Sovet dönəmində orta məktəblərdə Zərdabi tədris olunmurdu. BDU-nun Tarix fakültəsinin tələbəsi olanda da Zərdabini bizə tanıtmadılar. Sovet tarix elmi bəy sözünə nifrət edirdi. O, Həsən bəyi dilinə gətirərdimi? Əsla, yox! Bizə elə gəlirdi ki, Zərdabi qəzet nəşr etdiyi üçün onu jurnalistika və filologiya fakültəsinin tələbələri öyrənməlidirlər. Qənaətimiz yanlış imiş.
İllər ötdü. Universitetin tarix fakültəsində müəllim kimi Tarixşünaslıq fənninin tədrisinə başladım. Çətinliklə də olsa, fənnin proqramında ürəyimdən keçən dəyişikliyi edə bildim. Sovet tarixşünaslığından dörd mühazirəni ixtisara salıb, əvəzində Azərbaycan tarixşünaslığına saat ayırdım. İlk mühazirə Abbasqulu ağa Bakıxanov və onun “Gülüstani-İrəm” əsərinə həsr olundu. Hiss elədim ki, tələbələr mühazirədən razı qaldılar. Ürəyimdə mərhum filosof, professor Ənvər Əhmədova dualar etdim. İki il indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onun rəhbərlik etdiyi fəlsəfə kafedrasında işləməsəydim və maarifçilik fəlsəfəsi ilə bağlı əsərlərini oxumasaydım, Bakıxanovu bu dərəcədə tanıya bilməz və tələbkar tələbələrimi razı sala bilməzdim.
Professor Ənvər Əhmədov sovet dönəmində Bakıxanovu bizə dürüst və sağlam düşüncə ilə təqdim edən ilk tədqiqatçımızdır. İdealist Bakıxanovu tədqiq edərkən çətinlikləri çox olmuşdu, amma dilinə gətirmirdi. Tədqiqatçılar “ateizm”i təbliğ edəndə, idealistləri düşmən elan edəndə Ənvər müəllim “Abbasqulu ağa Bakıxanovun dünyanı anlaması” adında doktorluq dissertasiyası yazdı və uğurla müdafiə etdi. Bütün həyatı boyu Bakıxanovun irsini tədqiq etməklə Azərbaycan maarifçiliyini bütün şübhələrdən xilas etdi.
İkinci mühazirəni Azərbaycan maarifçi-demokratların nümayəndəsi Axundzadəyə həsr etdim. Mühazirənin ən maraqlı yeri 18-ci əsr fransız maarifçiləri ilə Mirzə Fətəli düşüncəsinin müqayisəsi oldu. Tələbələrin Axundzadə ilə bağlı oxuduqları ilə arxiv sənədləri çox zaman üst-üstə düşmürdü. Amma neynəmək olardı? Heç bir insan anadan olandan ölən gününə kimi günahsız olmur ki!
Dərs ilinin birinci semestrini Azərbaycan tarixşünaslığına həsr olunan iki mühazirə ilə başa vurdum.
Dərs ilinin ikinci semestrinin başlanmasına iki ay qalırdı. Üçüncü mühazirənin kimə həsr olunması ilə bağlı tərəddüdlərim var idi. 19-cu əsrin ikinci yarısı-20-ci əsrin əvvəllərinin görkəmli tədqiqatçısı, mərhum professor Xeyrulla Məmmədovdan məsləhət istədim. Çox sərt şəkildə :”Azərbaycan tarixində və ədəbiyyatında Həsən bəydən uca zirvə yoxdur. Biz ədəbiyyatçıları məcbur ediblər ki, onun bütün fəaliyyətini “Əkinçi” qəzeti ilə məhdudlaşdıraq. Siz tarixçilər də Zərdabidən uzaq durursunuz. Əslində Həsən bəy ədəbiyyatçılardan daha çox tarixçilərin tədqiqat mövzusudur.” Əslində Xeyrulla müəllim hər şeyi dedi. Hətta dolayı yolla xeyir-duasını da verdi. Beləliklə, Həsən bəy Zərdabinin tədqiqinə başladım.
Həsən bəyi öyrəndikcə onunla fəxr edir, digər tərəfdən təəssüf edirdim ki, bu böyük dahi niyə diqqətdən kənarda qalıb. Həsən bəyi öyrəndikcə tələbələrimə aşağıdakıları çatdırırdım: Azərbaycanda milli-azadlıq hərəkatının ilk qaranquşu Həsən bəy olub.
Böyük rus tarixçisi S. Solovyov (1820-1879) Moskva İmperator (Dövlət ) Universitetinin rektoru olanda Həsən bəy də həmin ali məktəbin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinin tələbəsi idi.
Tarixdə çox az tələbəyə nəsib olur ki, rektor tələbəsindən nəyi isə öyrənsin. Solovyov Şərqlə, o cümlədən, İslamla bağlı bilmək istədiklərini Həsən bəydən soruşurdu. Üstəlik boyük rus tarixçisinin qızı da Həsən bəyə vurulmuşdu. İllər ötəcək, Həsən bəy nəcabətli Hənifə xanımla ailə quracaq, günlərin birində Hənifə xanım soruşacaq, bəy, niyə rektorun qızı ilə evlənmədin? Bəyin cavabı təqribən belə olacaq: Mən xristian qızı ilə evlənsəydim xalqım məni başa düşməzdi. Xalqıma xidmət etmək üçün Vətənimdə olmalıydım. Həsən bəy dindar idi. Sovet dönəminin materialist ideologiyası Həsən bəyi heç vaxt təbliğ etməzdi və etmədi də. Amma Zərdabidən imtina da edə bilmədi. Ona görə bu dahi şəxsiyyətin fəaliyyətini 56 sayı işıq üzü görən “Əkinçi” ilə məhdudlaşdırdı.
Həsən bəy nadir şəxsiyyətlərdəndir ki, heç bir çar məmurunun qabağında əyilmədi, kimdən nə isə ummadı. Tiflis torpaq palatasının işçisi, Bakı quberniya idarəsində və Qubada dairə məhkəməsinin katibi olanda şəxsiyyətini aşağılamamaq üçün işdən çıxmaq haqqında ərizəyə üstünlük verdi. Qubada gecə yarısı bir namərdin atdığı güllə mərdlik etdi. Güllə Həsən bəyin başından bir az yuxarı divara dəydi.
Həsən bəy Azərbaycanda milli şüurun və vətənpərvərlik ruhunun təbliğində əvəzsiz xidməti olan şəxsiyyətdir. Qoca Axundzadə rus-tatar məktəbi fikrini irəli sürəndə, gənc Həsən bəy türk-tatar məktəbini tələb edirdi.
Həsən bəy bütün ömrü boyü xalqının maariflənməsi üçün mücadilə edib.
Həsən bəy müsəlman şagirdləri üçün yardım cəmiyyəti təsis etdi. Azərbaycanın qəzalarını dolaşaraq şagirdlərin təhsil alması üçün pul topladı. Heç kimin edə bilməyəcəyini etdi-mənzilində pansionat açdı, azərbaycanlı uşaqlara bu pansionatda dərs keçir, onların dəftər-qələmini alır, hətta geyiminə də köməklik göstərirdi. Fransalı jurnalistin yazdığı kimi, gözümlə gördüyümü yazsam belə, mənə inanmazlar, çünki Həsən bəyin və həyat yoldaşının elədiklərini heç bir avropalı etmir və edə bilmir. Həsən bəy bunları özünə görə etmirdi, kimdənsə sağ ol kəlməsi eşitmək fikrindən çox uzaq idi. Həsən bəy böyük əməl sahibi idi. Onun amalı maarifçi düşüncəsinə hakim ola bilən Azərbaycan idi. O, siyasətdən uzaq idi. Onun siyasəti onun xalqı idi. Həsən bəy böyük şəxsiyyət idi. Təkcə bəy olduğuna görəmi? Xeyr, o qədər bəy var idi ki. Amma Həsən bəy əxlaqını, savadını, varını, canını xalq yolunda qoydu, təki Azərbaycan xalqı da savad sahibi ola bilsin.
19-20-ci əsrin əvvəllərində Milləti üçün etdiklərini ortaya qoyanda onunla müqayisə oluna biləcək bir başqası yoxdur.
“Əkinçi” haqqında kifayət qədər yazılıb. Sovet dönəmində həm qəzetdən, həm də müəlifdən xəsisliklə yazırdılar.
Hələ onu demirəm ki, yazılanların çoxunda təhriflərə yol verilib.