AZ

Medianın cəmiyyətin inkişafına töhfəsi

Prezident İlham Əliyev: “Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”...

Milli mətbuatın cəmiyyətin inkişafına verdiyi töhfələr çoxşaxəli və tarixi baxımdan əhəmiyyətlidir. Xüsusilə Azərbaycanda milli mətbuat XIX əsrin sonlarından başlayaraq ictimai-siyasi həyatın formalaşmasında, milli özünüdərkin, maarifçiliyin və dövlətçilik düşüncəsinin inkişafında mühüm rol oynamışdır. Azərbaycan milli mətbuatının təməl daşı “Əkinçi” qəzeti hesab olunur. Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1875-ci il iyulun 22-də nəşrə başlayan bu qəzet yalnız iki il fəaliyyət göstərməsinə və cəmi 56 sayı çıxmasına baxmayaraq, xalqın maariflənməsində, milli özünüdərk və ictimai fikir tarixində mühüm rol oynamışdır. “Əkinçi” Azərbaycan türkcəsində çıxan ilk qəzet idi. Bu, xalqın doğma dilində oxuyub maariflənməsi üçün mühüm addım idi. Qəzet kəndlilərin, zəhmətkeş insanların problemlərini işıqlandırır, elmin, təhsilin və tərəqqinin vacibliyini təbliğ edirdi. “Əkinçi” öz dövrünün qabaqcıl ziyalılarının fikirlərini xalqa çatdırmaq üçün əsas platformalardan biri oldu. Qəzet millət şüurunun formalaşmasında, milli mədəniyyətin və ədəbiyyatın inkişafında mühüm rol oynadı. “Əkinçi” qəzetində yazılar xalqın başa düşə biləcəyi dildə, sadə və axıcı şəkildə yazılırdı. Həsən bəy Zərdabi dilin xalq üçün əlçatan olmasını əsas prinsip kimi qəbul edirdi. Bu yanaşma sonradan Azərbaycan ədəbi dilinin formalaşmasına və yazılı ədəbiyyatın xalq arasında yayılmasına müsbət təsir göstərdi. Zərdabi inanırdı ki, xalqın tərəqqisi yalnız maariflə mümkündür. O, qəzet vasitəsilə oxuculara ana dilində sadə, anlaşıqlı dildə məlumatlar verərək, elmi bilikləri və gündəlik həyatla bağlı praktiki məsləhətləri çatdırmağa çalışırdı.
Həsən bəy Zərdabi özü bu qəzet vasitəsilə maarifçilik missiyasını həyata keçirirdi və məqsədi xalqı gerilikdən çıxarıb elmə, tərəqqiyə yönəltmək idi. Onun bu fəaliyyəti sonrakı nəsillərə böyük təsir göstərmiş, "Molla Nəsrəddin", "Füyuzat", "İrşad" kimi digər mətbuat orqanlarının yaranmasına zəmin yaratmışdır. “Əkinçi” qəzeti hər nə qədər qısa ömürlü olsa da, Azərbaycan mətbuatının, maarifçiliyinin və ictimai fikrinin inkişafında silinməz iz qoymuşdur. Həsən bəy Zərdabinin bu təşəbbüsü milli özünüdərk prosesində mühüm rol oynamış, xalqın maariflənməsi və milli şüurun formalaşması istiqamətində böyük xidmətlər göstərmişdir. Bu gün də 22 iyul – Milli Mətbuat Günü kimi qeyd olunur və bu tarix “Əkinçi”nin xatirəsini yaşadan əlamətdar gündür. Zərdabinin irəli sürdüyü ideyalar XX əsrin əvvəllərində milli oyanış hərəkatının, eləcə də istiqlal mübarizəsinin ideoloji təməlini təşkil etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Sovet Azərbaycanında da milli mətbuatın inkişafı bu təməl üzərində qurulmuşdur.

Azərbaycanda müasir və demokratik kütləvi informasiya vasitələrinin (KİV) təşəkkülü və inkişafı milli dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olmuşdur. Xüsusilə 1993-cü ildən sonra — Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra — ölkədə söz və mətbuat azadlığının təmin olunması sahəsində ciddi addımlar atılmış, demokratik dəyərlərin bərqərar olması istiqamətində mühüm islahatlara start verilmişdir. Ulu Öndərin bu sahəyə göstərdiyi diqqət və dəstək nəticəsində Azərbaycan jurnalistikası yeni bir mərhələyə qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanun, "Məlumat azadlığı haqqında" Qanun, "Telekommunikasiya haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında" Qanunlar təsdiqlənmişdir. Bu sənədlər medianın hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, onun fəaliyyəti üçün şəffaf və sabit mühit yaratdı. Jurnalistlərin hüquqlarının qorunması, mənbələrin konfidensiallığı və ictimai informasiyaya çıxış hüququ qanunvericiliklə təmin olundu.
KİV-lərin iqtisadi müstəqilliyi onların obyektivliyi və davamlı fəaliyyəti üçün əsas şərtlərdəndir.

Azərbaycanda bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirilmişdir. Azərbaycan Respublikasında müasir dövrün reallıqlarına uyğun azad, peşəkar və məsuliyyətli mətbuatın formalaşması dövlətin informasiya siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən əsaslandırılmış, Prezident İlham Əliyev tərəfindən isə ardıcıl şəkildə inkişaf etdirilərək yeni mərhələyə daşınmışdır. Xüsusilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul edilməsi, mətbuatın hüquqi, iqtisadi və texniki imkanlarının genişləndirilməsində mühüm mərhələ olmuşdur. Prezidentin sərəncamı ilə KİV-ə dövlət dəstəyi mexanizmləri yaradılmışdır. Həmçinin yerli media orqanlarının maddi-texniki bazası gücləndirilmiş, redaksiyalara maliyyə, təlimlər və texniki avadanlıq dəstəyi göstərilmişdir. Bu tədbirlər medianın maliyyə asılılığını minimuma endirmək və onların dayanıqlı fəaliyyətini təmin etmək məqsədi daşıyır. Milli mətbuastın indiki durumunu Prezident İlham Əliyev belə dəyərləndirib: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.

Dayanıqlı inkişafın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyətinin formalaşmasında media mühüm vasitəçi rolunu oynayır. Azərbaycanda KİV ictimai nəzarət aləti kimi çıxış etməyə başlamış, dövlət və cəmiyyət arasında açıq kommunikasiyanın qurulmasına xidmət etmişdir. Xüsusilə sosial yönümlü jurnalistika, ictimai müzakirələr, ictimai-siyasi debatlar və vətəndaş təşəbbüslərinin işıqlandırılması medianın vətəndaş cəmiyyəti ilə birbaşa əlaqəsini gücləndirmişdir.
Texnologiyanın inkişafı ilə informasiya sahəsində yeni bir mərhələ başlandı. Azərbaycanda internet medianın sürətlə inkişafı, sosial şəbəkələrin yayılması və rəqəmsal platformaların yaranması ilə media fəaliyyəti yeni keyfiyyət mərhələsinə keçdi. Hazırda ölkədə onlarla xəbər portalı və onlayn televiziya fəaliyyət göstərir. Mobil jurnalistika, videobloqlar, sosial media platformaları vasitəsilə informasiya paylaşımı geniş vüsət almışdır. Dövlət qurumlarının informasiya siyasəti daha çevik və rəqəmsal əsaslara söykənir. 2021-ci ildə qəbul olunmuş Media haqqında yeni Qanun medianın daha mütəşəkkil və şəffaf şəkildə fəaliyyətini təmin etmək məqsədi daşıyır, həmçinin jurnalistlərin hüquq və vəzifələrini daha dəqiq müəyyənləşdirir.

Azərbaycanın müasir inkişaf modeli informasiya sahəsində həyata keçirilmiş məqsədyönlü islahatlarla sıx bağlıdır. 1993-cü ildən etibarən həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində ölkədə azad, plüralist və dinamik media mühiti formalaşmış, bu isə öz növbəsində dayanıqlı inkişafın vacib təməllərindən biri olmuşdur. Söz azadlığının təmin olunması, medianın iqtisadi və hüquqi müstəqilliyinin gücləndirilməsi, rəqəmsallaşma proseslərinin dəstəklənməsi və ictimai iştirakçılığın təşviqi Azərbaycanda müasir, müstəqil və vətəndaş yönümlü media sisteminin əsasını qoymuşdur. Bu gün Azərbaycan mediası həm yerli, həm də beynəlxalq çağırışlara cavab verməyə qadir olan bir struktur kimi formalaşmış, cəmiyyətin inkişafına, şəffaflığın təmininə və sosial rifahın yüksəlməsinə töhfə verən önəmli bir qüvvəyə çevrilmişdir.

Milli mətbuat Azərbaycan cəmiyyətinin inkişafında önəmli missiya daşıyaraq maarifçilikdən tutmuş milli ideologiyanın formalaşmasına qədər geniş bir spektrdə fəaliyyət göstərmişdir. Bu gün də mətbuat azadlığı, obyektiv informasiya və ictimai iştirakçılıq prinsipləri əsasında cəmiyyətin inkişafına öz töhfəsini verməkdədir.


Kamal Paşa-zadə - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Poliqon.info

Seçilən
21
16
poliqon.info

10Mənbələr