Artıq 3-cü ildir keçirilən Şuşa Qlobal Media Forumu dünya ictimaiyyətinin diqqətini cəlb edən əsas platformalardan birinə çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, budəfəki Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatılıb. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunan 3-cü Forumun iştirakçıları Xankəndidə süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələr aparırlar.
Beləliklə, tarixi Azərbaycan şəhəri Şuşa kimi Xankəndi də qlobal media məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Bu Forum, eyni zamanda, Xankəndi başda olmaqla bütövlükdə Qarabağın zəngin mədəni irsinin dünyaya təqdimatıdır.
Qeyd edək ki, Forumda Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandırıb. Sualların xarakterindən aydın olur ki, beynəlxalq media mənsublarını həm Cənubi Qafqazda gedən geosiyasi proseslər, eyni zamanda, qlobal dünya gündəmini əhatə edən mövzular maraqlandırır. Habelə 30 illik işğala öz iradəsi və qətiyyəti ilə son qoyan qalib Azərbaycanın təcrübəsi xüsusi maraqla qarşılanır. Azərbaycan Prezidentinin qlobal siyasi lider kimi təcrübəsi də beynəlxalq medianın diqqət yetirdiyi əsas məsələlərdən biridir. Bu gün işğaldan əziyyət çəkən ölkələrin jurnalistləri Azərbaycan Prezidentindən uğur formulunu, siyasətin təməl prinsiplərini soruşurlar. Bu formul isə milli maraqların müdafiəsi, xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etməkdən ibarətdir. Bu, dövlətimizin başçısının qlobal siyasi Lider kimi nüfuzundan, Azərbaycanın bütün məsələlərə beynəlxalq hüquq və ədalət prinsiplərindən yanaşdığını bir daha təsdiqləyir.
Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bu cür Forumlar Azərbaycan həqiqətlərinin təbliği, haqq sözümüzün dünyaya çatdırılması, erməni yalanlarının ifşası baxımından xüsusi önəm daşıyır.
Deputat vurğulayıb ki, Azərbaycana, Qarabağa gələn qonaqlar ölkəmizdə, işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə, eyni zamanda erməni vəhşiliyinin izi ilə yaxından tanış olurlar:
"Bu, olduqca vacib, olduqca önəmli bir məsələdir. Eyni zamanda Forumda cənab Prezident xarici ölkələri təmsil edən jurnalistlərin suallarını cavablandırarkən mühüm mesajlar da verdi, önəmli məsələlərə aydınlıq gətirdi. Söhbət Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından, Zəngəzur dəhlizi, Qərblə münasibətlər, Rusiya ilə gərginlik və digər məsələlər barədə öz fikirlərini açıq şəkildə bəyan etdi”.
“Deyə bilərik ki, çox səmərəli, faydalı və önəmli bir Forumun şahidi olduq” deyən C.Məmmədov hesab edir ki, hərzamanki kimi budəfəki təbbirdə də dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətinə əhəmiyyətli məqamları birbaşa çatdırıb:
“Ən əsası isə bu istiqamətlərdə Azərbaycanın birmənalı mövqeyi açıqlandı. Forum çox mühüm mesajlarla yadda qaldı. Azərbaycanın nüfuzunun, mövqeyinin daha da güclənməsi baxımından belə Forumların mütəmadi Qarabağda təşkil olunması kifayət qədər əhəmiyyətli və vacibdir".
Aydın Baxış