AZ

Prezident İlham Əliyev jurnalistlərin vacib suallarına səmimi cavablar verib - Litvalı jurnalist

Prezident İlham Əliyevlə dialoq jurnalistlərdə dərin təəsürat oyatdı.

Day.Az xəbər verir ki, bunu Trend-ə Litvanın Jurnalistlər İttifaqının üzvü Riçardas Lapaytis 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.

Lapaytis forumun nəticələrini yüksək qiymətləndirib, xüsusilə jurnalistlərin Azərbaycan Prezidenti ilə görüşünü mühüm hadisə kimi qeyd edib. Onun sözlərinə görə, dövlət başçısının səmimiyyəti onda dərin təəssürat yaradıb.

"Məni həm jurnalist, həm də insan olaraq Prezident İlham Əliyevin cavabları çox təsirləndirdi. Dövlət başçılarından belə səmimi cavabları çox nadir hallarda eşidirəm. Xüsusilə də Prezident İlham Əliyevin "Heç vaxt işğalla razılaşmayın" sözləri bütün ədalətli məqsəd uğrunda mübarizə aparanlara aiddir", - deyə o vurğulayıb.

Lapaytis 30 illik aradan sonra ilk dəfə Xocalıya qayıtdığını diqqətə çatdırıb. O, 1992-ci ildə baş verən faciəvi hadisələrin şahidi olub və həmin dövrdə bölgədə xarici jurnalistlərlə birlikdə çalışıb.

"Mən azərbaycanlılara qarşı soyqırımının şahidi olmuşam. Biz Xankəndi, Şuşa, Əsgəran istiqamətində hərəkət edirdik. Gecə insanlar qaçmağa çalışarkən Qarqarçayın o tayını görmüşdüm. Sağ qalanların danışdıqlarında heç bir şişirtmə olmadığını başa düşdüm. Hələ ola bilsin, onlar bütün dəhşətləri tam şəkildə ifadə edə bilməmişdilər", - deyə jurnalist bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi döyüşlərin aparılmasında yeni mərhələyə keçidin nümunəsinə çevrilib.

"Azərbaycan 44 gün ərzində geniş bir ərazini azad etdi. Siz müasir müharibələrin necə aparıldığını göstərən ilk ölkə oldunuz", - deyə Lapaytis əlavə edib.

O, həmçinin, müasir media və silahlı münaqişələr kontekstində süni intellekt mövzusuna da toxunub və ön cəbhədə insan faktorunun əvəzolunmaz olduğunu vurğulayıb.

Seçilən
5
19
day.az

10Mənbələr