ain.az, Cebheinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu mühüm məqamlarla yadda qalıb.
Belə ki, “Rəqəmsal keçidlər:
Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda baş tutan tədbirdə iştirak edən ukraynalı tanınmış jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevə maraqlı sual ünvanlayıb.
Dmitri Qordon Azərbaycan Prezidentinə, “Biz Ukraynada sizin rəhbərliyiniz altında öz torpaqlarınızı işğaldan azad edilməsini maraqla izləmişdik. Bu, bizi ruhlandıran bir nümunədir. Ukraynalılar sizə minnətdardır. Çünki siz dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və müstəqilliyinə dəstəyinizi bəyan etmisiniz. Biz bunu unutmarıq.
Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”, deyib.
Dövlət başçısı isə Dmitri Qordonun sualına cavab olaraq, “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”, - deyə bildirib.
Prezident İlham Əliyevin cavabı isə həm tədbir iştirakçıları, həm də sosial şəbəkə istifadəçiləri arasında böyük rezonansa səbəb olub.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, dövlət başçısının cavabı öz ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda mübarizə aparan xalqlar üçün bir fəaliyyət prinsipi kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, cənab Prezidentin fikirləri göstərir ki, işğalla heç vaxt barışmaq olmaz:
“Cənab Prezidentin Ukrayna jurnalistinin sualına cavabı hesab edirəm ki, öz ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda mübarizə aparan xalqlar üçün bir fəaliyyət prinsipidir.
İşğalla barışmamaq, öz hüquqları uğrunda mübarizə aparmaq, bu, dayanmadan davam edən bir prosesdir. Bu, bəzən qısa müddətdə baş vermir, nəsillər bu mübarizəni davam etdirməli olurlar.
Bunun üçün beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrdən istifadə etmək vacibdir. Ən önəmlisi isə cəmiyyətdə heç vaxt işğalla barışmaq əhval-ruhiyyəsi olmamalıdır”.
Aydın Mirzəzadə qeyd edib ki, bu əhval-ruhiyyənin formalaşmasında əsas məsuliyyət liderlərin, ziyalıların və ictimai fəalların üzərinə düşür:
“Bu əhval-ruhiyyəni ilk növbədə liderlər, ziyalılar və ictimai fəallar nümunə ilə göstərməlidirlər. Xalqın içində tarixi ərazilərinə sahiblik ruhu həmişə güclü qalmalıdır.
Azərbaycan bu nümunəni nümayiş etdirdi və öz torpaqlarını işğaldan azad etdi. Bizim heç bir ölkənin ərazisinə iddiamız yoxdur.
Azərbaycan qonşu dövlətlərlə daim mehriban qonşuluq siyasətini əsas götürüb. Baxmayaraq ki, Ermənistan keçmiş işğalçı dövlətdir, bu gün biz ona da qonşuluq əlini uzadırıq”.
O bildirib ki, Ukrayna nümayəndələrinin Azərbaycan təcrübəsinə xüsusi maraq göstərməsi təsadüfi deyil:
“Ukrayna nümayəndələrinin Azərbaycan təcrübəsinə maraq göstərməsi bir daha təsdiqləyir ki, Azərbaycan təcrübəsi, onun uğurlu modeli digər ölkələr üçün də ciddi maraq doğurur.
İnanırıq ki, Azərbaycanın bu tarixi uğurları gələcəkdə də dünya üçün maraq doğuracaq və mühüm nümunə olacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Media Forum Prezidenti İlham Əliyev Aydın Mirzəzadə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.