“III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın aydın mövqeyini bir daha ortaya qoydu. Dövlət başçısı qeyd etdi ki, bu dəhliz yalnız Azərbaycanın şərq rayonlarını Naxçıvanla birləşdirəcək nəqliyyat xətti deyil, həm də beynəlxalq əhəmiyyətli bir logistika marşrutuna çevriləcəkdir”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması, Şimal–Cənub nəqliyyat dəhlizinin yeni istiqamətdə fəaliyyətə başlamasına imkan yaradacaq:
“Beləliklə, Naxçıvandan Körfəz ölkələrinə dəmir yolu vasitəsilə yüklərin daşınması reallaşa biləcək. Bu marşrut əslində sovet dövründə mövcud olmuş, onun Ermənistandan keçən hissəsi isə Azərbaycanın dəmir yolu strukturuna daxil edilmişdi.
Yeni dəhliz vasitəsilə ildə 15 milyon tona qədər yük daşınması proqnozlaşdırılır. Bu, Çindən başlayaraq Qırğızıstan, Özbəkistan və Türkmənistan üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Zəngəzur dəhlizi ilə Avropaya uzanan yeni beynəlxalq tranzit marşrutunun əsasını təşkil edəcək”.
A.Badamov onu da qeyd edib ki, Azərbaycan gələn ilin yazına qədər İran və Ermənistan sərhədinin qovuşduğu nöqtəyə qədər dəmir yolunun tikintisini başa çatdırmağı planlaşdırır:
“Lakin Ermənistan öz ərazisində heç bir iş aparmır və bu da Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımların hələ ki, orada atılmadığını göstərir. Ermənistan bu reallığa qarşı çıxmaqda davam edərsə, siyasi və iqtisadi təcrid vəziyyətində qalmaq riski ilə üz-üzədir”.
//Gülnarə Abasova, Editor.az