AZ

Xankəndidən bütün bəşəriyyətə mesaj

Yaxud, bəşəriyyət üçün ədalət, türk dünyası üçün mənəvi oyanış, gələcək nəsillər üçün kimlik və suverenlik dərsi

Bu danılmaz bir həqiqətdir ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə hər bir çıxışı, hər bir müsahibəsi, ona ünvanlanmış suallara verdiyi hər bir cavab ictimai rəyə təsir edən, siyasi və strateji müstəvidə gündəm formalaşdıran mühüm hadisə kimi qəbul olunur. Onun çıxışları təkcə mövcud gündəmi müəyyənləşdirmir, həm də gələcək hədəfləri müəyyən edir, dövlət və cəmiyyət üçün yeni prioritetlər müəyyənləşdirir.

Bu baxımdan, iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə cənab Prezidentin səsləndirdiyi fikirlər də geniş ictimai rezonans doğurdu. Xüsusilə, ukraynalı jurnalist Dmitro Qordonun sualına cavab verərkən Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər hər bir cümləsi ilə ayrıca bir mövzu başlığı, bir tarixi mesaj, bir strateji istiqamət kimi dəyərləndirilə bilər. Tərəddüd etmədən bildirək ki, bu cavablar həm keçmişə işıq salır, həm bu günü şərh edir, həm də gələcəyə yol göstərir.

Dövlət başçısından Azərbaycan mediasına yüksək dəyər

Həmin fikirlərin ətraflı təhlilinə keçməzdən əvvəl, 19 iyul tarixində səsləndirilən bu mühüm mesajların həm də Azərbaycanın milli mətbuatının 150 illiyi ərəfəsində ifadə edilməsinə diqqət yetirmək vacibdir.

Öncə onu deyək ki, cənab Prezident, media ilə bağlı ona ünvanlanan suala cavab verərkən, Azərbaycan mediasının xüsusilə son illərdə xarici təzyiqlər və informasiya hücumlarına qarşı möhkəm dayandığını, özünü təsdiqlədiyini vurğuladı.

“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” deyən dövlət başçısı bildirdi ki, Azərbaycan mediası nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir.

Dövlət başçısının Azərbaycan mediası barədə bu müsbət dəyərləndirməsi, sözün əsl mənasında, vicdanlı, məsuliyyətli bütün media nümayəndələri üçün böyük bir ruh yüksəkliyi yaradır və yüksək etimad göstəricisidir.

Prezident İlham Əliyevin fikirləri bir “yol xəritəsi”dir

Eyni zamanda, hesab edirik ki, cənab Prezidentin forumda səsləndirdiyi fikirlər, Azərbaycan mediası üçün uzunmüddətli bir fəaliyyət gündəliyi də müəyyənləşdirdi. Və, deməli, Azərbaycan mediası bundan irəli gələrək, 150 illik zəngin irsə əsaslanmaqla yanaşı, 151-ci ilinə daha böyük məsuliyyət və hədəflərlə qədəm qoyur.

Ümumilikdə isə vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin həmin fikirləri mətbuatımız üçün yalnız bir qiymətləndirmə deyil, eyni zamanda bir çağırış, gələcək fəaliyyət üçün bir “yol xəritəsi”dir. Elə bir “yol xəritəsi” ki, orada həm milli dəyərləri qorumaq, həm qlobal informasiya müharibəsində milli mövqeləri müdafiə etmək, həm də qlobal media məkanında Azərbaycan həqiqətlərini ləyaqətlə təbliğ etmək üçün istiqamətlər öz əksini tapıb.

Qlobal informasiya müharibəsində daha da ayıq-sayıq və qətiyyətli olmalıyıq

Qlobal informasiya müharibəsindən söz düşmüşkən, hələ bir neçə il öncə millət vəkili Hikmət Babaoğlu qeyd etmişdi ki, hazırda qlobal imperializm öz məqsədlərini virtual və informasiya terroru üzərindən həyata keçirir. Onun sözlərinə görə, ən yeni imperializm daha çox informasiya resursları və idarəetməsi üzərində qurulduğu üçün onu infoimperializm kimi səciyyələndirmək doğru olardı. Çünki infoimperializm çərçivəsində idarəetmə və istismar ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirilir. Bunun üçünsə modern kibertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilir.

Bu fikirdən irəli gələrək deyə bilərik ki, bir gün sonra 151-ci yaşına qədəm qoyacaq milli mətbuatımız infoimperializmə qarşı daha sağlam və mətn şəkildə dayanmaq üçün gündəmi doğru dəyərləndirməli, dövlət başçısının ortaya qoyduğu “yol xəritəsi” doğrultusunda addımlamalıdır. Bir sözlə, qlobal informasiya müharibəsində daha da ayıq-sayıq və qətiyyətli olmalıyıq.

Milli iradənin təməli

Prezident İlham Əliyevin Dmitro Qordonun sualına verdiyi cavabın ətraflı şərhinə gəlincə, deyə bilərik ki, bu, yalnız diplomatik və siyasi açıqlama deyil, həm də Azərbaycanın son otuz ildə keçdiyi çətin, lakin qürurlu yolun xülasəsidir. Məlum olduğu kimi, dövlət başçısı həmin cavabında “Heç vaxt işğalla barışmamaq” fikrinin üzərində xüsusi olaraq dayanır. Bu da təsadüfi deyil.

Çünki bu cümlənin arxasında bütöv bir xalqın mübarizəsi və milli kimliyə bağlılıq dayanır. Daha da detallı yanaşsaq, cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycan Birinci Qarabağ müharibəsində ağır məğlubiyyət, Xocalı soyqırımı, milyonlarla qaçqın və məcburi köçkün, iqtisadi iflas və beynəlxalq təcrid içində müstəqil dövlət olaraq varlığını qorumağa çalışırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan heç zaman ərazi bütövlüyü məsələsində güzəştə getmədi və beynəlxalq aləmdə ədalətli mövqeyini qorudu.

Təbii ki, burada da Lider qətiyyəti, Lider uzaqgörənliyi və uğurlu suyasətin davamlılığı öz sözünü dedi. Söhbət Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyuan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən gedir.

Heydər Əliyev irsinin və siyasi iradənin davamı

Prezident İlham Əliyev cavabında eyni zamanda çətin 1990-cı illəri xatırladaraq qeyd edir ki, Azərbaycan o zaman tamamilə iflas vəziyyətində idi. 8 milyon əhali içində 1 milyona yaxın qaçqın və məcburi köçkün vardı. İqtisadiyyat dağılmış, inflyasiya min faizlə ölçülürdü. Məhz belə bir şəraitdə xalqın ümid yeri ümummilli lider Heydər Əliyev oldu.

Dövlət başçısı Ulu öndərin Azərbaycan dövləti üçün misilsiz xidmətlərini qeyd etməklə yanaşı bu irsin davamı olaraq öz üzərinə düşən məsuliyyəti də xüsusi vurğulayır. Onun fikrincə, məsələ şəxsi ambisiyada deyil, xalq qarşısında tarixi məsuliyyətdədir: “Əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz”.

Qalib Azərbaycan yeni reallıqları özü yaratdı

Prezident İlham Əliyev həmin cavabında Azərbaycan diplomatiyasının 30 illik dövrünü də xüsusi dəqiqliklə analiz edir. Dövlət başçısı, beynəlxalq vasitəçilərin, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin qeyri-obyektiv və tərəfli mövqelərini sərt şəkildə tənqid edir.

Bu məqamda vurğulamaq yerinə düşər ki, beynəlxalq aktorların yaratdığı problemlərə, daha doğrusu bizi bir dövlət və xalq olaraq Türkiyəli qardaşlarımız demiş “çıxmaz sokaka salmaq” siyasətinə qarşı dövlət başçısının rəhbərliyi ilə Azərbaycan nümunəsi ortaya qoyuldu. Yəni Azərbaycanın bu illər ərzində öz gücünü bərpa etməsi, iqtisadi və hərbi potensialını artırması, beynəlxalq nüfuzunu yüksəltməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin kulminasiya nöqtəsi isə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror əməliyyatları oldu.

Beləliklə, qətiyyətli, güclü, qalib Azərbaycan yeni reallıqları özü yaratdı və dünya bu reallıqlarla hesablaşmağa məcbur oldu.

Tarixi zəfərin mənəvi dayaqları

Prezident İlham Əliyev məlum cavabında qələbənin yalnız silahla deyil, əzm, vətənə sevgi və xalqla həmrəylik nəticəsində əldə edildiyini də vurğulayır. İlham Əliyev qeyd edir ki, xalqın birliyi və dəstəyi Ali Baş Komandan kimi ona böyük mənəvi güc verdi. Bu həmrəylik həm müharibə zamanı, həm də sonrakı quruculuq dövründə ölkənin əsas dayaq sütununa çevrildi. Prezident burada maraqlı bir etiraf da edir. Deyir ki, bəzən onun da ədalətə inamı az olub. Ancaq tarixi zəfər sübut etdi ki, ədalət var və ona yalnız mübarizə apararaq çatmaq mümkündür.

Bunları qeyd etməklə yanaşı, daha bir vacib məqama da toxunmaq yerinə düşər. Hesab edirik ki, Prezident İlham Əliyevin “Heç vaxt işğalla barışmayın” fikri təkcə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin simvolik şüarı deyil. Bu, həm də bəşəriyyətə ünvanlanmış çağırışdır. O baxımdan ki, ərazi işğalına qarşı aparılan mübarizənin fonunda bu ifadə, eyni zamanda siyasi, ideoloji, mədəni və mənəvi işğallara qarşı müqavimət rəmzinə çevrilə bilər.

Hərbi işğal qədər təhlükəli olan mənəvi işğal

Ətraflı izah etsək, deyə bilərik ki, Prezidentin “işğalla barışmamaq” fikri ilk baxışdan hərbi müstəvini xatırlatsa da, bu, əslində daha geniş mənəvi və strateji məna daşıyır. Çünki çağdaş dövrdə xalqlar təkcə torpaq deyil, kimlik, dil, din, mədəniyyət, düşüncə baxımından da “işğal” olunur.

Bəzi imperialist dövlətlər hərbi güclə deyil, yuxarıda vurğuladığımız kimi kütləvi informasiya vasitələri, ideoloji manipulyasiya, dəyər aşınması, qlobalizm adı altında milli kimliklərin sıradan çıxarılması yolu ilə başqa xalqları təsir altına salır.

Bu, həm də türk dünyası üçün çağırışdır

Onu da qeyd edək ki, türk dünyasının bəzi ölkələri bu gün siyasi baxımdan müstəqil olsa da, mədəni, dil, ideologiya və təhsil sahəsində dərin xarici təsirlərə məruz qalır. Bu isə milli mənlik və gələcək suverenlik üçün təhlükəli bir meyldir.

Düşünürük ki, bu baxımdan, Prezident Əliyevin fikri Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişafı üçün də bir istiqamətverici ola bilər. Türk xalqları yalnız hərbi baxımdan deyil, düşüncə və dəyər baxımından da xarici güclərdən, qlobal mərkəzlərdən azad və müstəqil olmalıdır.

Azərbaycan nümunəsi – Qlobal ədalətsizliyə qarşı sivil müqavimət modeli

Prezident İlham Əliyev məlum cavabında onu da qeyd edir ki, ədalət bəzən gec gəlir, lakin ona inanmaq və daim ona doğru irəliləmək lazımdır. Hesab edirik ki, bunu müasir dünyanın ikiüzlü beynəlxalq münasibətlər sistemi üçün ciddi tənqid və alternativ yanaşma kimi dəyərləndirmək olar. Çünki böyük güclərin diktəsi ilə formalaşan “beynəlxalq hüquq” anlayışı əksər hallarda kiçik və orta dövlətlərin, xüsusilə də milli dövlətlərin zərərinə işləyir. Lakin buna əsir düşmək yox, müqavimət göstərmək, mübarizə aparmaq lazımdır.

Elə Azərbaycan da bunu etdi və qalib gəldi. Azərbaycan öz ərazi bütövlüyünü təkbaşına bərpa etməklə sübut etdi ki, ədalətə təkcə silahla deyil, həm də güclü iradə və xalq birliyi ilə çatmaq mümkündür. Bu isə bütün haqsızlığa uğramış xalqlar üçün örnək ola bilər.

Gələcək nəsillərə mesaj

Dövlət başçısının məlum cavabında ən dərin məqamlardan biri də gələcək nəsillərlə bağlı məsuliyyət məsələsidir. Prezident İlham Əliyev vurğulayır ki, “bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik”.

Bu sadəcə söz deyil, dərin fəlsəfi məna kəsb edən çağırış və məsləhətdir. Söhbət milli yaddaşın, milli dəyərlərin və ortaq mirasın qorunaraq, gələcəyə aparılmasından gedir.

Yekun olaraq onu qeyd edə bilərik ki, Prezident İlham Əliyevin “Heç vaxt işğalla barışmayın” fikri bəşəriyyət üçün ədalət, türk dünyası üçün mənəvi oyanış, və gələcək nəsillər üçün kimlik və suverenlik dərsidir.

Nadir Azəri,
Əməkdar jurnalist,
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri

Seçilən
9
24
ikisahil.az

10Mənbələr