AZ

Bir gecənin əsəri: Şəhid ayaqqabılarının danışdığı muzeydən REPORTAJ

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bəzən bir muzey divarları arasında, sadəcə, eksponatlar yox, bütöv bir millətin ağrısı, dirənişi və qüruru danışar. İstanbulun Üsküdar bölgəsində yerləşən Hafizə - 15 İyul Muzeyi də məhz belə bir yerdir: unutmamaq üçün xatırlamaq, xatırlamaq üçün isə yaşatmaq məqsədilə yaradılmış bir yaddaş məkanı.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşəbbüsü ilə təşkil olunan 15 İyul - Demokratiya və Milli Birlik Günü çərçivəsində bu muzeyi ziyarət edəndə buna bir daha şahid oldum. Çünki həmin gecənin əzab-əziyyəti, xalqın mübarizəsi və şəhidlik zirvəsinə yüksələn insanların xatirəsi gəzintinin hər anında məni müşayiət elədi.

Muzey 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həyatını itirən 251 şəhidin və minlərlə qazinin xatirəsini əbədiləşdirmək üçün açılıb. Bu bina həm arxiv, həm sənədli mənbə, həm də emosional bir yaddaş mərkəzidir. İçəridə interaktiv ekspozisiyalar, video-proyeksiya zalı, şəhid və qazilərə məxsus şəxsi əşyalar, silahlar, mərmilər, sıradan çıxmış tank qalıqları və "səla zalı" kimi bölmələr var. Ziyarətçilər bu atmosferdə hadisələrin reallığını hiss edirlər, zaman sanki 15 iyul gecəsinə qayıdır.

Muzeyə daxil olduğum ilk an hiss etdiyim səssizlikdə belə bir fəryad gizlənib. Divarlarda rəsmlər, ekranda yayımlanan xronika görüntüləri, səsləndirilən dualar bir anlıq məni illər əvvələ aparır. Lakin bu muzeydə məni ən çox təsirləndirən guşə "şəhidlərin ayaqqabıları" olur. Bu hissədə bir-birini izləyən neçə cüt ayaqqabı düzülüb. Sanki həmin gecədəki kimi. Sadə, köhnə, bəziləri toz içində. Bu ayaqqabılar artıq sahiblərinə məxsus deyil, çünki onların sahibləri bir gecədə həm şəhid, həm də qəhrəman olublar. Ayaqqabı ayaqla torpağın təmasında əsas geyim vasitəsidir. Deməli, geyinən artıq həyatda olmasa da, həmin ayaqqabılar onun son addımlarının, son qərarının və bəlkə də, son nəfəsinin izini daşıyır. O insanlar dövlətin, xalqın gələcəyi üçün özlərini həmin torpağın altına verdilər, ayaqqabıları isə torpağın üstündə onları qürur və iftixar hissi ilə xatırladır. Bəlkə də, ayaqqabılar bu muzeyin ən səssiz, amma ən çox danışan şahidləridir. Bu ayaqqabıların bəzisi tək qalıb, bəzisi bir cüt, ən kədərlisi isə eşitdiyim bu cümlədir:

"Burada hətta dostunu qoruyarkən şəhid olan şəxsin və qazi olan həmin dostunun ayaqqabılarının sağ və sol tayı bir ayaqqabı kimi yanaşı qoyulub. Bununla da onlar bu şəkildə də olsa, yenə də bir yerdədirlər, yenə də bir-birinə həyandırlar".

Bu bir daha göstərir ki, qəhrəmanlıq əldə silah tutub düşmənin üzərinə getməklə yanaşı, bəzən də bir cüt ayaqqabıda gizlənən hekayədədir.

Bir gecənin əsəri: Şəhid ayaqqabılarının "danışdığı" muzeydən REPORTAJ

Təbii ki, muzeyin bu hissəsindəki ekspozisiya şəhidlərin şəxsi əşyalarının insan yaddaşında daha dərin iz buraxması üçün yaradılıb. Ayaqqabılar, köynəklər, şəxsiyyət vəsiqələri, cibdə qalan təsbeh və ya bir paket yarımçıq siqaret belə, hər biri sıradan əşya kimi yox, xatirə daşıyıcısı kimi təqdim olunur. Bu, ziyarətçilərə şəhidləri unutdurmamaq, onları əbədi yaşatmaq məqsədi daşıyır. Bu detal həm də "qəhrəmanlıq gündəlik həyatın içində gizlidir və hər an, qəfildən üzə çıxa bilər" fikrini ifadə edən bir simvoldur. Çünki onlar tank qarşısına xüsusi hazırlıqla yox, evdən çıxarkən geyindikləri sadə geyim və ayaqqabılarla çıxmışdılar. Məqsədləri isə bir idi: Vətəni qorumaq.

Bu muzeydən çıxanda yalnız bir tarixin izini deyil, bir xalqın nəfəsini də özünlə aparırsan. Bəzən bir cüt ayaqqabı, fotodakı bir baxış, sükutda gizlənmiş bir dua onlarla kitabdan, filmdən, söhbətdən daha çox danışır. Və insan anlayır ki, unutmamaq, sadəcə, keçmişi xatırlamaq deyil, unutmamaq həm də gələcəyin məsuliyyətini daşımaqdır.

Həzrəti Mövlana demişkən:

"Keçmişdən ibrət almayan insan özü gələcəyə ibrət olar".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
50
oxu.az

10Mənbələr