AZ

Şuşa Forumunun geosiyasi önəmi - ÖZƏL

"Qlobal Media Forumu kimi bir tədbirin Şuşada keçirilməsi son dərəcə önəmli bir hadisədir. İlk növbədə, Şuşada keçirilən bu tədbir bölgə ilə bağlı pis niyyətləri olan dövlətlərə və güclərə bir mesajdır. Bununla o mesaj verilir ki, Şuşa və Qarabağ Azərbaycanındır, Azərbaycan olaraq qalacaqdır". 

Bu sözləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, bu cür tədbirlər Azərbaycanın informasiya siyasətini yaymaq, çağdaş şərtlərə uyğun olaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və Azərbaycanın mövqeyini təqdim etmək baxımından son dərəcə əhəmiyyətlidir:

"Kiminsə yenidən revanşist düşüncələrə qapılması onlar üçün ciddi nəticələrə gətirib çıxara bilər. İkincisi, bu cür forumların və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın müharibədən sonrakı dövrdə daha çox əməkdaşlıq formatına üstünlük verdiyini göstərir və bu da ayrıca bir mesaj kimi dəyərləndirilə bilər.
Üçüncüsü, burada müzakirə olunan məsələlərə gəlincə, xüsusilə qeyd etmək lazımdır ki, bu tədbirdə Prezident birbaşa media nümayəndələrinin və ekspertlərin suallarına cavab verir, bir çox vacib məsələlərə toxunulur. Bu baxımdan, həm Azərbaycan dövlətinin mövqeyinin aydın ifadə olunması, həm də baş verən proseslərə münasibət bildirilməsi baxımından çox önəmli bir hadisədir.
Bundan əlavə, media nümayəndələri müxtəlif panel toplantılarında iştirak edir, burada çoxsaylı və müxtəlif məsələlər müzakirə olunur. Bu baxımdan, keçirilən tədbir əvvəlki forumlardan heç də fərqlənmir. Əksinə, bu tədbirlər getdikcə həm beynəlxalq səviyyədə daha çox simpatiya toplayır, həm də iştirakçıların tərkibinə və sayına baxdıqda artan və yüksələn bir xətt üzrə davam edən proses müşahidə olunur. Bir daha qeyd etmək istəyirəm ki, bu cür tədbirlər Azərbaycanın informasiya siyasətini yaymaq, çağdaş şərtlərə uyğun olaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və Azərbaycanın mövqeyini təqdim etmək baxımından son dərəcə əhəmiyyətlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
50
olaylar.az

10Mənbələr