AZ

İT mütəxəssisi: Süni intellektin həyatımızdakı rolu artan xətt üzrə inkişaf edir

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə məlumat verirlər. Amma yəqin ki, nə vaxtsa mən də istifadə edəcəyəm. 
Bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
“Çünki süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz meyarlardan uzaqlaşdırmasın”, - deyə dövlətimizin başçısı əlavə edib.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, bu gün süni intellektin (AI) əhəmiyyəti danılmazdır:

“Əvvəllər yalnız texnologiya mütəxəssislərinin və tədqiqatçıların maraq dairəsində olan süni intellekt artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Biz AI-dən istifadə etdiyimizi bəzən belə hiss etmirik. Məsələn, mobil telefonlardakı səslə idarəetmə sistemləri, avtomatik tərcümələr, spam filtrləri və ya yol hərəkətini optimallaşdıran xəritə tətbiqləri bunların hamısında AI işləyir. Mən deyərdim ki, süni intellektin vacibliyi onun imkanlarından irəli gəlir. Məlumatların sürətli analiz olunması, təkrar olunan proseslərin avtomatlaşdırılması və qərarların daha dəqiq verilməsi AI-nin əsas üstünlükləridir. Məsələn, tibbdə diaqnozların qoyulması, maliyyə risklərinin analizi, sənaye sahələrində istehsalın idarə olunması və hətta kibertəhlükəsizlik üzrə anomaliyaların aşkar edilməsi kimi sahələrdə AI artıq geniş istifadə olunur. AI-nin tətbiqi həm vaxtA, həm resurslara qənaət etməyə, həm də insan səhvlərini minimuma endirməyə imkan verir. Təbii ki, AI texnologiyalarından istifadə zamanı etik və təhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanmalıdır. Amma ümumi götürdükdə, süni intellektin həyatımızdakı rolu artan xətt üzrə inkişaf edir və gələcəkdə bundan yayınmaq mümkün olmayacaq. Bu baxımdan, AI-dən düzgün və məqsədyönlü istifadə həm fərdi, həm də dövlət səviyyəsində rəqabət qabiliyyətini artıran əsas faktorlardan olacaq”.
Seçilən
3
23
sherg.az

10Mənbələr