə keçirilən bu forum, Azərbaycan Prezidentinin həm yerli, həm də qlobal media nümayəndələri qarşısında Azərbaycan xalqının, dövlətinin, daha doğrusu, Azərbaycan siyasətinin bir növ xülasəsi və hesabatı, eyni zamanda Azərbaycanın dünyaya yenidən təqdimatıdır".


Bunu Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib:

"Mənə elə gəlir ki, həm daxili media resurslarımız, həm də dünya mediası Azərbaycan Prezidentinin nitqindən çox maraqlı məlumatlar əldə edərək, Azərbaycanın gələcək siyasətləri və mümkün davranışlarını analiz edirlər. Bu mənada, Şuşa Qlobal Media Forumu çox böyük əhəmiyyətə malikdir.

Azərbaycan Prezidentli Forum çərçivəsində müxtəlif məsələlərə münasibət bildirildi. Bu məsələlərin hər biri, məhz Azərbaycan Prezidentinin nitqindən səslənən dəqiq və açıq məlumatlardır. İstər Ermənistan-Azərbaycan sülh prosesləri, istərsə də Azərbaycanın gələcək perspektiv siyasəti haqqında, həmçinin böyük qayıdışın hansı mərhələdə olması və qonşu ölkələrlə münasibətlərdə nələrin, nə vaxt, hansı şəkildə olacağı ilə bağlı mülahizələr çox mühüm qənaətlər formalaşdırdı.

Mənim fikrimcə, bu forumun, üçüncü qlobal forumun ən yadda qalan anlarından biri, Azərbaycan Prezidentinin milli mətbuatımızı qiymətləndirməsi ilə bağlı söylədiyi fikirlər oldu. Bəlli oldu ki, Azərbaycan mediası, doğrudan da, Azərbaycanın maraqlarını qoruya bilir və ölkəmizə qarşı olan təxribatları ifşa edə bilir. Ən maraqlı olanı isə Azərbaycan Prezidentinin qeyd etməsidir ki, Azərbaycan mediasının məlumatları xaricdəki beyin mərkəzləri tərəfindən öyrənilir və bu məlumatların nə qədər real siyasi proseslərlə əlaqəli olduğunu analiz edirlər. Bu, çox maraqlı bir fikir olaraq, həm dövlətin, həm də medianın vəhdətini ortaya qoyur. Çünki o dövlətin mediası öyrənir ki, dövlət müəyyən imkanlara sahibdir və dünyada baş verən hadisələrə təsir edə bilir".

Deputat qeyd edib ki, 30 illik işğal dövründə bizdə belə imkanlar yox idi və Azərbaycan mediasını heç kəs analiz etmirdi:

"Amma bu gün, Azərbaycan dövləti dünyada baş verən proseslərə təsir edən güc halına gəldiyi üçün, Azərbaycan mediası da beynəlxalq analitik mərkəzlərin diqqətini cəlb edir. Hər hansı bir media, hansı informasiya yazdı, və bu, doğrudan da Azərbaycanın siyasi mövqeyini və ya gələcək perspektiv düşüncələrini əks etdirirmi? Bu baxımdan, Azərbaycan mediası və Azərbaycan dövlətinin gücü birləşərək Azərbaycanın ümumi gücünü təyin edir. Azərbaycan Prezidentinin bu qiymətləndirməsi, mənə elə gəlir ki, media işçilərinə verilmiş bir təbrik kimi qəbul oluna bilər. Ona görə də, biz hər birimiz, həm Azərbaycan Prezidentinin milli media siyasətini həyata keçirənlər, həm də media subyektləri öz fəaliyyətimizdən qürur duya bilərik".


Seyranə Quliyeva

Seçilən
7
50
manset.az

10Mənbələr